PDF Oxu

Köşə

  • 1 170

TÜRKLƏR BELƏLƏRİNƏ "UYANIK" DEYƏRLƏR

TÜRKLƏR BELƏLƏRİNƏ "UYANIK" DEYƏRLƏR

Dünyanın siyasi-ictimai arenasında baş verən hadisələr fonunda bir çox dəyişən olaylar baş verir ki, həmin olaylar çərçivəsində şəxsi mənfəətləri istiqamətində yararlananlar da az deyil. Məsələn, Rusiya müxalifəti küçələrə töküldükdən sonra, Azərbaycan müxalifəti dərhal küçələrə çıxaraq "xalq gəzintisi" etmək qərarına gəldi. Qərara gəlsə də, ortada heç nə görünmədi. Hətta bir az da o tərəfin tarixinə müraciət etsək görərik ki, məhz bu müxalifətin bəh-bəhli liderləri gürcülər kimi əllərinə qızılgüllər də aldılar, xaxollar kimi boyunlarına narıncı şərflər, boğazlarına narıncı qalstuklar bağladılar... Amma nə qızılgüllər, nə də şərflər və qalstuklar bunların dadlarına yetişmədi ki, yetişmədi. Ata Corc Buşun portreti də bunların başları üzərinə qalxdı və yenə də kömək olmadı. Və beləliklə, gəldi çıxdı ərəb inqilabları dalğası. Yaxın Şərqdə baş verən olaylar - Tunis, Yəmən, Misir, Liviya və daha nə bilim hansı səhranın düzündə tayfa ərəbləri bir-birinə qarşı çıxdıqları zaman, bizim müxaliftçi başbilənlər də az qalmışdı ki, əyinlərinə ərəb əbası geyinib, ərəblərin inqilabi ruhlu "Yahellə" rəqsini küçələrdə oynasınlar. Sonra da desinlər ki, "Azərbaycanda inqilab edirik". Bax, burada bir azca dözümsüzlük nümayiş etdirərək, deyirəm ki, şükr, min şükür ağıllılarına Pərvərdigarə!

ONLARIN BU TƏRƏFLƏRİNDƏN BAXANDA O BİRİ TƏRƏFLƏRİ APAYDIN GÖRÜNÜR

İndi deyim, hörmətli oxucularıma ki, nəyə görə az öncə dözümsüzlük nümayiş etdirdim. Bu günlərdə Gülər Əhmədova ilə Elşad Abdullayevin məlum videogörüntü məsələsi ölkə mediasında rezonansa səbəb oldu. Və əslində, həmin rezonans daha çox həmin bu müxalifətin və onların liderlərinin yaman işinə yaradı. Sən demə, aydan-arı, sudan duru olan müxalifət liderləri elə amanabəndiymişlər ki, bu məsələ gündəmə çıxsın. Gündəmə çıxsın ki, bunlar da sübut etsinlər ki, onların hər biri aydan arı, sudan duruymuşlar (?!-R) Sən demə, nə Əli Kərimli, nə İsa Qəmbər, nə Pənah Hüseyn, nə İqbal Ağazadə, nə Sərdar Cəlaloğlu, nə Eldar Namazov nə də onlar kimi züytutanlar o qədər pak və təmiziymişlər ki, onların bu tərəflərindən baxanda o biri tərəfləri apaydın görünür. Amma, bu belədirmi? Əlbəttə ki, belə deyil. Çünki bunların siyasi-ictimai fəaliyyətlərinin hər addımbaşısında korrupsiya, rüşvət kimi məsələlər dayanıb. Düzdür, onlar bunu inkar edirlər, deyirlər ki, yox, nə danışırsınız, bizim hər birimiz öz fəaliyətimizdə şəffafıq, təmizik, hətta bakirəyik. Lakin onların siyasi padoşluqlarına hər kəsin bələdi mövcuddur. Həmin bələd isə müxalifət başbilənlərinin istənilən fəaliyyət sistemlərində olub, var və olacaq. Rəhmətlik Elçibəy də keçirdiyi müşavirəsində bunu demişdi. Demişdi ki, belə getsə, sizin heç biriniz düzələn deyilsiniz, siz Azərbaycanı fəlakətə aparırsınız və s.

BELƏ UYANIKLARIN SONU İSƏ YAXŞI OLMUR

Qaldı ki, müxalifət "liderləri"nin ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrdən öz siyasi dividendləri üçün yararlanmalarına, demək mümkündür ki, bu gün Gülər Əhmədovanın, Elşad Abdullayevin məlum əməllərinə görə müvafiq qurumlar kifayət qədər ciddi tədbirlər görəcəklər. Ancaq həmin "liderlər" bundan sonra da hansısa tələbdə bulunacaqlarsa, onda hazırlaşsınlar və növbə ilə gedib dayansınlar Antikorrupsiya idarəsinin qapısı ağzına. Çünki növbə məhz onlarındır. Daha siyasi artistizm, klounluq nümayiş etdirərək, türklər demişkən uyanıklık göstərməsinlər. Yeri gəlmişkən, türk qardaşlarımız belə fürsətcillərlə, amanabəndlərə UYANIK deyə xitab edirlər. Belə uyanıkların sonu isə yaxşı olmur. İnanmırlarsa, gəlsinlər yanıma və daha müfəssəl şəkildə uyanıklığın nəticələrini onlara başa salım.

RÖVŞƏN

Digər xəbərlər