Son vaxtlar müxalifətin fəal surətdə gördüyü işlər içərisində xüsusi nəzərəçarpanı Yeni Azərbaycan Partiyasının qərargahında Avropa Parlamentinin 13 sentyabrda Ramil Səfərovun ekstradisiya edildikdən sonra azadlığa buraxılmasına etirazı ilə bağlı qəbul etdiyi qətnamə ətrafında müzakirələrə qoşulması olmuşdur. Bu cür addımı təqdirəlayiq hal kimi qiymətləndirmək olar. Yoxsa bəziləri başlamışdılar ki, gərək Ramil hansısa hüquqi prosedurlardan keçdikdən sonra azadlığa buraxılaydı. Elə müxalifətçilər də vardı Ramilin həbsxanada saxlanmasından dəm vururdu. Bu məsələyə digər xoş olmayan məna çalarları verənlər də tapılırdı.
Müxalifətdə hərə bir söz desə də, Azərbaycan üçün taleyüklü məsələdə iqtidar partiyası ilə bir araya gələnlər də tapılır. Ancaq xarici bossların ətəklərindən əl götürməyəcəyini bildirənlər də var. Belələri zır müxalifətçilərdir və onlarda müsbət fikir formalaşdırmaq qeyri-mümkündür. Nə olar, qoy müxalifətin bir qismi həmişəki kimi gah nala, gah da mıxa vurmaqda davam etsin. Görək əllərinə keçən nə olacaq?! Bu qəbil müxalifət funksionerləri xüsusi eyhamla Qərb bosslarından pul əldə edəcəklərinə işarə vururlar. Dövlətçilik ənənələrini ayaqları altına atıb, xalqa arxadan zərbə endirənlər yad pulu ilə çox da uzağa gedə biləcəklərini heç cür anlaya bilmirlər. Məgər pul və sərvət milli mənəviyyatın tapdalanmasına zəmin yarada bilərmi?
Bu qəbil müxalifətçilər millilik hissindən də, mənəvi təmizlikdən də məhrumdurlar. Bunlar üçün alın təri ilə qazanc əldə etməkdənsə, çirkaba batmış pullardan faydalanmaq, onları sağa-sola xərcləmək daha çox zövq gətirir. Bəlkə onlar, həqiqətən də, zəhmət çəkmədən nemət qazanmaqdan zövq alırlar. Ancaq bu cür qazancda halallıq olmur. Təəssüf ki, bu cür qazanc atalarımızın "çəkməzsən zəhmət, görməzsən nemət" məsələnin əksinə yönəldilmişdir. Bu gün Qərbin özünə sərf edən "işgüzar müxalifət dairələri"nə zəhmətsiz qazancın bəhrələrini yedirməsi öz xalqından üz döndərənlərin irin-qan formasında hər iki burnundan geri tökülə bilər. Yad nemətini nuş etmə ki, özünü öz elinin xaraba bayquşu edəsən.
İndi qayıdaq görək müxalifətin daxili durumu necədir? O, nəyi verib, xarici qrant əldə etmək istəyir? Onların ən iri qurumları hesab etdikləri "İctimai Palata"da ağır və üzücü sükut hökm sürməkdədir. Qurumda var-gəl edən bir neçə koordinasiya şurası üzvü gündə bir yararsız təklifi müzakirə edib, beş lüzumsuz bəyanat verir. Ya da əksinə hərəkət edərək, beş lüzumsuz təklifi müzakirə edib, bir yararsız bəyanat verir. Bu cür hərəkətlə bol qrant qazanmağın özünün də real perspektivi yoxdur. Ancaq müxalifət yetkililəri içərisində də zibil eşələməklə Qərbin maraqlı dairələrinin diqqətini cəlb edəcəklərinə inananlar az deyil.
Müsavatın icra aparatının rəhbəri Arif Hacılı qızıl qiymətli vaxtını İsa Qəmbərin başına müxalifətin vahid namizədi tacını qoymaqla özünü partiya sədri postuna dürtməyə keçirməklə keçirir. O, başqan postuna yaxın vaxtlarda keçiriləcəyi nəzərdə tutulan Müsavatın qurultayında yiyələnmək istəyir. Bundan sonra Qərb bosslarının nəzərlərini cəlb etmək üçün nə edəcəyini də yaxşı bildiyini deyir. O, şkalanın sıfır nöqtəsindən yox, ən yüksək nöqtəsindən aşağıya doğru enməyə yox, hay-küylə enməyə üstünlük verir. Yəni "mıs-mıs deyincə, Mustafasını" deməli olsaq, A.Hacılı inqilaba çağırış etməyə hazırlaşır. Görəsən, onun bu çağırışı Qərb dairələrində partlayışa səbəb olacaqmı? Yəni A.Hacılı "part" deməklə, hansısa partlayış effekti alınacaqmı? Digərləri konkret mövqe sərgiləməsələr də, A.Hacılı fikirlərinin maraq doğuracağına inandığını bildirir. Bunun üçün real şərait varmı? Varsa bu, nə vaxt gerçəkləşdirilə bilər?
A.Hacılı qəti əmindir. Onun fikrincə, 2013-cü il müxalif qüvvələr üçün münasib şərait yaranacaq. O, nəyə əsaslanıb bu nəticəyə gəlir? Özü bunu "sekret firmı" kəlmələri ilə ifadə edir. Ancaq Müsavatdan olan mənbəmizin sızdırdığı məlumata görə, qurultayda başqan seçilən A.Hacılı ağzından partlayış doğuracaq səs ixrac edəcəyinə inanır. Başqan seçilməsə, heç nə etməyəcək.
Valeh MƏHƏRRƏMLİ