Bu gün nəzərə çarpan iri qurumların hamısını parçalayıb yarım iri və xırda tərkib hissələrinə ayırırlar. Bu yerdə yadıma rəhmətlik Molla Nəsrəddinin bir lətifəsi düşdü. Bir nəfər Molladan soruşdu ki, a molla, təzə ay çıxanda köhnəni neyləyirlər? Molla fikirləşmədən cavab verdi ki, neyləyəsidilər, ay bisavad, əlbəttə, doğrayıb ulduz-mulduz düzəldirlər. Bir vaxt AXCP-nin, indi isə "İctimai Palata"nın, eləcə də, AXCP tərəfindən "KXCP"-nin parçalanıb dağılması mollanın köhnə aydan ulduz-mulduz düzəldilməsi məsəlinə bənzəyir.
"İctimai Palata", Əli Kərimli-İsa Qəmbər qarşılıqlı bəyanatından sonra, qaldı koordinasiya şurası üzvlərinin əlində. Bu günlərdə şuranın yığıncağı keçirilirdi. Şura üzvlərindən biri bir söz dedi, ikincisi başqa təklif irəli sürdü, üçüncüsü isə tamamilə başqa bir bayatı oxumağa başladı. Nəticədə, ağız deyəni qulaq eşitmədi və bundan sonra bir vur çatlasın başladı ki, gəl görəsən. Bu həngamədən bezikən Pənah Hüseyn yığıncağı yarımçıq qoyub getdi. O gedən-bu gedən, onu heç bir qurumda görən olmadı, Əlbəttə, P.Hüseyn heç də siyasi fəaliyyətini dondurub-eləməyib. Sadəcə, qurumların kiçilmələri ilə onun da vücudunun kiçilib-balacalaşdığı bildirilir. Bəlkə də, bundan sonra P.Hüseynin napak vücuduna mikroskop altında baxmaq lazım gələcəkdir.
Əldə etdiyimiz məlumata görə, bu hal P.Hüseyni əsla narahat etmir. Səbəb də budur ki, o, rəqiblərinin də balacalaşacağından təsəlli alacağını bildirir. O, güman edir ki, "İP"-də qarşıdurmaya gedən Ə.Kərimli və İ.Qəmbərin də balacalşması onun kiçilməsini kölgə altına alacaq. Bütün böyüklər eyni cür böyükdürlər, balacalar isə müxtəlif yollarla balacalaşaraq, cılızlaşma yolu tuturlar. Kiçilə-kiçilə böyüyənləri, ürəyi bulanıb öyüyənləri, odlara yanaraq alışan gördüm, yadlarla bir yerdə çalışan gördüm. Hər bir boss onlara sən sus deyirdi, xalq-millət nifrətlə casus deyirdi. Olsa da hər biri yabanı yarpız, sankı qoltuqları altında qarpız getdikcə qabarıb şişir-şişirdi, təpədən-dırnağa hər biri kirdi. Yayıldı aləmə bu çirkab aşkar, cəmiyyət bunları eylədi inkar. İştaha bunların saf dişindədir, onlar bu vurhavurda öz işindədir.
"İP"-dən ayrılan İ.Qəmbər müxalifətin vahid namizədi iddiasını gerçəkləşdirmək üçün plan hazırlayır. Arif Hacılı -Gülağa Aslanlı qruplaşması isə tezliklə Müsavatın qurultayını keçirib, tezliklə İ.Qəmbəri başqanlıq postundan uzaqlaşdrımaq mücadiləsinə girişiblər. Digər qruplaşmaların da öz məqsəd və məramları var. Müsavatda mövqe müxtəlifliyi kəskin xarakter almaqdadır. Mövqelərdən əlavə rəy və təkliflərdən də nimdaş naftalin qoxusu gəlməkdədir. Adamların cılızlaşması, rəy və təkliflərin dayazlığı Müsavatın da cılızlaşdığını və onun ay-ulduz qismində doğranmağa layiq olduğunu sübut edir. İndi müxalifət daxilində parçalanmamağa meyilli bir blok və partiya qalmayıb.
Ə.Kərimli də İ.Qəmbərdən geri qalmaq niyyətindən uzaqdır. Hər ikisini öz partiyaları daxilində yeganə problemləri sədr kürsüsündən uzaqlaşdırmalarıdır. Ə.Kərimli əvvəl Müsavatı parçalamağa cəhd etdi. Bu zaman hətta Müsavatın rayon təşkilatlarının bir neçəsində təxribat yaratmağa nail oldu. Elə ki, İ.Qəmbərlə yolları ayrıldı, o, dərhal AXCP sıralarını "KXCP"-çilərin hesabına artırmaq planı işləyib-hazırladı. O, cangüdən Fikrət Cəfərovu təlimatlandırıb, "KXCP"-nin sədr müavini Qaya Əliyevin üstünə saldı. Qaya gözünə döndüyüm də, parçalanmanın bütün müxalifətin sardığını görüb, girişdi "KXCP"-nin kərpiclərini sökməyə. AXCP ekspertləri onun müəyyən nailiyyətlər əldə etdiyini deyirlər. "KXCP"-də isə Qayanın yerində oturulduğu və həmkarlarının nəzarətə götürüldüyünü bildirirlər. Hərə bir fikir yürüdür, bir mülahizə irəli sürür. Hansının doğru, hansının yalan dediyini iddia etmək çətindir. Yeganə məlum olan şey cılızlaşmanın vüsət götürməkdə olmasının reallığıdır.
VALEH MƏHƏRRƏMLİ