Bir müddət əvvəl Yeni Azərbaycan Partiyasının 2013-cü il prezident seçkilərində irəli sürüləcək namizədinin adını açıqlaması müxalifət düşərgəsində vəziyyəti gərginləşdirib. Biri deyirdi heç bir partiya namizədinin adını vaxtından əvvəl açıqlamamalıdır. O biri deyirdi, bu, seçki prosesinə təsir etməkdir. Üçüncüsü isə, tamamilə fərqli mülahizə yürüdüb öz savadsızlığını nümayiş etdirirdi. Bu hal da belə bir obyektiv fikir oyadır ki, müxalifət onu qane etməyən məsələyə münasibət birdirməsə, bağrı çatlar.
İndi də prezident seçkilərinə o qədər də az vaxt qalmayıb. Hələ gələn ili də qarşılamamışıq. Hətta qarşıladıqdan sonra da qış, yaz və yay fəslinin ötüb keçməsini gözləmək lazım gələcək. Çünki növbəti prezident seçkisi payız fəslində keçiriləcəkdir. Daha bir xəbər müxalifət daxilində çaxnaşma yaradıb. Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri və səfir Roland Kobia 2013-cü il prezident seçkilərində YAP namizədinin şansının daha çox olduğunu və Onun xalq arasında daha çox nüfuza malik olduğunu bəyan edib.
Bu, konkret bir təşkilatın rəhbər vəzifəli nümayəndəsinin şəxsi mövqeyidir. Əlbəttə, o, Azərbaycandakı yüksək siyasi və iqtisadi nailiyyətlərə nəzərən bu fikrə gəlir. Roland Kobia Avropa Birliyi nümayəndəsi kimi namizədlərin çox olmasını arzu etdiyini və burada müxalifət təmsilçilərinin iştirakının vacibliyini vurğulamağı da unutmadığını bildirmişdi. Onun bu mülahizəsi də müxalifət tərəfindən hoydu-hoyduya götürülmüş və ayrı-ayrı partiya təmsilçiləri Roland Kobianı dişlərinin dibindən çıxan qeyri-münasib ifadələrə qonaq etmişlər. Biri bunu "tərəfsizlik mövqeyinin pozulması" kimi göstərmiş, ikincisi AB-ni Azərbaycan iqtidarı ilə "ciddi işbirliyində" ittiham etmiş, üçüncüsü bu halın "dolayısı ilə Azərbaycan iqtidarının aldığı müsbət rəylərin göstəricisi" kimi qiymətləndirmişdir. Dördüncüsü, beşincisi, altıncısı, yeddinsici və digərləri də məsələyə öz narazılıqlarını ifadə etmişdir. Bu da müxalifətin tənqid üstündə kökləndiyinə işarədir.
Ancaq elə ki, məsələ müxalifət liderlərindən birindən gedir, bu cinahda xüsusi canlanma yaranır. Xatırladırıq ki, müxalifət düşərgəsində növbəti prezident seçkiləri ilə bağlı nə konkret mövqe sərgilənir, nə də prezidentliyə hər hansı namizədin adı çəkilir. Müxalifət daxilində çaşqınlıq və durğunluğun hökm sürdüyü məlumdur. Bütün müxalifət bir hərəkət, ani bir tərpəniş intizarında idi. Müsavat başqanı İsa Qəmbərin Almaniyaya səfəri ilə müxalifət daxilində bir ajiotaj yaratmaqdadır. Guya "Fridrix Nauman" Fondu İ.Qəmbərdən müxalifətin vahid namizədi düzəltmək niyyətindədir.
Son vaxtlar İ.Qəmbərin "boykot havası əsdirməyə son qoyulmalıdır" deməsi onun Avropada dəstəklənməsi kimi şərh olunur və çənələr açılır və ağızlardan "gül ətri" saçılır. Bu gün bəzi müxalifət funksionerlərinin bu yöndə fikir səsləndirmələri xoş müjdə kimi səslənir. Roland Kobia da, biz də müxalifətin real namizədlə çıxış etməsini istəyirik. Tutaq ki, bunların lap yeddi namizədi olsun. Bütün maraqlı dairələr də bütün pullarını onların başlarına səpələmək niyyətindədirlər. Ancaq reallıq və xülya başqa-başqa şeylərdir. Elə R.Kobiada bu reallıqdan çıxış edərək, xülyalara dalmağın əbəs olduğunu bildirir.
Valeh MƏHƏRRƏMLİ