PDF Oxu

Köşə

  • 1 296

Birincilik yarışı və Qərb "qaqqası"

Birincilik yarışı və Qərb "qaqqası"

Arif Hacılı böyük fars hissi ilə İsa Qəmbərdən daha layiqli vahid namizəd yoxdur deyəndə, məqsədi-məramı var idi. Onun bu ifadəni səsləndirməsi quru sözçülük naminə deyilməyib. Deyəsən, qara qızın dərdi varmış. Məlum olduğu kimi, dərd də gələndə, batmannan gəlir. Batmandan əksik dərd heç dərd sayılmaz ki! Batmannan gələn dərdin də batman ağırlığında problemi olur.

A.Hacılının Müsavat başqanını müxalifətin ən layiqli vahid namizədi kimi təqdim etməsinin arxasında başqanlıq kürsüsünü gözaltı etməsi durur. Onun fikrincə, İ.Qəmbər bu titulu qazandıqdan sonra başqan postundan gözünü çəkəcək. O da fürsətdən istifadə edib, öz təşviqat kampaniyasını aparmaq işinə girişəcək. Artıq qatar hərəkətə gəlib. Yəni Müsavatda söz-söhbət gəzir ki, tezliklə partiyanın qurultayı keçiriləcək və İ.Qəmbər sədr postuna öz namizədliyini irəli sürməyəcək. Əlbəttə, əgər adamı növbəti prezident seçkilərində bütün müxalifətin vahid namizədi kimi təqdim edirlərsə, beləsi neyləyir partiya sədrliyini?

Müsavatın sədr müavini Gülağa Aslanlı bu fikrin doğruluğunu təsdiq edir. Ancaq İ.Qəmbər bu yöndə heç bir açıqlama verməyib. Bu da G.Aslanlının düz, ya yalan dediyini müəyyənləşdirməyə imkan vermir. G.Aslanlı isə doğru dediyinə əminliyini ifadə edir. Bundan başqa, o, daha dərinə gedərək, Müsavata kənardan sədr gətirilməsinə yol verilməyəcəyini deyir. G.Aslanlı sədr postuna məhz kimin namizədliyinin irəli sürüləcəyini qəti deməsə də, namizədin partiya daxilində irəli sürüləcəyini bildirir.

Dərd dərd üstə gəlməsə, bir dərdə nə var. Bu atalar məsəli böyük hikmət və məna tutumuna malikdir. Doğrudan da, hər bir kəs bir xəstəliyi asanlıqla dəf edib, öz əhval-ruhiyyəsini nikbin notlar üzərində kökləyə bilər. Ancaq xəstəliyin biri sağalmamış, digərlərinin cücərtiləri üzə çıxsa və bu sonsuz sayda davam etsə, adam bədbinləşər və heç vaxt sağalacağına ümid etməz. Müsavatda da biri vahid namizəd, o biri başqan, üçüncüsü sədr müavini və digər vəzifə mərəzinə yoluxaraq, dərd üstünə dərd gətirir.

G.Aslanlının da belələrindən birinin olduğunu deyirlər. Deyilənə görə, o öz əsaslandırmalarını davam etdirməkdə, Müsavat icra aparatının rəhbəri A.Hacılının başqanlıq postuna namizədliyinə tərəfdar qismində çıxış edir. Belə sözsöhbət gəlir ki, A.Hacılı Müsavat sədri seçildikdən sonra G.Aslanlı üçün də gün ağlayacaq. Belə bir ehtimal var ki, A.Hacılı onu özünün birinci müavini, bu da mümkün olmasa, ən azı icra aparatının rəhbəri vəzifəsinə gətirəcək. Göründüyü kimi, Müsavatda dərd üstünə dərd gəlməsi zəncirvari silsilə ilə özünün kulminasiya nöqtəsinə yüksəlməkdədir. Onun İsası da, Arifi də, Gülağası da bu zəncirin həlqələrindən birini təmsil etməkdədir.

Bəzi Müsavat ekspertləri G.Aslanlının A.Hacılı qruplaşmasını sadiq sıravi üzvü olduğunu iddia edirlər. Bu partiyada qruplaşmalar çoxdur və onların hər biri o birindən zəifliliyinə və güclülüyünə görə fərqlənirlər. Ekspertlər Müsavatda Vurğun Əyyubov, Arzu Səmədbəyli, Nüşabə Sadıxova və digərlərinin qruplaşmalarının olduğunu bildirirlər.

Qoy qruplaşma Müsavatın iliyinə işləsin, görək İ.Qəmbərin vahid namizədliyi hansı nəticələri verə bilər? Yaxşı, tutaq ki, İ.Qəmbər bütün müxalifətin vahid namizədidir. Bəs onun namizədliyini hansı qurum irəli sürəcək? Müsavat ekspertləri belə hesab edirlər ki, bunu "İctimai Palata" gerçəkləşdirə bilər. Bu qurumun isə reanimasiyadan salamat çıxacağı ehtimalı yoxdur. Bunu Sərdar Cəlaloğlu da təsdiq edir. ADP sədrinin dediyinə görə, "İctimai Palata" gözləyir ki, Qərb gəlib onlara "qaqqa" versin. Hə, bax, burada xoruzun quyruğu görünür. Məlum olur ki, İ.Qəmbər və onun kimilərini vahid namizəd postu ona görə cəlb edir ki, Qərbin "qaqqası" damaqlarından əksik olmasın. Kor-kor, gör-gör, köhnə hamam, köhnə tas. Müxalifət 20 il əvvəl necə idisə, indi də o cür qalmaqdadır.

Valeh MƏHƏRRƏMLİ

Digər xəbərlər