əmiyyətimizdə davranış qaydalarını öyrənməyin, yaxud da öyrətməyin müxtəlif cür üsulları mövcuddur. Bunlardan biri də cəzadır desək, heç də yanılmarıq. Belə ki, bu baxımdan uşağın tərbiyəsində valideynlər tərəfindən cəzalandırmadan bir vasitə kimi istifadə olunur. Bir çox psixoloq mülahizələrinə görə, ailədə uşağın cəzalandırılması onun psixi inkişafına mənfi təsir göstərir, onu gələcək həyatda aqressivliyə sürükləyir. Çünki uşqalar da bir şəxsiyyətdirlər və belə olan zaman onların şəxsiyyətləri "cırlaşdırır".
Praktiki olaraq 10 yaşına qədər cəzalandırılmayan uşaqlar öz arzu və istəklərinin əsiri olur, onları idarə edə bilmir, nəticədə "ipə-sapa yatmırlar", özlərini "pis" aparırlar. Necə deyərlər, ərköyünləşirlər. Lakin hər hansı bir cəzanı tətbiq etməzdən əvvəl onun mənasını da dərk etmək lazımdır.Ağrı duyğusu, daha dəqiq desək, ağrı qorxusu uşağı gələcəkdə belə hərəkət etməkdən çəkindirir. Fiziki cəza formaları müxtəlifdir. Psixoloqlar fiziki cəza formalarının əleyhinədirlər. Belə ki, fiziki cəzanın təsiri altında "pis" davranışın, "yaxşı"ya dəyişdirilməsi cəzaverənin bilavasitə yanında baş verir. O olmayanda uşaq özünü yenə də "pis" apara bilər. Buna görə də uşağın şüurlu davranışının formalaşmasında fiziki cəza heç bir fayda vermir.Həmçinin, cəzalar sırasında valideyn məhəbbətindən məhrum edilmə kimi hallar da yer alır. Hər iki halda, tərbiyəvi effekt uşağın hisslərinə təsir göstərməkdən ibarətdir. Uşağı küncə qoymaq, onunla danışmamaqla; uşaqdan kənar gəzmək və laqeydlik və "mühakimə maskası" geyinmək; onu otaqda bağlı saxlamaq, ona sevmədiyinizi demək və s. kimi müxtəlif cəza formalarını tətbiq etməklə uşaq valideyn məhəbbətindən məhrum edilir. Nəticədə, məhəbbətdən məhrum etmək uşağın qəlbində tənhalıq, müdafiəsizlik, qorxu və dəhşət yaradır.Digər bir cəza isə uşağın əyləncələrdən məhrum edilməsidir. Uşaq əyləncəli yerlərə getməkdən (sirk, park, zoopark, attraksionlar), televiziyada sevimli cizgi filmlərinə baxmaqdan, kompüter oyunlarını gündəlik oynamaqdan və s-dən məhrum edilir. Bu tip cəzalar, əlbəttə ki, uşağı məyus edir, lakin onun hisslərinə birbaşa toxunmur, onun istəklərinin yerinə yetirilməsini məhdudlaşdırır, daha dəqiq desək, arzularının reallaşmasını müəyyən müddətə - "uşaq özünü yaxşı aparana, böyüklərə qulaq asana qədər" təxirə salınır. Belə cəzanın təsiri o qədər böyük ola bilər ki, uşaq sevdiyi məşğuliyyətə marağını itirə və ya qəlbində böyüklərə qarşı ciddi inciklik bəsləyə bilər. Və ilk baxışdan, fiziki cəza, məhəbbətdən və sevimli əyləncələrdən məhrum edilmə kimi cəza formalarının tətbiqi formalaşmaqda olan şəxsiyyətə göstərdiyi təsirlərdən dolayı qəbul edilməzdir. Lakin əvvəldə qeyd edildiyi kimi, cəzasız tərbiyə elə də effekt vermir. Uşağın necə davranmasını bircə dəfə demək kifayət deyil. Buna görə də əksər hallarda cəzanı müəyyən qaydalara riayət etməklə tətbiq etmək olar. İlkin olaraq, ən əsas şərt - uşağın hər gün hiss etdiyi və tam əmin olduğu valideyn məhəbbətidir. Başqa sözlə, pis davranışına görə konkret cəzaya layiq görülən uşaq bilir ki, bu xoş münasibəti müvəqqəti olaraq itirir. Uşağın insan kimi böyüməsi üçün insan cəmiyyəti və insan tərbiyəsinin olması lazımdır. Bütün bunlar uşaqların davranış xüsusiyyətlərində, sabit şəxsiyyət keyfiyyətlərində ifadə olunur. Əgər uşaq qarşılıqlı hörmət, məhəbbət və mərhəmət şəraitində böyüyürsə, davranışında bu keyfiyyətləri təzahür etdirir.
RƏFİQƏ