AŞPA-nın "siyasi məhbus" terminini müəyyənləşdirməsi məsələsi açığı məndə həmin quruma qarşı olan azacıq etibarımı da puça çıxardı. Əslində, həmin etibar çoxdan itirlib. Çünki bu boyda Avropa qurumunun xırdaçılığa gedib, eləcə də, ən həssas və qlobal məsələləri bir kənara qoyub, Azərbaycanda "siyasi məhbus" olmasını sübut etmək cəhdi gülünc və anlaşılmaz təsir bağışlayır. Və həmin qurumun Azərbaycan üzrə nümayəndəsi Kristofer Ştrasserin "Azadlıq"da, "Yeni Müsavat"da "milli qəhrəman" statusunda dəyərləndirilməsi də etibarsızlıqla yanaşı, cılızlığın, siyasi şitliyin bariz nümunəsi təsirini bağışlayır. Bu gün həmin qəzetləri nəzarətlərində saxlayan Əli Kərimli, İsa Qəmbər kimi partiya sədrləri sanki "seçkiləri udmuş adamlar qismində" açıqlamalar veririr, guya Azərbaycan hakimiyyətinin Strasburqda "uduzduğunu" iddia edirlər. Məhz bu baxımdan, yuxarıda qeyd etdiyim siyasi, həm də əqli şitlik özünü kifayət qədər aşkara çıxarır.
YAQLANDIN ŞTRASSERDƏN NƏ FƏRQİ VAR?
Bu gün Kristofer Ştrasserlə heç bir fərqi olmayan AŞPA-nın baş katibi Trubyern Yaqlandın Azərbaycan kürüsünə olan məhəbbəti, yəqin ki, həmkarı Ştrasserdən ona keçib. Əgər belə olmasa idi, yəqin ki, verdiyi açıqlamasında özünü təmizə çıxarmaqdan ötrü o, bütün günahları qara kürünün üzərinə atmazdı. Çox yəqin ki, "siyasi məhbus" üzrə məruzəçi qismində Azərbaycana gələ bilməyən Ştrasser ölkəmizin analoqu olmayan qara kürüsünü yeyə bilmədiyinə görə, həmin yeyinti məhsulunun adını qəbulolunmaz məqsədlərdə səsləndirir. Ancaq burada bir atalar məsəlində azacıq dəyişiklik edərək, demək istərdim ki, ay hörmətli avropalı diplomatlar, könlü kürü istəyənin vicdanı da təmiz olmalıdır. Bu baxımdan, Yaqlandın "Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvlərinin öz həmkarlarını qara kürü ilə ələ aldıqları doğrudursa, bu, tamamilə qəbuledilməzdir" fikri ümumiyyətlə nə vicdana, nə ədalətə, nə də ki, Avropa dəyərlərinə sığmayan məsələdir."
"ZAKUSKASIZ" ERMƏNİ KONYAKI
Eyni zamanda, onun "parlament də, onun üzvləri də müstəqil olmalı və təşkilatın adından fəaliyyət göstərməli, onun standartlarını və dəyərlərini müdafiə etməlidir" deyən AŞPA katibi həmin ifadəsi ilə, əslində, müstəqil olmadığını etiraf edib. Necə? İndi deyərəm!
Yaxşı, ay mister, senyor, müsyö, qospodin, ser və bəy Trubyern Yaqland! Əgər həqiqətən də, kürüyə bu qədər məhəbbətin varsa və bu qədər təmiz, pak, humanist və mələksənsə, təmsil etdiyin AŞPA üçün insan hüquqları önəmlidirsə, nə üçün Azərbaycan torpaqlarının işğalı, Xocalı faciəsi müzakirələr zamanı diqqətdən kənarda qalır? Bu gün Azərbaycan ordusunun zabiti Ramil Səfərovla bağlı məsələnin AŞPA-da müzakirəyə çıxarılması Azərbaycan kürüsü yox, məhz erməni konyakının nəticəsi deyilmi? Bütün bunlar AŞPA-nın hər zaman ikili standartlardan, hətta birtərəfli mövqedən çıxış etdiyini ortaya qoynurmu? Yaxşı olardı ki, Yaqland Ştrasserlə bərabər, erməni konyakının paxmeli gedəndən sonra, müzakirələr aparmağa başlayardı. Görünür, avropalı deputatlar "zakuska" etməyə Azərbaycan kürüsü tapmayıblar.
RÖVŞƏN
P.S. AŞPA deputatlarının nəzərlərinə. Azərbaycan kürüsü hər zaman erməni konyakından dəyərli və əlçatmaz olub!