Dağıdıcı müxalifət düşərgəsi siyasi dalana dirəndikcə, "liderlər" arasında aparılan namizədlik savaşının şiddətlənməsi də yüksək sürətlə davam edir. Əslində, bu kimi seçki davaları hər seçkiöncəsi dövrlərdə müxtəlif aspektlər baxımından yalnız bir nüansı reallaşdırır. Müxalifət daha da zəifləyir, "liderlər" isə olan-qalan elektoratları qarşısında aciz duruma düşürlər. Çünki bu reallığı yalnız biz deyil, elə müxalifətdə təmsil olunan aparıcı funksionerlər də son zamanlar aktuallaşdırmaqdadırlar. Özü də həmin funksionerlər ayrı-ayrılıqda öz "liderlərinə" daha yaxınlıqları ilə seçilməkdədirlər. Əbəs yerə deyil ki, dağıdıcı müxalifətdə mənəm-mənəmlik məsələsi artıq açıq qarşıdurmalara qədər gəlib çatıb. Çünki məsələnin həll olunmamış qalması düşərgənin növbəti rəy sorğusu keçirməsi ilə nəticələnib.
Vaxtilə "İctimai Palata"nın koordinasiya şurasında da "rəy sorğuları" keçirilmişdi
Ancaq həmin mövzuya keçməmişdən qabaq, daha bir xatırlatmanı etmək istərdim. Belə ki, qalmaqallar "palatası" kimi daha çox təsir bağışlayan "İctimai Palata"nın koordinasiya şurasına olan seçkilər zamanında da məhz mənəm-mənəmlik kimi iddialar özünü daha çox qabartmışdı. AXCP-Müsavat "lierləri" səs çoxluğu qazanmaqdan ötrü az qala bir-birləri ilə fiziki güc vasitəsilə danışmağa hazır idilər. Hətta hər iki " liderin" davalarının qarşısını almaqdan ötrü, "İP"-də rəy sorğusu da keçirilmişdi. Yəni hansı partiya sədri koordinasiya şurasının üstün sektorunda yer alacaq? Və həmin ərəfələrdə "Azadlıq" qəzeti AXCP sədri Əli Kərimlinin, "Yeni Müsavat" qəzeti isə İsa Qəmbərin daha çox səs qazandığını iddia edirdi. Nəticədə, partiyalararası savaş daha da şiddətlənməyə başladı ki, hazırda onun nəticələri göz qabağındadır.
Məsələ ondadır ki, vahid namizədlik məsələsində bir-birlərinə bircə addım da olsa yer vermək fikrində olmayan Ə.Kərimli ilə İ.Qəmbər növbəti rəy sorğusu vasitəsilə öz "vacibliklərini" sübut etməyə səy göstərirlər. Artıq müxalifətyönümlü saytlarda həmin rəy sorğusu aparılmaqdadır.
Bəlkə bir dəfə də dönüb reallığa tərəf baxsınlar?
Ancaq maraqlısı da ondadır ki, hər iki partiya rəhbəri öz mətbuat orqanlarında özlərinin təbliğatlarını aparmaq məqsədilə sözügedən sorğuda birinci olduqlarını yazdırırlar. Görünür, bu sorğunun da nəticəsi "İctimai Palata"nın koordinasiya şurasına keçirilən seçkilərdə olduğu kimi dava-dalaşla nəticələnəcək.
Qaldı ki, "vahid namziəd" məsələsinə, inanıram ki, burada da heç bir real nəticə olmayacaq. Çünki nə AXCP sədri Ə.Kərimli, nə də ki, Müsavat başqanı İ.Qəmbər xalqın etimadına layiq olan önəmli fərdlər deyillər. Onların Azərbaycan xalqı qarşısında mövcud olan günahları o qədər böyükdür ki, hər ikisi vahid namizəd deyil, vahid xəyanətkar statuslarına malikdirlər. Vahid xəyanətkarların isə xalq tərəfindən rədd edilməsi zərurəti, əslində, daha real görünür. Hətta rəy sorğuları belə, bunların imdadına çatmayacaq. Ona görə də bəlkə bu "liderlər" ömürlərində bir dəfə də olsa dönüb reallığa tərəf baxsınlar? Axı bu reallığı onların öz ətrafları da təsdiq edirlər. Məgər bu, azdırmı?
RƏFİQƏ