"Səs" qəzetində dərc edilən və ölkədə müdhiş ajiotaj yaradan məşhur "ƏRMƏĞAN" şeiri hazırda müxalifət mətbuatının "araşdırdığı" və baş sındırdığı əsas mövzulardan biridir. Ələlxüsus, AXCP sədri Əli Kərimlinin muzdunda olan "Azadlıq", və Müsavat başqanı İsa Qəmbərin təhkimində fəaliyyət göstərən "Yeni Müsavat" qəzetləri, türk qardaşlarımız demişkən, mərakdan (maraqdan-M.) çatlayırlar. Çatlayırlar ki, bəs görəsən, bu Mirzə Qərənfil kimdir axı, bu qədər oxunaqlı şeir yazdı və müxalifət qəzetlərinin ölgün reytinqini daha da aşağı yuvarlatdı?!
MARAĞIN GÜCÜNƏ BAX EEE!
Və sirr deyil ki, həmin mərak müxalifət yazarlarının ilginc, ilginc olduğu qədər də gülünc proqnozları ilə də yadda qaldı. Məsələn, əvvəlcə yazdılar ki, həmin şeiri adını açıqlamaq istəmədikləri bir millət vəkili yazıb. Sonra da iddia etdilər ki, yox, həmin şeiri qəzet redaktorlarından biri, sonra isə digəri yazıb. Amma bir nəticə hasil olmayandan sonra, başlayıblar "Səs" qəzetində əməkadşlıq edən bütün jurnalistlərinin ucdantutma adlarını hallandırmağa. Eyni zamanda, həmkarım İ.Əliyevin də Mirzə Qərənfil olduğu müxalifət mediasında yer aldı. Yəni Mirzə Qərənfilin kimliyini hələ də tapa bilməyiblər binəvalar. Deyirəm, marağın gücünə bax eee, sən öləsən!
SENSASİYA!
Və müxalifət mətbuatını, yəni "Azadlıq" və "Yeni Müsavat" qəzetlərini həmin maraqdan irəli gələn çatlamalarının qarşısını kəsməkdən ötrü humanizm prinsiplərinə sadiq qalaraq, SENSASİYA yaratmağı düşünürəm. Elə isə hazır olun müxalifət qələmdarları, deyirəm: Mirzə Qərənfil "Səs" qəzetinin redaksiyasında gözətçi işləyən Sahil kişidir! Hətta onun "naparniki" Elşad dayı da Mirzə Qərənfildir! Azdırsa, yenə də deyim: Bütün "Səs" qəzetinin kollektivi Mirzə Qərənfildir! Necədir, canınız dincəldimi? Gecələr rahat yata bilərsinizmi? Elə isə Allah rahatlığınızı versin, gedin rahat olun...
MÜBARİZ