İsa Qəmbər və Əli Kərimli "İP"-in "qoşa lideri" kürsüsündən getdilər. "Palata" lidersiz qaldı. Ona görə belə deyirik ki, gedənlər geri qayıtmadılar. Qalanların içərisində isə lider yox idi. Onlar ya "İP" üzvü, ya da "İP" KŞ üzvləri idilər. Bu, lider demək deyil. Hanı dediyim bəylər, "İP" mənimdir deyənlər? Süqut sardı, yer gizlədi, fani qurum kimə qaldı? Gəlimli-gedimli "İP"-im, son ucu ölümlü "İP"-im!.. Biz belə dedik. "İP"-çilər təkzib verdi...
Növbəti mərhələdə "İP" üzvü Yadigar Sadiqov və "İP" KŞ üzvü Ərəstun Oruclu istefa verib getdilər. Rauf Arifoğlu da "İP" üzvü oldu-olmadı, təşkilata da, Müsavata da əl yellədi getdi. Ancaq bundan sonra da "palata"nın koordinasiya şurasından elə üzvlər çıxdı ki, onlar "İP"-in dağılmadığını, süqut etmədiyini, yerində qaldığını iddia etməkdədirlər. Biz belələrinin fikirlərini şərh etməmiş deyirik ki, axı "qoşa liderlər", həqiqətən, gediblər. Bu fikri təkzib edən tapılmadı. O zaman belə çıxmırmı ki, süqut etməyən, parçalanıb yerində qalan "palata" başsızdır?!
Belə çıxır. "İP" KŞ üzvü Ədalət Yusubov və "İP" KŞ üzvü Pənah Hüseyn deyirlər ki, "palata" İsa Qəmbər və Əli Kərimli kimi "qoşa baş"lardan məhrumdur. Deməli, biz deyənə gəlib çıxdılar. Qoşa və ya qeyri-qoşa, nə fərqi var, bu, o mənanı verir ki, "palata" adlanan təşkilat başsızdır. Bu gün "palata" Amerika romançısı Mayn Ridin "Başsız atlı"sını xatırladır. Başsız bir təşkilatın fəaliyyət göstərməsi nə dərəcədə realdır?
Ə.Yusubov və P.Hüseyn başdan məhrum olmasalar da, deyirlər ki, başsız "İP" onların səyi ilə tam gücü ilə işləməkdədir. Biz də, öz növbəmizdə, soruşuruq ki, axı necə? Qoşa "palata" sözçüləri isə cavab verirlər ki, Y.Sadiqov və Ə.Oruclu getdikdən sonra "İctimai Palata"ya yüzlərlə, minlərlə üzvlər qoşulur. Rus demişkən, pastoy, pastoy... axı "palata"ya əvvəl bu və ya digər müxalifət partiyaları girib, sonra çıxırdı. İndi ayrı-ayrı üzvlərimi qəbul etməyə başlamısınız? Ə.Yusubov və P.Hüseyn ciddi bir kəşf ediblərmiş kimi dedilər: ay sağ ol, əgər Ə.Kərimli, İ.Qəmbər, Y.Sadiqov və Ə.Oruclu "palata"nı təkbaşına tərk edirlərsə, nə səbəbə onlarla, yüzlərlə sıravi üzvlər onun sıralarına qəbul olmasınlar?
Biz dedik ki, olsunlar. Axı saysız-hesabsız üzvləri olan, ancaq başçısı olmayan bu "palata"dan nə qayırmaq istəyirsiniz? Yeni liderfasonlar dedilər ki, üzvlərin sayı maksimal həddə çatanda, onları buraxacağıq şəhərin küçələrinə, qoy o yana-bu yana qaçsınlar. Baxın görün İ.Qəmbər, Ə.Kərimli küçəyə çox adam çıxartmışdı, yoxsa biz?..
Aydındır, deməli, yenilər "palata"nı yeni üzvlərlə doldurub şişirəcək, "palata" dözməyib partlayanda isə, onlardan qaydasız küçə yürüşlərinin iştirakçıları qismində istifadə edəcəklər. "Azadlıq" partiyasının sədri Əhməd Orucun yenilənmiş başsız "palata" haqda fikirləri daha maraqlıdır. O deyir ki, bunlar əvvəl parlament seçkilərinin keçirilməsi tələbi ilə çıxış etdilər, sonra islam inqilabı törətmək fikrinə düşdülər, daha sonra yol xəritəsi cızıb, islahat aparmağı sınaqdan keçirdilər. Bütün bunları ümumiləşdirən Ə.Oruc qətiyyətlə dedi ki, "palata" qeyri-ciddi qurumdur, onu idarə edənlər isə məzhəkə qurmaqla məşğul olan klounlardır. Doğru sözə nə deyəsən? Bu fikri heç yeni "palata" rəhbərləri də təkzib edə bilməz.
Valeh MƏHƏRRƏMLİ