PDF Oxu

Köşə

  • 1 380

MÜXALİFƏTİN "SENSASSİYASI" VƏ BİABIRÇILIQ

MÜXALİFƏTİN "SENSASSİYASI" VƏ BİABIRÇILIQ

Bu gün Gülər Əhmədova ilə bağlı olaylardan öz dividendləri istiqamətində "sensassiyalar" yaratmağa çalışan müxalifət mətbuatı həmin istəyini reallaşdıra bilmədi. Çünki ortada ifşa məsələsi dayanıb və onsuz da siyasiləşmiş korrupsiya əməllərinə bulaşan müxalifət mətbuatı çıxış yolu tapmaqda çətinlik çəkir.

Yəni müxalifət mətbuatı və müxalifətin təsir dairəsində olan KİV-lər Azərbaycandakı vəziyyəti hansısa formada qarışdıraraq ictimai fikri çaşdırmaq, baş vermiş müəyyən hadisələrdən sui-istifadə edərək, hakimiyyətə qarşı qara piar kampaniyası aparmaq üçün hər cür vasitəyə əl atmağa cəhd göstərdilər. Amma bu, onlarda alınmadı. Gördülər ki, keçmiş deputatı müdafiə etsələr, öz paxırları açılacaq və cəmiyyətdə olmayan nüfuzları daha da aşağılanacaq.

Bu gün müxalifətin yazdığı sifarişli yazılar və məqalələr şər, böhtan və qərəzdən başqa heç nə deyil. Şünki Gülər Əhmədovanın əməllərinə YAP rəsmi olaraq,öz qiymətini artıq verib. Qeyd edilib ki, Gülər Əhmədova partiyanın adına layiq olmayan hərəkətlər etdiyini anladığına görə, öz səhvini başa düşərək istefa verib. Eyni zamanda, Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayevin əməlləri ilə bağlı da materiallar toplanılır. Yəni bu iki şəxsin hər ikisi biri digərini aldatmaqla vəsait əldə etmək, digəri isə vəsait hesabına hansısa bir məqama çatmaq istəyini ortaya qoyub. Lakin heç birinin istəyi baş tutmayıb. Birincinin aldığı vəsait nəticəsində cəzasının vaxtı çatıb. İkinci isə verdiyi vəsait nəticəsində istədiyi məqama nail ola bilməyib.

Müxalifətin başbilənləri birdəfəlik anlamalıdırlar ki, YAP xalqın partiyasıdır və bu siyasi təşkilatda müxalifət partiyalarından fərqli olaraq, demokratiya mövcuddur. Və əgər hər kim olursa-olsun, partiyada qanunsuz əməl törədirsə, qanunamüvafiq qaydada da cəzasını alır. Ona görə də, bu ərəfələrdə kimlərsə istəyir ki, bu mövzu daima gündəmdə qalsın. Sözsüz ki, G.Əhmədovanın özü də, müəyyən mənada, mövzunun gündəmdə qalmasında maraqlıdır. Dağıdıcı müxalifət isə bu məsələni gündəmdə saxlamaqla ictimai rəydə hakimiyyət əleyhinə qara piar kampaniyası aparmaq istəyir. Lakin onlar bunu bacara bilmədilər və hansı məzhəbə qulluq etdiklərini ortaya qoydular.

YAP İcra katibinin müavini Mübariz Qurbanlı da bu barədə kifayət qədər açıq fikrini bildirib: "Bu gün müxalifət mətbuatı hansısa bir formada sensasiya yaratmaq məqsədi ilə hər şeydən istifadə edir. Sosial şəbəkələrdə müxtəlif mövzularda müxtəlif fikirlər səsləndirilir. Onlar Gülər Əhmədovanın Facebook-dakı səhifəsində yazdığı yazının hər birini digər səhifələrdə paylaşmaqla bulvar mətbuatından uzağa gedə bilmirlər".

Bəli, məhz bulvar mətbuatı! Çünki nə "Azadlıq" qəzeti, nə də ki, "Yeni Müsavat" bulvar mətbuatı, sarı mətbuat, ya da hər hansı pent hauz mətbuatından o tərəfə gedə bilməyib. Görünür, qeyri - ciddilik, qeyri -qərəzsizlik, şər və böhtan bunların tam boylarına biçilmiş, sonra isə tikilimiş dondur. İndi qalıblar fikirləşə-fikirləşə ki, görəsən bu donu əynimizdən çıxarsaqmı ayıbdır, yoxsa çıxarmasaq? Yəni hər iki halda, biabırçılıq bunların başlarının üstünü alıb. Bir də ki, kimdir sizə baxan axı?..

MÜBARİZ

Digər xəbərlər