PDF Oxu

Köşə

  • 1 322

"Qiyamət" təxirə salınır

"Qiyamət" təxirə salınır

Dekabrın 21-dən əvvəlki iki-üç gün çox sakit tərzdə ötüb keçir, havalar nisbətən soyuq olsa da, günəşin isə öz parlaqlığını və təravətini qoruyub saxladığı nəzərlərdən yayınmır. Artıq payız-qış əvəzlənməsinin fəsadsız ötüşəcəyini anlayan Tibet Dalay Laması valı da dəyişərək, dekabrda real yox, mənəviyyat dəyişmələrinin baş verəcəyindən danışmağa başlayıb. Yəni deyir ki, insanlar maddi dünyadan dördəlli yapışıb qalmamalı, mənəvi aləmləri haqda düşünməli, sülh şəraitində yaşamağa üstünlük verməli, müharibələrdən əl çəkməlidirlər və. s. və i.a.

21 dekabrı dünyanın mənəvi dirçəlişi kimi təsəvvür edənlər kifayət qədər çoxdur. Onlardan biri də İdeal Aləmlər üzrə Təşviqat Fondunun sədri Əlikram Müzəffərdir. Onun 21 dekabra öz şəxsi münasibəti var. Ə.Müzəffərin dediyinə görə, dekabrın 21-də Günəş sistemi öz 9 planeti ilə birlikdə digər ideal aləmlərə kvant keçidi edəcəkdir. Bu keçidin nədən ibarət olduğunu yalnız Ə.Müzəffərin özü bilir. Kvant texnikasının incəliklərini isə tədqiqatçılardan başqa heç kəs bilmir. Bilinən odur ki, bu texnikanın sirlərinə yiyələnməklə insan həyatını daha da təkmilləşdirmək və gözəlləşdirmək olar.

İnsanların böyük qismi həyata metafizik baxışla yanaşır. Texnika təkmilləşdikcə münasibətlərdə kəskin dəyişikliklər yaranır. Yer üzündə paralel aləmlərin mövcudluğu haqqında mülahizələr yer almaqdadır. Ancaq bir müddət o aləmdə vaxt keçirib geri qayıdanlar haqda real faktlar müşahidə edilməyib. İnsan beyni sirrlər, möcüzələrlə dolu olduğu kimi, təbiətdə də ağlasığmaz əhvalatlar olur. Bu, başqa söhbətin mövzusudur. Əgər söhbət 21 dekabrdan gedirsə, həmin gün gecə saat 12.00-da payız öz yerini qışa təhvil verəcək. 40 gün davam edəcək böyük çillənin birinci günü girəcək. Bəzən gecə yatmayanlardan soruşanda ki, nə üçün yatmırsan? Cavab verir ki, çillə çıxarıram.

Çillənin mənası çətinlik, əziyyət, məşəqqət deməkdir. Bu, havaların soyuq keçməsi, torpağın məhsuldarlığını dayandırması, qıtlıq mənasını verir. Gözəgörünməz əfsanəvi Nibiru planetinin günəşin arxasından çıxıb "yerlə toqquşacağından" isə əsər-əlamət görünmür. Yaxın 2-3 gündə Günəşin hərarəti kəskin surətdə azalsaydı, bu, çoxdan müşahidə edilərdi. Dekabrın 11-də NASA X-54 asteroidinin yerə yaxınlaşmaqda olduğu xəbəri verilmişdi. Həmin asteroid dekabrın 12-də yerin 7 milyon kilometirliyindən keçib getmişdir.

Dekabrın 21-də baş verəcək planetlərin paradı da yer üçün cüzi də olsa təhlükə törətməyəcək. Günəşlə yer arasında Merkurii və Venera planetləri öz orbitləri ilə hərəkət edir. Onların yerin qarşısında durması Günəşin işığının yerə gəlməsinin qarşısını almaq gücündə deyil. Çünki onların həcmi yerdən kiçikdir. Bir sözlə, yer üzünün üç-dörd gün ərzində qaranlığa qərq olacağı haqda iddialar özünü doğrulda bilməz. Dekabrın 21-də yağış yağacağı təqdirdə, hava bir qədər tutqun və buludlu ola bilər. Hava yağmursuz, keçərsə, hətta günəş şəfəq də saça bilər. Belə ki, dekabrın 21-i adi günlərdən biri olacaq. Növbəti 2013-cü ilin də qada-balasız ötüb keçməsini arzulayırıq.

VALEH MƏHƏRRƏMLİ

Digər xəbərlər