Bir müddət əvvəl "İctimai Palata"nın koordinasiya şurası qurumun vahid namizədini müəyyənləşdirmək məqsədilə memorondum keçirmişdi. Nəticəsi hamıya məlumdur. Yəni bu memorandum ictimaiyyətin diqqətinə çatdırıldıqdan sonra "İctimai Palata"da bir vur çatlasın başladı ki, onun dadı hələ də koordinasiya şurası üzvlərinin damağından getmir. Söhbət İsa Qəmbərlə Əli Kərimlinin vahid namizəd iddiaları ilə bağlı verdikləri rəsmi bəyanatlardan gedir. İkisi də "tır" deyib sözlərinin üstündə durduqlarından, bundan sonra onların "İctimai Palata"da dinc yanaşı birgə işləyəcəklərindən söz gedə bilməzdi. Hazırda AXCP tərəf nə qədər səbr və səbat göstərsə də, AXCP-Müsavatla barışman müzakirə mövzusu deyil. Yəni İ.Qəmbər isə müxalifətin vahid namizədi olacağına qəti əmindir.
Həm İ.Qəmbər, həm də Ə.Kərimli "İctimai Palata"da elan edilmiş yeganə namizəd kimi qalmaq istəyirlər. Koordinasiya şurasının üzvləri də, qurbağa gölünə daş atıbmış kimi, yerlərində donub qalaraq, lal sükuta dalıblar. Ancaq AXCP-də ümid edirlər ki, Müsavatla münasibətləri normallaşdırmaq mümkün olacaq. Ancaq Müsavatda başqa vur-çatlasındır. Xatırladırıq ki, sentyabrın 9-da Müsavat qərargahında ümumrespublika müşavirəsi keçirilmişdir. Ağızdan çıxan hər bir sözün dövriyyəyə buraxıldığı müxalifət mühitini nəzərə alan Müsavat başbilənləri müşavirəni qapalı şəraitdə keçirməyi lazım biliblər. Müşavirədə iştirak edənlərin bəzilərinin sızdırdıqları məlumata görə, başlıca mövzu partiyadakı yığıncaqda nəyisə müzakirə etməlidirlər. Daha kimisə asıb-kəsməyəcəklər ki!
Müşavirə haqda ən geniş məlumat Müsavatın mərkəzi icra aparatının rəhbəri Arif Hacılının "Yeni Müsavat" qəzetinə verdiyi müsahibəsində öz əksini tapmışdır. O, ən güclü seçki kampaniyası keçirib, ən güclü müxalifət namizədini üzə çıxarmağı təklif edir. A.Hacılının fikrincə, ən güclü seçki kampaniyasının keçirilməyəcəyi təqdirdə, ən güclü vahid namizədi də üzə çıxarmaq mümkün olmayacaqdır. Göründüyü kimi, Müsavat başbilənləri qurumun bütün təşkilatlarının fəaliyyətini gücləndirməli və tezliklə ən güclü mitinqləri, ən güclü piketləri, ən güclü küçə yürüşlərini təşkil etməlidirlər ki, müxalifətin ən güclü namizədi haqda rəy yaradılsın.
A.Hacılı müxalif qurumların bir araya gələrək, nəyi bacarırlarsa etmələrini məsləhət görür. Yəni deyir ki, mitinq keçirməyi bacarırsansa, piket keçir, küçə yürüşü keçirməyi bacarırsansa, küçə yürüşü keçir. A.Hacılı inqilab etməyi bacaranları tərəddüd etmədən inqilabi çevirmiş etməyə çağırıb. İndi partiyanın rayon və şəhər şöbələrində güclü təşviqat işləri aparılır. Əgər bu işlərdə ciddi səhvlərə yol verilməsə, o vaxt Müsavat inqilabi dəyişiklik aparmağa nail olacaq. Hər halda, A.Hacılı belə hesab edir.
A.Hacılı yalan-gerçək 2013-cü il ərəfəsində, daha dəqiq desək, 2012-ci ilin payızında ölkədə siyasi vəziyyətin müxalif qüvvələrin xeyirinə dəyişəcəyini bildirir. Görünür, müşavirədə Müsavatda güc amilinin konkert tərzdə qoyulmasından güc alıb. Qoy A.Hacılı inqilab etməyində olsun. Biz isə qəti əminik ki, Müsavat yetkililəri partiyadaxili vəziyyətində müsbətə doğru heç bir dəyişiklik etməyə nail olmayacaq. Çünki "İctimai Palata"nı çatladan nüanslar Müsavatda çoxdan çat yaratmışdır. Müsavat başqanı da postunu qorumaq iqtidarında olmadığı üçün "İctimai Palata"da vahid namizəd olmaq məqsədilə quruma təşrif buyurmuşdu. A.Hacılı isə İ.Qəmbərin bu addımını təqdir edib, onu bütün müxalifətin vahid namizədliyinə layiq lider kimi vəsf etmişdi. Deyir hər bir mədhiyyənin arxasında şəxsi məqsəd durur. A.Hacılı İ.Qəmbəri "İctimai Palata"nın namizədi görüb, istəyir ki, özü Müsavat başqanı olsun. Necə deyərlər, karın könlündəki... İnqilab-minqilab haqqındakı mülahizələr isə bu "başqanlıq eşqindən" doğan puç xülyalardan başqı bir şey deyil.
VALEH MƏHƏRRƏMLİ