"İctimai Palata" işlək mexanizmini "xod"a salması haqda bəyanat verib. Uzun aylar hərəkətsiz qalan "İP" sonralar Əli Kərimli və İsa Qəmbərin duet-mülkiyyətinə çevrilmişdi. Müsavat başqanı və AXCP sədri bir-biriləri ilə səmimi davranmağa cəhd edirdi. Onlar 20-ci sahə yaxınlığındakı texniki-peşə məktəbi meydanında bir neçə kiçik mitinq də keçiriblər. Ancaq bu mitinqlər piket səviyyəsindən o qədər də geniş olmayıb. Deyir niyyətini mənə bildir, sənin mitinqinin izdihamılı, ya izdihamsız keçəcəyini əvvəlcədən xəbər verim.
AXCP-Müsavat hakimiyyətini xatırlayanlar heç vaxt öz müqəddəratlarını bunlara tapşırmazlar. Çünki o vaxt heç bir qanun işləmirdi və dərəbəylik mühiti hökm sürdüyündən Azərbaycan altı tərkib hissəsinə bölünmək təhlükəsi qarşısında idi. "Palata"da dirçəliş mərhələsinə keçid haqda bəyanat verildikdən sonra İ.Qəmbər və Ə.Kərimli xalqın etimadını qazanmaq cəhdinə hesablanmış çıxışlarda bulunmuşlar. Onlar ötən əsrin 90-cı illərindəki vəziyyətə qayıtmaq və kütlələrin önündə getmək niyyətlərini ortaya qoyurlar. Ancaq unudurlar ki, tarixin təkərini geri döndərmək heç fironlara, iskəndərlərə, Çingiz xana, Teymurləngə, Napoleona da nəsib olmamışdı. O ki ola çürük "İP"-ə.
Məsləhətləşmək üçün ABŞ və Avropa fondlarına baş çəkənlərin maliyyə qaynaqları da şübhələrdən xali ola bilməz. Son vaxtlar İ.Qəmbərin Qərbdən, Arif Hacılının isə ABŞ səfərindən geri dönməsi "xain xofluğu"ndan xəbər verməkdədir. Xülasə, müxalifət ekspertlərinin dediklərinə görə, "işə düşməkdə" olan müxalifətin "İP" mexanizmi öz elektoratına "böyük vədlər" verməkdədir. Yəni "İP" liderləri ay belə asacaqlar, ay belə kəsəcəklər və s. və i. a.
Son günlər ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morniqstar müxalifət nümayəndələri ilə görüşündə onlara tövsiyə edib ki, növbəti prezident seçkilərində vahid namizədlə çıxış etsələr, maliyyə dəstəyi onun boynuna olacaq. Daxili intriqalarını bir kənara qoyan müxalifət başbilənləri xeyli düşünüb-daşındıqdan, gərnəşib-gücəndikdən sonra bu qərara gəldilər ki, hələlik, 8 namizədlə ortaya atılsınlar, sonra bəlkə 1-nin üstündə dayanmağa hövsələləri çatdı.
Ancaq bundan sonra "İP" namizədlərinin adları açıqlandı. "Mübarək" namizədlər bunlardır: Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, ADP sədri Sərdar Cəlaloğlu, AXP lideri Pənah Hüseyn (onun adı daha çox "İP" koordinasiya şurasının üzvü kimi səslənir), "MBH" lideri Lalə Şövkət-Hacıyeva (ALP sədri Əvəz Temirxan, sözsüz ki, onu dəstəkləyir), AMİP lideri Etibar Məmmədov (görəsən, AMİP sədri Yusif Bağırzadə onu dəstəkləyəcəkmi?), "ANİF" prezidenti və reneqat "Ziyalılar Forumu"nun rəhbəri Eldar Namazov və nəhayət, KXCP sədri Mirmahmud Fəttayev.
Bunlar payızadək seçkilərə 8 namizədlə gedəcək, ya da 1 namizəd üzərində dayanmalı olacaqlar. Bu, çətin variantdır. Arxada duran və "cırtdan" kimi nəzərə çarpan onlarla digər müxalifətçilər bu seçimə dözəcəkmi? Bu da o qədər inandırıcı deyil. Vallah, payızadək müxalifət daxilində qiyamət qopacaq. Bu, daha real görünür. Hökm zamanındır.
Valeh MƏHƏRRƏMLİ