AXCP-nin əvvəl bir, sonra ikinci parçalanma ilə üzləşməsini, daha sonra isə bir çox cəbhəçilərin mərkəzdən ayrılmalarını müşahidə etmişik. Əslində, "cəbhə" dünən də çox tərkib hissəsinə ayrılıb, bu gün də parçalanır və gələcəkdə də parçalanmaqda davam edəcəkdir. Maksim Qorkinin "Sürünmək üçün yarananlar uça bilməzlər" kəlamını bir qədər dəyişdirərək parçalanan AXCP liderləri üzərinə də tətbiq edə bilərik: "Parçalamaq üçün yarananlar birləşə bilməzlər".
AXCP-nin ilk dəfə necə parçalandığını xatırlayaq. İlk öncə, xatırlatmaq istərdik ki, Əli Kərimlinin də yaradılacağından biri olan "Yurd" qruplaşması "cəbhə" içərisində mövqeyini möhkəmləndirdikdən sonra, onunla olmayanların cikinə-bikinə bələd olmağı qarşısına məqsəd qoymuşdu. Sədrin vəfatından sonra, Ə.Kərimli "cəbhə" içərisndə mövqeyinə müxalif olanların mövcudluğunu müşahidə etdi. Bu adamlar Ə.Kərimlinin AXCP sədri olmasına etiraz edirdilər. Ə.Kərimli isə uzun müddət sədr müavini olmasını əsas gətirib, duruş gətirməyə nail oldu. Bundan sonra "cəbhə" daxilində "islahatçılar" və "klassiklər" qruplaşmalarının olduğu üzə çıxdı. Qruplaşmaların dinc yanaşı yaşamaları uzun sürmədi. Xatırlatmaq istəyirik ki, elə adamlar var ki, həyatını dəyişməyi fikrini dəyişməkdən üstün sayır.
Elə ki, vaxt tamama yetişdi, başda Mirmahmud Mirəli olmaqla daha üç nəfər Əli Kərimov "islahatçılığ"ına qarşı üsyan qaldırdı. Sədrin bütün ciddi-cəhdinə baxmayaraq, üsyançılar "cəbhə"ni parçalayıb getdilər. "Klassiklər" AXCP-si belə yarandı. Mühafizəkarlığa üstünlük verən AXCP (k) sonralar "KXCP" kimi formalaşdı. Nəhayət, AXCP-də sinəsini irəli verib tərəflər arasında barışıq yaratmaq istəyən Qüdrət Həsənquliyev Ə.Kərimlinin ciddi müqaviməti ilə üzləşdi. Nəticədə, AXCP (b), yəni "birləşmiş" AXCP yarandı. Bir müddət sonra partiya BAXCP adını daşıdı. Daha sonra Ülvi Həkimov, Fazil Mustafa, Asim Mollazadə, Qulamhüseyn Əliyev və bir çox başqaları "cəbhə"dən ayrılıb, öz partiyalarını yaratdılar və müstəqil surətdə fəaliyyət göstərməyə başladılar. Müstəqillik şirin şeydir, qardaşım!
Üç "cəbhə"nin bir-birisi ilə yenidən birləşməsi mümkün olmadı. Birləşmə bu gün də mümkün deyil, yarın da, liderlər isə barışmazların ön sıralarında. Bəzən qan düşmənləri də, gələcək qırğınların qarşısını almaq üçün, barışıq yolu tuturlar. Ancaq AXCP və "KXCP"-nin birləşməsi nəinki qeyri-mümkündür, hətta onun sağlam təfəkkürə də sığışdırılması absurd və gülüncdür. Bu barışığı qələmə almağın və ya kompüter yaddaşına köçürməyin özü də asan məsələ deyil. Bu yerdə Qoqolun "İvan İvanoviçlə İvan Nikiforoviçin dalaşması" hekayəsindən bir epizodu xatırlatmaq yerinə düşərdi. Uzun dava-dalaşdan və məhkəmə çəkişmələrindən sonra hekayə qəhrəmanlarını barışdırmaq üçün, özlərinin də xəbəri olmadan, bir ziyafət süfrəsi arxasında üzbəüz əyləşdirirlər. İvan İvanoviç gözlərini qaldırıb qarşısında kəskin nifrət bəslədiyi düşmənini görür. Bu yerdə istedadlı yazıçı keçirdiyi hiss və həyəcanlarını belə təsvir edir: "Yaza bilmirəm. Mənə ucu daha yaxşı çərtilmiş karandaş verin". Əgər İsa Qəmbərlə Mirmahmud Mirəlioğlu bir barış süfrəsi arxasında əyləşib, qəflətən bir-birini görsəydilər, onların baxışlarından yağan heyrət və təəccübü təsvir etmək üçün "Bizə düyməcikləri daha rəvan və rahat basılan kompüter verin" deyərdik.
Bir də təkrar edirik ki, AXCP və "KXCP"-nin birləşməsi həm praktik, həm nəzəri, həm də məntiqi cəhətdən mümkün deyil. Fikrət Cəfərova qoşulub "KXCP"-nin AXCP-yə birləşməsinin mümkünlüyünü iddia edən Qaya Əliyevin də istəyi daşa-qayaya dirənib. Yəni onun niyyəti baş tutmayıb. Ə.Kərimli və M.Mirəlioğlunun bir-birinə nifrəti, kini və düşmənçiliyi o qədər dərindir ki, hətta onları maddiləşdirib qanla da yumaq olmazdı. Bir vaxt AXCP-də yaranmış bir ifadə ilə desək, "onların dostluğu o həddə möhkəm deyil ki, birləşələr və ya düşmənçilikləri o qədər yumşaq deyil ki, dil tapalar".
Ancaq burada bir iş, iki əməl var və hamısı da Ə.Kərimlinin məkrli planının müddəalarından irəli gəlir. AXCP sədri Ə.Kərimli M.Mirəlioğlunun onunla birləşməyə razılıq verməyəcəyini çox yaxşı bilir. O, sadəcə olaraq, keçmiş mühafizəçisi Fikrət Cəfərovun əli, Qaya Əliyevin əməli ilə "KXCP"-ni parçalamaq istəyir. Q.Əliyev də bu niyyətini gerçəkləşdirmək üçün həmkarları Rafiq Abdulla, Ədalət Yusibov və Rüfət Sahiboğlu ilə çükküldəşməkdədir. Bir nəticə əldə edilən kimi müxalif KİV-lər gur-gur guruldayacaq.
Valeh MƏHƏRRƏMLİ