PDF Oxu

Köşə

  • 1 103

Rusiyanın başını başlara qoşmaq cəhdi

Rusiyanın başını başlara qoşmaq cəhdi

Rusiya əzələ nümayişinin dairəsini genişləndirməkdədir. Bu ölkə müstəqillik qazandıqdan sonra Balkanlarda nəzarəti itirməklə üzləşdi. Özünə gələn Rusiya siyasətçiləri Kosovoda hərbi nüfuzunu möhkəmləndirmək üçün oraya dərhal qoşun yeritdi. Ancaq Kosovoya müstəqillik veriləcəyini başa düşüb, geri çəkilməli oldu. Bu, biabırçı geriçəkilmə idi. Baxmayaraq ki, atalarımız "utan utanmazdan, qızar qızarmazdan" deyiblər. Rusiya siyasətində utanmaq termini yoxdur. Bir də atalarımız öz misallarını rus siyasiləri üçün deməmişlər. Qafqazlarda Rusiyanın mövqeyi məlumdur. Çeçenistan, Dağıstan, İnquşetiya ərazilərini "ana Rusiyanın tərkib hissəsi" elan edən Rusiyanın siyasi dairələri əhalini özününkülərə və separatçılara bölüb, birini digərinin üstünə qaldırıb. Bu ölkələrdə 40 yaşına qədər qadın və kişilərin sayı kəskin surətdə azalmaqda və onların cəsədləri morqlarda qalaqlanmaqdadır.

İndi siyasilər ötən xoş keçmiş günlərini xatırlamaqdadırlar. Bir vaxt sovet qoşunları Almaniyada, Bolqarıstanda dislokasiya olunur, Çexoslovakiya, Polşa kimi ölkələrdə üsyanları yatırır və Əfqanıstanı daxili "düşmən qüvvələrdən qoruyurdu". Bu imkan müstəqil Rusiya siyasətçilərinin əlindən biryolluq çıxıb. Şimali Qafqazda repressiyaya məruz qalanların bəziləri Avropa Məhkəməsinə müraciət edib, Rusiyanın hakim dairələrindən böyük məbləğdə ödənc alırlar. Buna da min şükür edənlər var. Böyük muxtariyyət statusu almış Tatarıstan, Başqırdıstan, Çuvaşiya, Yakutiya və Sibir və Uzaq Şərqin digər azsaylı xalqları səslərini çıxarmaq üçün məqam gözləyirlər. Narazılıq dalğalarının yayılacağı təqdirdə, heç bir müasir silah onun qarşısını almağa layiq deyil. Rusiya bu cür sınaq qarşısındadır.

Ermənistan siyasətçiləri öz xalqının etirazından, Azərbaycanın işğal edilmiş ərazidərini qaytaracağından sığortalanmaq üçün ölkəni Rusiyanın forpostuna, yəni bir bölgəsinə çevirməyə məcbur olublar. Ancaq bu cür sığorta üsulu həmişə müvəqqəti xarakter daşıyıb. Çünki bir bölük atlar çəməndə otlar, vaxtı gələndə dərisi çatlar.

Öz ərazi bütövlüyünü bərpa etməçyə çalışan Gürcüstanın acığına, Rusiya səkkiz günlük müharibədən sonra, Abxaziya və Cənubi Osetiyaya öz qanadı altında müstəqillik verdi. Gürcüstan, buna cavab olaraq, Moskva ilə bütün əlaqələrini kəsdi. Tbilisinin yeni hökuməti Rusiya siyasətçilərinin ayağına getmək niyyətində deyil.

Rusiya Azərbaycan Dağlıq Qarabağ problemi ilə yükləyib və onun həllinə bir o qədər də can atmır. Təzyiq rıçağı kimi ATƏT-in Minsk Qrupundakı iştirakından istifadə edir. Bundan başqa, Xəzərə donanma çıxaracağı ilə Bakını tez-tez hədələyir, İrana, Türkmənistana qoşulub, Xəzərin dibindən neft və qaz kəmərlərinin çəkilməsindən Bakını çəkindirəcək bəyanatlar yayır. Son vaxtlar şimal ərazimizin yaxınlığına quru qoşun hissələrini toplayır. Azərbaycan rəhbərliyi isə haqlı olaraq Ermənistandan işğal etmiş olduğu ərazilərimizi tezliklə tərk etməyi tələb edir.

Suriyada münaqişə yarandığı gündən Rusiya, bütün demokratik supergüclərə meydan oxuyaraq, Bəşər Əsədi müasir silahlarla təchiz edir və arabir Türkiyənin ərazi bütövlüyünə zərbə vurmağa çalışır. NATO üzvü olan Türkiyə Suriya ilə sərhədinə müdafiə qurğuları yerləşdirməyi nəzərdə tutur. Dilini-dodağını gəmirən Rusiya bəyanatlarını bəyanatlara calayaraq, Ankaranı bu fikirdən daşındırmaq istəyir. Vaxtilə İraqa, ərazisindən cəbhə xətti açmayan Türkiyə, Kərkük türkmənlərini kürdlərin təcavüzünə məruz qoydu. İndi Ərdoğan hökuməti ölkə hüdudlarını Suriyanın həmlələrinə məruz qoymayacaq.

Rusiya Suriyada vətəndaş qarşıdurmasını uzatmağa çalışır. Əlbəttə, burada həm silah satışından, həm də Suriya iqtisadiyyatından qazanc götürür. Ancaq bu qazanc dinc suriyalıların qanına bulaşıb və çətin ki, Moskvaya xeyir gətirsin. Əvvəl-axır kükrəyən qan Moskva siyasətçilərinin də gözünü tutacaq. Ancaq Moskva sovet dönəmində mövcud olan supergüc imicini qaytarmaq istəyir. Zaman geri getsə, bəlkə də bu, mümkün olardı. Amansız spiralvari zaman isə öz hesabladığı an, macal və məqamlara irəli gedir. Deməli, ruslar tarixin təkərini geri döndərə bilməyəcək. Üstəlik, biz bunun şahidi olacağıq.

Valeh MƏHƏRRƏMLİ

Digər xəbərlər