"Qoç igidlər yarağından bəllənər". Bu, atalar məsəlidir. Öz hay-küyü və çığır-bağırı ilə qoçuluq etmək istəyən müxalifət isə 20 ildir ki, rəhmətlik Molla Nəsrəddin kimi oturduğu budağı kəsir. Molla, doğrudan da, yıxılacağını başa düşmürdü. Ancaq bizim binəva müxalifət kəsdiyi budaqla birlikdə kəlləmayallaq yerə dəyəcəyini yaxşı bilir. Çünki bunların hər biri icbari sovet təhsili alıblar və cazibə qüvvəsinin mövcudluğundan da xəbərdardırlar.
Xülasə, müxalifətin qoçuluğu yaratdığı vahid blokları bir-bir dağıtmağa çatır. Çünki istənilən blokun vahid namizədliyi üstündə qırğın gedir, qan su yerinə axır... Axı indi biznes cəmiyyətidir. Maraqlı Qərb dairələri pul buraxır və bu pulun bir ələ çatmasını istəyir ki, iş tələb edə bilsin. Müxalifət liderlərinin hər biri də bu səlahiyyəti öz üzərinə götürmək istəyir ki, ilk əli pula dəyən də məhz o olsun. İş görmək ikinci plandadır. Başlıca amil Qərb qrantına ilk olaraq əl yetirməkdir.
Elə götürək mitinq məsələsini. Azərbaycan demokratik ölkədir və mitinq keçirmək üçün icazə almaq lazımdır. Müxalifət də yaxşı bilir ki, sönük icazəli mitinqlə Qərb dairələrinin nəzərlərini cəlb elə bilməyəcək. Odur ki iki gündən bir icazəsiz mitinq keçirib, bosslarına eşitdirir, ancaq aksiyaları keçirə bilmir. Çünki anlayır ki, hüquq-mühafizə orqanları buna imkan verməyəcək. Müxalifət də mitinqin vaxtını dəyişə-dəyişə gedir. Bu təxirəsalmanın son müddəti məlum deyil.
"Yeni Müsavat" və "Azadlıq" qəzetlərinin baş redaktoru kürsüsündə liderfason yetkililər oturur. Əgər liderlər iş görməkdən məhrumdurlarsa, bunlar nə səbəbə susmalıdırlar? Odur ki, al gəldi, başlayırlar bu gün Elşad Abdullayevin hüququnun pozulmasından yazıb, Gülər Əhmədovanın korrupsiyaya qurşanmasını pisləməyə, sabah isə ikincini haqlı hesab edib, başlayıblar birincinin palanını tapdalamağa. Nəticədə, hər iki tərəfdən pul qırıb həm jurnalistinə əmək haqqı verir, həm də qəzetinin maliyyəsini təşkil edir. Mirzə Qərənfil yaxşı deyib:
Yığdığını Müsavata ötürür,
Arifoğlu halal bilib götürür.
Düz sözə nə deyəsən? Bundan sonra Mirzə Qərənfil olur hücum obyekti... Pul tələsi istiqamətləndirilir satirikin üzərinə... Ara qarışır, məzhəb itir. "Yeni Müsavat" yazarı satirikin şeirini nümunə gətirib, izah etmədən deyir ki, ay oxucu, baxın, şərhə ehtiyac yoxdur. Axı şərhə ehtiyac var. Şərh yazarı qane etmir. Misal çəkirik:
Elşada da getmək istərdi ərə,
Diləyərdi tarlasını şumlasın,
İki milyon verdiyini mumlasın.
"Yeni Müsavat" yazarından fərqli olaraq, izahat veririk: "Yəni subyekt obyektə ərə gedəndən sonra olur qanuni zövcə. Bundan sonra istər müstəqim mənada, istərsə də məcazi mənada "tarlasını şumlamaq" ixtiyarında olur. Vəssalam, bu da şərh... Daha niyə tərəddüd edirsən, ay yazar?"
Valeh MƏHƏRRƏMLİ