Hələ sovet dövrlərindən xatirimizdədir ki, vətəndaşlar öz əmanətlərini dövlətin əmanət kassalarına etibar edirdilər. Düzdür, hazırda həmin əmanətlər vətəndaşlara qaytarılsa da, müasir dövrdə əmanətlərin saxlanılması istiqamətində bank xidmətindən istifadə edənlərin sayı azdır. Banklar sadcə krediklər verməklə əhalinin maddi maraqlarını müdafiə edir və burada yüksək faiz və digər məsələlər də mövcuddur ki, bu amilə növbəti yazılarımızın birində toxunacağıq. Ancaq unutmaq da lazım deyil ki, bankların fəaliyyətləri təkcə kreditlər verməklə bitmir. Yəni burada başqa xidmətlərə də mövcuddur ki, onlardan biri də yuxarıda qeyd etdiyimiz kimi, əmanətlərin saxlanılmasıdır. Bir çoxlarımız əldə etdiyimiz gəlirləri banklarda deyil, məhz öz evimizdə olan gizlinlərdə saxlayırıq. Ancaq bir sıra dünya ölkələrində əhali öz gəlirlərini banklarda saxlamağa üstünlük verirlər. Bu zaman sual yaranır ki, nəyə görə Azərbaycanda əmanətlər daha etibarlı yerlərdə saxlanılmır? Axı hər halda banklar bu sahədə təkmilləşmiş müəssisələrdir.
PULLARIMIZ SIĞORTALANIR
Burada bir neçə məqam dayanıb. Belə ki, banklara inamın aşağı düşməsinin səbəblərindən biri hələ 1990-cı ilin ortalarında kommersiya banklarının müflis olması və əhalinin əksəriyyərtinin əmanətlərinin o banklarda batması ilə əlaqədardır. Bir zamanlar "Vahidbank", "Günəşbank" kimi bir çox kommersiya bankları dələduzluqlar yolu ilə vətəndaşların pullarını mənimsəmişdilər. Məhz bundan sonra əhali öz vəsaitlərini banklarda deyil öz evində saxlamağa üstünlük verib.
Ancaq indiki zamanda bu kimi halların baş verməsi mümkün deyil. Çünki banklara etibarlılığın artırılması ilə bağlı Mərkəzi Bank və Əmanətlərin Sığortalanması Agentliyi müəyyən addımlar atıb. Belə ki, 30 min manata qədər olan əmanətlər banklarda sığortalanır və bu da o deməkdir ki, bank müflis olduğu zaman da vətəndaşın əmanət kimi qoyduğu 30 min manatı geri qaytara biləcək. Yaxın gələcəkdə isə bu rəqəmlər daha da artırılacaq.
Ancaq vətəndaşlar təkcə inamla bağlı deyil, başqa səbəblərlə də bağlı öz əmanətlərini banklara həvalə etməkdən çəkinirlər. Məsələn, əhalinin müəyyən qisminin banklarla işləmək təcrübəsi yoxdur və buna görə də əmanətlərini banka qoymağa risk etmirlər. Həmçinin, vəsait evdə saxlansa vətəndaş bundan istədiyi vaxt istifadə edə bilir. Lakin vəsaiti banka qoymaq və istənilən zaman onu götürmək müəyyən zaman tələb edir. Başqa bir səbəb isə əgər banka qoyulan pul vaxtından əvvəl götürülsə bu zaman vətəndaş müəyyən cərimələr ödəyir.
Hər halda, bu gün ölkəmizdə bir çox sahələrdə inkişaf olduğu kimi, bank sistemində də inkişaf var. Pul və əmanətlərimizi isə yavaş-yavaş gizlinlərdən çıxarıb, banklara etibar etməyimizin zamanıdır. Çünki hər sahədə olduğu kimi müasir bank sistemində də ayaqlaşmaq lamızdır.
RƏFİQƏ