Dədələrimiz yerində və yaxşı deyib ki, əgər ki, dəvəyə qanad versən, dəvə dünyanın altını-üstünə çevirər, hələ ondan da betərini edər. Və əslində, bu gün həyatımızda belə "qanadlı dəvələr" o qədər çox olmasa da, barmaqla sayılacaq qədəri mövcuddur. Amma onların məskunlaşdıqları yer haradadır, "qanadlı dəvəlik" prinsipləri onlarda haradan qaynaqlanır, bax, məsələnin də maraqdoğurucu və düşündürücü mahiyyəti bundan ibarətdir. Mahiyyət bundadır ki, həmin "qanadlı dəvələrə" qanadları kim yapışdırıb, nəyə görə həmin dəvələr "qanadlandırıldıqdan" sonra bu qədər təkəbbürlü, yekəxana və onların ucuz şəxsiyyətlətinə yaraşmayan süni "liderlik" keyfiyyətlərini cəmiyyətə sırımağa cəhd edirlər? Yəqin ki, hörmətli oxucu kimlərdən bəhs etdiyimi yaxşı anlayır.
Başqa cür ola da bilməz axı!
Bu gün muzdla çalışdırdıqları mirzəciklərinə "AXCP sədri Əli Kərimli xalqı təbrik etdi", yaxud da "Müsavat başqanı İsa Qəmbər Azərbaycan xalqına təbriklərini çatdırdı" kimi populist yazılar sifariş edən "qanadlı dəvələr" özlərini cəmiyyətə az qala "ölkə başçısı" qismində təqdim etməyə səy göstərirlər. Hərəsi öz qəzetində, hərəsi öz mətbuat şəbəkələrində. Adam həmin "təbrikləri" oxuyanda, az qala olan-qalan ətini də töksün bunların üstünə. Töksün və desin ki, axı siz "qanadlı dəvələrin" müstəqilliyə, dövlətçiliyə nə aidiyyatını ola bilər ziyandan, zərərdən başqa?!
AXCP sədri Ə.Kərimlinin əttökən müraciətində "Əbülfəz Elçibəyin böyük əməlləri" kimi ifadə işlətməsi də şəxsən məndə qıcıq yaratdı. Ona görə yox ki, burada mərhum Elçibəyin adı hallanır, ona görə ki, Ə.Kərimlinin öz əlləri ilə liderinə sui-qəsd etməsindən sonra bu kimi pafoslu ifadələrin verilməsi onun murdar xislətini bir daha ortaya çıxarır. Söz yox ki, Ə.Elçibəy də öz dövründə müstəqillik uğrunda mücadilə aparıb. Amma Ə.Kərimlinin onun adından sui-istifadə edərək, xalqa "təbrik" ünvanlaması, əldə edilən ümumxalq nailiyyətini mənismsəməsi məhz həmin xislətin acı nəticəsidir. Bu kimi xəyallara dalaraq, "qanadlanan dəvə" özünü daha nə bilim, nə (?) hesab edərək, bax beləcə, xalqın zəhləsini tökməkdə davam edir əfsuslar olsun ki.
Eləcə də,, götürək o biri "qanadlı dəvəlik" edən Müsavat başqanı İsa Qəmbəri. Bu adam "təbrikində" yazır ki, "Ə.Elçibəyin rəhbərliyi altında 1992-ci ildə hakimiyyətə gəlmiş demokratik qüvvələr qısa müddət ərzində bu istiqamətdə mühüm işlər gördü, real islahatlar həyata keçirməyə başladılar". Və bundan sonra Müsavat baqanı "qanadlanaraq" yazır ki, "torpaqlarımızın müdafiəsi... dövlət idarəçiliyinin demokratikləşməsi... azad mətbuatın inkişafı sahəsində mühüm işlər görüldü (?!). Hansı işlər görüldü ki, torpaqlarımız bir ucdan AXC-Müsavat hakimiyyəti tərəfindən ermənilərə şəhid qanı bahasına peşkəş edilirdi, dövlət idarəçiliyi necə demokratik ola bilərdi ki, məhz İ.Qəmbər bir neşə gəncin ölüm hökmünün icrasına şəxsən imza atdı, təhsil və mədəniyyət necə inkişaf etdi ki, parlamentdə, canlı televiziya verlişlərində çıxış edən həmin hakimiyyət nümayəndələri ağızlarına gələn söyüşləri xalq qarşısında işlədir, fıshafıs "Marlboro" fısqırdırdılar, mətbuat necə demokratikləşdi ki, onun da rəhbərlik etdiyi hakimiyyət senzuranı aradan götürmürdü?! Bu idimi xalqa vəd edilən müstəqillik?! Yaxud İ.Qəmbər Əbülfəz Elçibəyə lider deyərkən, nəyə görə hakim partiya içində(AXCP) ikinci "hakimiyyət" olan Müsavatı yaratdı? Məgər bu kimi addımlar demokratiyadırmı, hörmətli "qanadlı dəvələr"!
Ona görə də, bu gün "Azərbaycan xalqına təbrik müraciəti" adı altında "qanadlı dəvəlik" edərək, özlərini yalnız öz təxəyyüllərində "ölkə başçısı" kimi görən, ya da millətə sırımağa cəhd göstərən, burunlarından uzağa gedə bilməyən Ə.Kərimli-İ.Qəmbər cütlüyündənsə, mən Fatma nənənin təbrik müraciətinə daha həssas yanaşar, onun dediklərini qəlbən qəbul edərdim. Çünki Fatma nənə onlardan fərqli olaraq, əsil Azərbaycan vətəndaşıdır, Fatma nənə dövlətçilik prinsiplərinə heç zaman xələl vurmaz, Fatma nənə də sıradan xalq nümayəndəsi kimi "qanadlı dəvələrin" belə yekəxanalıq oyunbazlıqlarına getmir. Çünki Fatma nənə onlardan daha şərəfli, daha mənəviyyatlı və daha ləyaqətli ömrə sahibdir. Fərq də bundadır.
RÖVŞƏN