"İctimai Palata"nın müxalif qurum kimi yararsızlığı bir çox müxalifət liderlərini qane etmir. Bunu "ürəklərincə deyil" kimi də ifadə etmək olar. Səbəb də odur ki, onlarla müxalifət liderləri iki nəfərin "İP"-in məhəccərində dayanıb digərlərinə üstdən aşağı baxmasını sinirə bilmirlər, yəni həzm edə bilmirlər. Bəlkə elə bu çoxsaylı liderlərin gözlərinin dəyməsi səbəbindən İsa Qəmbərlə Əli Kərimlinin "İP"-dəki yolları ayrıldı. Ancaq İ.Qəmbər Müsavatın siyasətini "İctimai Palata" üzərində qurduğunu bəyan edib. Bununla da, o, digər partiyalarla münasibətlərini yalnız "İP" vasitəsilə tənzimləyəcəyini bildirir. Deyir ki, müxalifətin boy sırası ilə böyür-böyürə durduğu cərgə nə qədər uzun olsa, gəlib "İctimai Palata"dan keçməlidir. İ.Qəmbər bu hikmətli deyimini atalarımızın "örkən nə qədər uzun olsa, gəlib doğanaqdan keçər" məsəlindən götürüb və bununla da "hikmət xiridarı" olduğunu sübut etməyə çalışır. Bəs buna nail ola bilirmi?
Suala münasibət cavab verənin baxış bucağından asılıdır. Məsələn, İ.Qəmbərin çılğın ardıcılları başqanlarının yalnız hikmət yox, həm də siyasət xiridarı olduğunu iddia edir və bu fikirlərini tez-tez təkrarlayırlar ki, dedikləri yadlarından çıxmasın. Ancaq Müsavata əks mövqedən yanaşanlar İ.Qəmbəri nə hikmət, nə də siyasət xiridarı hesab etmir, əksinə, onu ətalət, riyazət, rəzalət, fəlakət, xəyanət, cinayət törədicisi və ya naşı sayırlar. "Sayanlar"dan biri də Rəsul Quliyevdir. Bu adam o qədər saydı ki, axırda sayıqlama yolu tutdu. Bununla belə, onun "ACP"-si Əli Kərimliyə söykənib, İ.Qəmbəri yıxmaq yolu tutub. Ancaq əvəzində nədənsə KXCP-ni yıxmağa daha çox yaxınlaşıb.
Hələlik, KXCP məsələsini bir tərəfə qoyub, ADP sədri Sərdar Cəlaloğlunun "8-lər"i üzərində dayanaq. Səkkiz müxalifət liderini iftar süfrəsi ətrafına toplamağa nail olan S.Cəlaloğlu son nəticə yaratdığı "8-lər"in iflası ilə üzləşdi. Yeni müxalifət qurumunu ən çox pisləyən də məhz İ.Qəmbər olmuşdu. Bu adam səkkiz liderdən biri olmaq fikri ilə heç cür razılaşa bilmədi. İ.Qəmbər öz fikrində qalmaqda olsun, görək, Ə.Kərimli nəyə nail oldu?
Müxalifət ekspertləri Ə.Kərimlinin bir barmağının işarəsi ilə KXCP-nin çalxalandığını bildirirlər. Onların dediklərinə görə, "Yurd" şefinin cangüdəni Fikrət Cəfərov KXCP-nin sədr müavini Qaya Əliyevin barıtına fitil qoymaqla, Mirmahmud Mirəlioğlunun sədr kürsüsündən getməsi üçün partiya daxilində "Demokratik Birlik" adlı fraksiya yaradıb. Hazırda "DB" fraksiyasının çoxluq təşkil etməkdə olduğunu təsdiqləyən müxalifət ekspertləri tezliklə KXCP-nin Ə.Kərimli AXCP-sinə qoşulacağını bildirirlər. Hadisələrin gedişinin bu yöndə inkişafı Ə.Kərimlinin uğurlarının daha çox olduğunu sübut etmirmi? Bunu kimin belə hesab etməsindən asılı olmayaraq, İ.Qəmbər özünün daha perspektivli siyasətçi olduğunu düşünür. Əlbəttə, düşünmək heç kəsə qadağan edilmir. İ.Qəmbər də. Ə.Kərimli də, S.Cəlaloğlu da, elə o birilər də düşünə bilərlər. Ancaq öz arşınları ilə yox, ümumi ölçü meyarı ilə düşünsələr yaxşıdır. Bu, onların hər birinə, eləcə də, ümumi müxalifət standartlarına uyğun gəlirdi. Vay o gündən ki, bu standartlar ikiləşib haçalansın...
VALEH MƏHƏRRƏMLİ