PDF Oxu

Köşə

  • 1 056

AMAN DƏLLALLAR ƏLİNDƏN!

AMAN DƏLLALLAR ƏLİNDƏN!

Dünən paytaxt Bakının bir neçə saatlıq işıqsız qalması şəxsən məndə bir neçə sual doğurdu. İlk öncə belə sual yarandı ki, bu gün- sabah xalqımız erməni tapdağı altında qalan əzəli torpaqlarımızı azad etməyə qalxarsa, bundan sui-istifadə edənlər kimlər ola bilər? Cavab dərhal belə alındı - DƏLLALLAR!

Bəs kimlərdir həmin dəllallar? Bunun üçün elə də uzağa, tarixi araşdırmalara getmək lazım deyil. Hələ ikinci dünya müharibəsi dövrünü əks etdirən "Bizim Cəbiş müəllim" filmini xatırlasaq, müharibə zamanı xalqın canına daraşan həmin dəllalları bir daha görmüş olarıq. Məsələn, namuslu, vicdanlı orta məktəb müəlliminə qeyri-qanuni yollarla sabun bişirtdirərək satdırmaq istəyən Əbülfəz, bazarda bir-birinə sarılmış kağız rullonlarını pencək əvəzinə camaata sırıyan əbülfəkimilər və s. Əslində, sovet hakimiyyətinin sərt qanunlarına görə, belə dəllallara aman verilmirdi. Ən yaxşı halda, onlar Sibir tayqalarına sürgün olunaraq, 10 il, 20 il həbs düşərgələrində cəzalarını çəkirdilər. Fəqət...

Fəqət, təəsüflə demək istərdim ki, bu gün də Əbülfəz kimi dəllallar özlərini bir çox sahələrdə "sınayırlar". Xalqın, millətin canına daraşaraq, zəli kimi qanlarını sovurmağa cəhd göstərirlər. Düzdür, belələri qanun qarşısında cavab verirlər. Amma təəssüf ki, bundan ibrət dərsi götürənlər də olmur. Nə isə, uzatmayaraq, keçim köşəmin mahiyyətinə.

UTANMADAN HƏYASIZLIQLARINI İCRA EDƏNLƏR

Mingəçevirdəki təbii fəlakətdən doğan qəza respublikanın bir çox şəhər və rayonlarında elektrik enerjisinin kəsilməsi ilə nəticələndi. Və əlbəttə ki, belə hadisəninin baş verməsini kimsə istəməzdi. Hadisədir, hər şey ola bilər. Ancaq nədənsə, həmin hadisədən şəxsi mənfəətlərini güdən dəllallar öz həyasızlıqlarını, bəli, düzgün oxudunuz, məhz həyasızlıqlarını utanmadan icra etdilər.

İlk öncə, günü başlamağımdan, yəni səhər tezdən işə necə getməyimdən danışım. Təbii ki, səhər tezdən evdən məlumatsız çıxmışdım və avtobus dayanacağında kütləvi şəkildə insanların dayandığını gördüm. Həmin anda başa düşdüm ki, burada nə isə bir iş var. Avtobuslar dayanacaqlarda dayanmayaraq, sürətlə şığıyıb keçirdilər. Dolu-dolu, avtobus şoferlərinin jarqonları ilə desək, "preslənmiş" şəkildə. Və belə qərara gəldim ki, yaxşısı budur, bir taksi saxlayım, rahatca gedim öz işimə-gücümə.

15 MANATLIQ "VİCDAN MAHNILARI"

Beləliklə, taksi saxladım. Nobel prospektindən düz yolla hərəkət edən taksilər Sahil bağına qədər ola yolu adətən, 4-5 manata aparırlar. Amma bu dəfə üzümə elə bir "mahnı" oxundu ki, deməyə söz tapa bilmədim, özümdən asılı olmayaraq, taksinin qapısını çırpdım yerinə. 15 MANAT, VƏSSƏLAM! Digər taksini saxladım, 15 MANATDAN AŞAĞI YERİ YOXDUR, QƏDEŞ! Yenə saxladım, 15 MANAT! Sanki hamısı bir ağızdan razılığa gəlmişdilər ki, hansı məsafədən hansı məsafəyə qədər camaata hansı avazda "mahnı" oxusunlar.

Nəticədə, siz yemədiniz, ay dəllallar deyib, sona qədər gözlədim və basa-baslı avtobusa minməyə imkan tapdım. Birtəhər özümü çatdırdım iş yerimə və dərhal siz hörmətli oxucularıma bu köşəmi yazdım. Yazdım ki, bəlkə yazdığım bu köşə bayramqabağı bazarlarda qiymət qaldıran, bu kimi hadisələrdə dədələrindən baha qiymətlərlə "mahnılar" oxuyan sui-istifadəçilərin əllərinə düşə, bəlkə azca da olsun vicdana gələrlər.

RÖVŞƏN

Digər xəbərlər