PDF Oxu

Köşə

  • 1 250

GENİŞ İNFORMASİYA MƏKANINDA DAR XƏBƏRLƏR

GENİŞ İNFORMASİYA MƏKANINDA DAR XƏBƏRLƏR

Demək olar ki, hər gün müxtəlif informasiya mənbələrindən ölüm-itim, qəsd, intihar, cılız şou və başqa-başqa bu kimi xəbərlər eşidirik. Əlbəttə ki, həmin xəbərlərin heç biri xoş, ya da cəlbedici deyil və insanların psixoloji durumuna kifayət qədər mənfi təsir edir. Ancaq nə edəsən, axı həmin informasiyaları verməmək də olmur, oxumamaq da... Və əslində, mətbuatın daha çox bu kimi məlumatlara yer ayırması artıq ənənə şəklini alıbdır desək, yanılmarıq. Əlbəttə ki, "şok" xarakterli xəbərləri də buraya əlavə etsək, hər şey olur yerbəyer. Yəni filan yerdə filan gənc intihar etdi, bu xəbərin ardınca isə filan müğənni filan vaxt filan yerdə it və pişiklərə konsert verəcək, ilin axrında da dünya dağılacaq. Dediyim kimi, geniş informasiya məkanında dar xəbərlərə bir növ alışmışıq.

QAZANC GƏTİRƏN "TIKALAMALAR"

Axi nəyə görə bu qədər layihələr içində bir dənə də olsun ürəkaçan tendensiyaya rast gəlinmir? Məgər bizlər, yəni ötürülən informasiyaları məcburən oxuyan cəmiyyət fərdləri daha maraqkəsbedici məlumatlara layiq deyilikmi? Axı müxtəlif saytlarda, portallarda "tıklanan" hər bir informasiya onlara qazanc gətirir. Həmin qazancı isə artırmaq lazımdır. Necə? Daha səhih, daha maraqlı, daha cəlbedici informasiyalar ötürməklə. Çünki bu, həm də bir biznesdir, bir informasiya biznesi...Təəssüf ki, bu kimi biznesin dar çərçivədə inkişaf etməsi geniş informasiya məkanı ilə uyğunluq təşkil etmir. Nəticədə, yxarıda vurğuladığım kimi, hər şey qalır köhnə variantlarda: Öldürüldü, intihar etdi, qəza törətdi, ov silahından atəş açdı, boğazı kəsildi, yüksəkmərtəbəli binadan özünü boşluğa atdı və s.

Gəlin, sadəcə gözarası bir statistika yaradaq. Bir gün ərzində hər hansı bir informasiya saytı neçə dənə elmi-publisistik, tərbiyəvi əhəmiyyətli, şou deyil, milli-mənəvi, sırf mədəniyyəti əhatə edən məlumatlar yayır? İnandırım ki, uzağı beş dənə. Bu qədərdən artıq axtardığımız informasiyaları tapa bilmərik. Və bunun da bir cavabı var.

BAŞQALARININ DA İNFORMASİYA MƏNBƏSİNƏ ÇEVRİLMƏMƏLƏRİ ÜÇÜN...

Cavabı isə budur ki, hazırda portallarda, saytlarda çalışan insanların əksər çoxluğu, demək olar ki, hamısı çağdaş dövrümüzün gəncləridir. Gənclər isə, əfsuslar olsun ki, məhz arzuolunmaz hadisələri ictimiləşdirməkdə daha maraqlıdırlar. Ancaq onları da qınamaq olmaz. Axı zaman axarı dayanmır, sürətlə irəliyə doğru şütüyür. Yer üzündə elə bir güc-qüvvə də yoxdur ki, zamanın qarşısını alsın. Artıq siyasi baxışlar da, digər baxışlar kimi dəyişir. Zamanla dəyişir və inkişaf edir. Ona görə də, belə çıxır ki, cəmiyyət, xüsusilə, informasiya məkanından bir gün də olsun kənarda qala bilməyən cəmiyyət bunlara alışmağa məhkumdur. Və bizlər ən azından öldürüldü, kəsildi, güllələndi, intihar etdi kimi məsələlərdən uzaq olmaq üçün, başqalarının da həmin informasiyaların mənbələrinə çevrilməməsi üçün daha səhih yollar axtarmalıyıq.

AFƏT

Digər xəbərlər