Axır ki, Qədim Mayya qəbiləsinin münəccimlərinin "qiyamət günü" kimi xarakterizə etdikləri gün - 21 dekabr gəlib çatdı. Mayyalar bunu 5-ci 5 min ilin 6-cı beş minilliyinin 1-ci günü kimi xarakterizə edirdilər. Həmin məqam bu gün saat 12-də öz mübarək qədəmini qoyacaq. Bizcə, Azərbaycanda heç bir ciddi fəsad olmayacaq.
Son günlər bütün kütləvi informasiya vasitələri, televiziya, radio verilişləri, internet saytları diqqəti bu məsələyə yönəltmişdi. Bəziləri zarafatla, bəziləri ciddi... Öz aramızdır, yer üzündə hələ də elə adamlar var ki, doğrudan da, ciddi partlayış gözləməkdədirlər. Dekabrın 22-də səhv etdikləri məlum olacaq. Ancaq bir çox ağzıgöyçəklər 2013-cü ilin ilk yarımili başa çatanadək təhlükənin sovuşmayacağını iddia edirlər. Bu, gözləniləndir. O mənada ki, hər bir insanın həyatı istənilən anda ölümlə nəticələnə bilər və sözsüz ki, hələ bundan sonra da təbii fəlakətlər olacaq, doğumlar, ölümlər bir-birini əvəz edəcəkdir. Məsələn, deyirlər ki, hazırda günəş üzərində eni 800 min kilometrdən iri sat yaranıb. Nə qədər ki, yaşayırıq, sağlıq olsun...
Ətrafımıza boylanıb baxdıqda, görürük ki, məsələn, Ukraynada yağan qar 50-dən çox adamın həyatına son qoyub. Bu binəvalar heç Mayya qiyamətini də görmədilər. Ölümün özü elə ölən adam üçün qiyamət kimi bir şeydir. Ona görə fikrimizi bu cür mövzularla yükləyirik ki, şüurumuz var. Bizim üçün təhlükə törədəcək hər bir hadisə ilə maraqlanırıq. Başqa cür mümkün deyil.
İndi gələk Mayya məsələsinə. Vaxtilə bu qəbilə Mərkəzi Amerika və Latın Amerikasının şimal hissəsində yerləşən ölkələrin nəhəng ərazisində məskunlaşmışdı. Mayya ucu-bucağı görünməyən nəhəng şəhər dövləti idi. Ölkənin süqutundan sonra mayyaların Sirus ulduzuna getdikləri haqda əfsanələr quraşdırılıb. Ancaq hazırda 21 dekabrla bağlı qəzet və televiziya diskussiyalarda iştirakçıların bəziləri Mayya qəbiləsinin tamamilə yoxa çıxdığını iddia edirlər. Bu, səhv fikirdir. Mayya qəbiləsi əhalisi bu gün də yaşamaqda davam edir. Onlar 21 dekabrda dünyanın məhv olacağına inanırlar və bir-iki gün əvvəl öz son ibadətlərini ediblər.
Qədim Mayya inkişafın yüksək mərhələsində olmuşdu. Münəccimlər astroloji proqnozların nəticəsi kimi 2012-ci ilin 21 dekabrında 5-ci 5 minilliyin sonuncu ilinin Balıq, 6-cı beşilliyin 1-ci ilinin isə Qoç bürcü üstündə təhvil olunacağını əsas götürmüşdülər. Xatırladırıq ki, Balıq bürcü su, Qoç bürcü isə od ünsürüdür. Mayya münəccimlərinin fikrincə, iki 5 minlliyin qovşağının ağırlığı və böyük təzyiqi nəticəsində su ünsürü ilə od ünsürünün bir-birilərinə çırpılmaları ciddi fəlakət doğuracaqdır. Onlar daha bir cəhəti - Qoçun Zodiakın birinci, Balığın isə 12-ci axırıncı bürcü olduğunu nəzərə çatdırırlar. Yəni aradakı bütün bürclərə məxsus insanlar da maddi aləmlə birlikdə məhv olacaq. O ki qaldı hər ölkədə saatların müxtəlif vaxtlarda 12.00 rəqəmlərinin üstünə gəlməsinə, yaxşı bilirik ki, yer 24 saat ərzində öz oxu ətrafında fırlanır. Deməli, Şərqdən-günəşin çıxdığı səmtdən başlayaraq, dekabrın 21-də gecə saat 12.00-dan 22 dekabr gecə saat 12.00-dək "qiyamət" qopmalı idi. Əlbəttə, bunu biz yox, Mayya münəccimləri deyib.
Bir daha xatırladırıq ki, Yaponiyada zəlzələnin doğurduğu sunami nəticəsində baş verən dağıntılar, Kürün daşması nəticəsində Sabirabad və ətraf ərazilərin seldən əziyyət çəkməsi, Qaxda zəlzələnin böyük dağıntılar törətməsi, son günlər Avropada şaxtaların çoxsaylı insan ölümlərinə səbəb olması da danılmazdır. Qulaqlara qurğuşun, bu cür fəlakətlər gələcəkdə də bəşəriyyəti müşayiət edəcəkdir. Çünki ölüm həyatın əvəzedicisidir və əsil qiyamət gününədək "həyat-ölüm" əvəzlənməsi davam edəcək. Alimlərin hesablamalarına görə milyard illərlə əvvəl yaranıb kainatın ətrafına cəmi 20 dəfə dövrə vurmağa müvəffəq olmuş günəş 5 milyard ildən sonra məhv olacaq. O vaxtadək yaşamaq lazımdır.
Valeh MƏHƏRRƏMLİ