PDF Oxu

Köşə

  • 1 364

İvanişvili "arzuları" xülyalara doğru irəliləməkdədir

İvanişvili "arzuları" xülyalara doğru irəliləməkdədir

Vaxtilə özünün "Qızılgül inqilabı" ilə Eduard Şevardnadze hakimiyyətini devirən Saakaşvili də, Gürcüstanda keçirilən son parlament seçkiləri zamanı, "Gürcüstan arzusu"nu gerçəkləşdirən İvanişvili tərəfindən sərt təpki ilə üzləşmişdir. Yəni bir vaxt Şevardnadzedən üz döndərib, Saakaşvilini dəstəkləyən əksər seçicilər, indi də üstünlüyü İvanaşvilinin partiyasına vermişlər. Keçmişinə kəm baxan Saakaşvili bir növ yaxın gələcəyi tərəfindən daşa basılmışdır. Bu da bir daha tarixin təkərinin spiralvari hərəkət tərzinə işarədir.

Əgər Şevardnadze bir ahıl siyasətçi kimi təmkinli siyasət aparırdısa, Saakaşvili, onu hakimiyyətə gətirən "Soros" fondu və digər Qərb ölkələrinin təkidi ilə Rusiya ilə ifrat sərt münasibəti ilə seçilirdi. Onun Abxasiya və Cənubi Osetiyada apardığı əməliyyat Rusiya ilə "Beşgünlük" müharibədə Saakaşvilinin məğlubiyyəti, adıçəkilən bölgələrin "müstəqilliyi" ilə nəticələnmişdir. Əgər hakimiyyət başında Şevardnadze olsaydı, heç vaxt onun səhvlərini təkrarlamazdı. Siyasi səriştə ilə tezliklə solmağa məhkum olan "Qızılgül"ün fərqi budur...

Hələlik, İvanişvili parlamentdə qalib gəlmiş partiya lideri kimi, Nazirlər Kabinetini formalaşdırmaq hüququndadır. Ancaq o, həm də Prezident Saakaşvilinin istefasını da tələb edir. Saakaşvili isə prezidentlik müddəti başa çatanadək tutduğu kürsünü tərk etməyəcəyini bildirir. Parlament seçkilərində böyük üstünlüklə uduzan Saakaşvili, yəqin ki, ötən müddət ərzində Gürcüstan seçicilərinin rəqibindən üz döndərəcəyini güman edir. Bu fikrin gerçəkləşib-gerçəkləşməyəcəyinin də zamana ehtiyacı var.

Xatırladırıq ki, həm Şevardnadze, həm də Saakaşvili Azərbaycanla etibarlı müttəfiq münasibətlərini qoruyub saxlayırdı. "Qızılgül"ü solduran və "arzular" qanadında pərvazlanan xəyalpərvər İvanişvili isə Tbilisi-Bakı münasibətlərini yerindən dəbərtmək niyyətindədir. O, Azərbaycanla iqtisadi münasibətlərə yenilən baxılacağını bəyan etməklə, bizi hansısa güzəştlərə məcbur etmək xülyasına düşüb. Ancaq qüdrətli Azərbaycan qarşısında duruş gətirə biləcəkmi? Yəqin ki, İvanişvili xülya ilə gerçəkliyin bir-birindən əsaslı tərzdə fərqləndiyinin fərqində deyil. Güman edirik ki, o, tezliklə xam xəyalından ayılacaq. Ayılmasa zəhmimizlə ayıldarıq.

İvanişvilinin baş nazir postuna gəlişi ilə Borçalı, Qarayazı, Başkeçid, Ağbulaq və azərbaycanlıların məskunlaşdıqları digər bölgələrə cinayətkar axını xeyli güclənib. Baş nazirin ciddi ölçü götürməməsi, onu sübut edir ki, bu axın, onun elektoratının tərkib hissəsidir. İvanişvili həm də Rusiyadan Abxaziya vasitəsilə Gürcüstana və oradan da Ermənistana gedən dəmiryol xəttini açmaq və bu yolla Tbilisi-Moskva münasibətlərini isitmək xəyalına düşüb. Ancaq bundan sonra Bakı-Tbilisi-Ərzurum dəyiryol xəttinin taleyinin necəliyini ağlına da gətirmir. Neft və qaz kəmərlərinin də Bakıdan start götürdüyünü də əsla fikirləşmir.

Biz Gürcüstan seçicilərinin seçimlərinə müsbət yanaşırıq. Ancaq İvanişvili timsallı seçidənlərin xam xülyalarının tezliklə səngiyəcəyini və zaman-zaman öz məcrasına qayıdacağını düşünürük. Əks təqdirdə, Bakı bu cür xəyalpərəstlərə dirsək göstərmək məcburiyətində qalacaq.

Valeh MƏHƏRRƏMLİ

Digər xəbərlər