Ara tam sakitləşmişdi ki, İran tərəfi yenidən erməni fitnəsinə gedərək, növbəti siyasi rəzalətə imza atmaq fikrinə düşdü. Fars dövlətinin mətbuat və digər informasiya imkanları vasitəsilə bir müddət öncə ölkəmizə qarşı sərgilədiyi davranışları bu dəfə tamamilə başqa yönə istiqamət almağa başlayıb. Daha dəqiq desəm, bu istiqamət iqtisadi məcraya yönəlməklə regiondakı sabitliyi pozmaq məqsədini daşıyır. Təbii ki, yuxarıda qeyd edildiyi kimi, erməni fitnə-fəsadının əli ilə. Bəs nədir məsələ? Bu suala cavab tapmaq üçün ötən on il öncəki tarixi bir daha xatırlayaq. Məsələ ondadır ki, İran Ermənistanla birgə hazırladığı iqtisadi layihəni həyata keçirməklə, Araz çayı üzərində Su-Elektrik Stansiyasi (SES-R.) tikmək arzusundadır. Xatırlatmaq yerinə düşərdi ki, Araz çayı üzərində SES tikintisi layihəsi hələ 2001-ci ildən hazırlanıb, lakin indiyə qədər tikintiyə başlamaq mümkün olmurdu. Çünki o zaman Azərbaycan dövləti layihəyə qarşı rəsmi və olduqca sərt mövqe ortaya qoymuşdu, eləcə də, bu provokasiyadoğuracaq layihənin reallaşmasını milli iqtisadiyyatımıza, dövlətşiliyimizə qarşı təhdid kimi qiymətləndirilmişdi.
Sözügedən layihəyə gəldikdə isə, demək mümkündür ki, əgər bu reallaşarsa, (Hərçənd ki, nə Ermənistan hakimiyyəti, nə də ona qardaş deyən İran tərəfi layıhəni hazırlasa da, gerşəkliyə çevirməyə cürət edə bilməzlər. Çünki qarşıda güclü Azərbaycan dövləti dayanıb - R.) Araz çayı sularının Naxçıvana axını dayanacaq. Yəni Araz çayının suları Azərbaycan ərazisində Naxçıvan su anbarına dolur və çayın üzərində Ermənistanla İranın inşa etməyə hazırlaşdığı yeni stansiya bu anbarın faktiki olaraq susuz qalmasına səbəb ola bilər. Belə olan təqdirdə, həm iqtisadiyyata, həm ekologiyaya, həm də milli təbii sərvətlərimizə - floraya və faunaya külli miqdarda ziyan dəyə bilər.
Təbii ki, İran da Ermənistan da məsələ ətrafında ciddi tərəddüd içindədirlər və həmin təlaşlarını ört-basdır etməkdən ötrü, müəyyən qızışdırıcı manevrlər etməyə səy göstərə bilərlər. Necə ki, həmin süni manevri Ermənistanın energetika və təbii ehtiyatlar naziri A.Movsesyan sərsəmləyir ki, stansiyanın tikintisinə başlamaq üçün guya hər hansı bir problem yoxdur. Erməni nazir bir az da uzağa gedərək, iddia edib ki, yaxın 10-15 gündə Ermənistanda stansiyanın tikintisi başlayacaq. Bununla bağlı bütün mövcud problemlər həll edilib və proqramın həyata keçirilməsi üçün heç bir maneə yoxdur (?!-R.) Ancaq bu kimi açıqlamanın verilməsi həm də belə qənaətə gəlməyə şərait yaradır ki, əslində, Ermənistan tərəfi Azərbaycanın bu kimi provokasiyalı layihəyə hər zaman keçilməz maneə, keçilməz baryer rolunu oynayıb. Və əgər həmin layihə 2001-ci ildə həyata keçirilə bilinməyibsə, demək, bundan sonra da heç bir uğura imza ata bilməyəcək.
Onu da deyim ki, A.Movsesyan SES tikintisi ilə bağlı İran-Ermənistan hökumətlərarası komissiyasının həmsədridir. Həmçinin, layihəyə əsasən, qoyulacaq investisiyanın əksər hissəsini İran yatıracağı üçün stansiyada hasil olunan elektrik enerjisi 15 il ərzində ancaq İrana çatacaqmış. Bununla yanaşı, stansiyanı İran şirkəti idarə edəcək. Ermənistan isə ancaq 15 ildən sonra bu stansiyadan elektrik almağa ümid edə bilər, əgər buna ümid etməyə dəyərsə...
Bir sözlə, az müddət sakitlikdən sonra, İranın yenidən Ermənistan dövlətinə süni nəfəs verməklə yanaşı, işğalçı dövləti qardaş kimi bağrına basması gözlənilən hal idi. Ancaq məni bu arada daha bir məsələ düşündürürür. Düşündürür ki, məzhəbcə islam dininin şiəlik qolunu rəsmi şəkildə əsas tutan İran dövləti öz müsəlman Azərbaycan qonşusuna qarşı YEZİDLİK etməklə, özünə hansı haqqı qazandıra bilər? Axı su anlamı bütün dünyada paklıq, həyat rəmzi kimi qəbul edilməklə yanaşı, şiə məzhəbində daha xüsusi məna kəsb edir. İranın növbəti dəfə erməni fitnəsinə gedərək, belə bir rəzil əmələ imza atması nəinki onların şiəliklərini, həm də müsəlmançılıqlarını böyük şübhə altında qoyur. Ermənini demirəm, qoy Allah bu İran mollalarına hidayət versin!
RÖVŞƏN