PDF Oxu

Köşə

  • 1 331

Hənək-hənək, yoxsa Yerevana bir dəyənək...

Hənək-hənək, yoxsa Yerevana bir dəyənək...

ATƏT-in Minsk Qrupu daxilində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin qəbul edilmiş Madrid prinsipləri əsasında həlli dalana dirənmişdir. Bu, məzlum quzunun taleyini üç yalavac canavara etibar etmək kimi bir şeydir. Bu üç canavar 20 ildir Vaşinqtondan, Moskvadan və Parisdən qopub Bakı-Yerevan marşrutunu döndəriblər su yoluna. Nə qədər gedib-gəlmək olar?.. Bunlar yorulub əldən düşər ki!.. Bu 20 ildə nə ABŞ, nə də Fransa təmsilçiləri yorulmaq bilmədən işləməkdə davam edirlər. Ancaq bu cür işləməklə yuz il də keçsə, ortaya konkret bir nəticə qoymaq mümkün olmayacaq. Özlərini gərgin işlə məşğul kimi göstərənlərə atalarımız "şeytan müşələri" demişlər. Şeytan müşələri, yəni iblis xidmətçilərinin əhval-ruhiyyələri isə bəd və şər üstündə köklənər. Şər-şər üstünə gəlməsə, bir şərə dözməyə nə var. Supergüclü dövlətlər olan ABŞ, Rusiya və Fransa başlıca diqqəti Cənubi Qafqazda öz maraqlarının gerçəkləşdirilməsinə yönəldib. Rəsmən ABŞ bizim partnyorumuzdur. Vaşinqton bizi keçirdiyi qlobal kampaniyalarının hamısına qoşur. Biz də itaətlə İraqa da, Əfqanıstana da əsgər göndəririk. Bu əməkdaşlıq əlaqələri sabah da davam edəcək. Süperhəmkar bizim problemi görmür, sözlərimizi qulaqardına vurub eşitmir. Onları öz ölçü standartları daha çox maraqlandırır. Bizim standartlar Vaşinqtonu məşğul etmir. ABŞ-da kifayət qədər erməni diasporu fəaliyyət göstərir. Ermənilər ABŞ-ın hakim dairələrinə təsir etmək imkanındadırlar. ABŞ hökuməti erməniləri öz təsir dairələrinə salmaq istəyir. Hələ üstünlük Rusiya siyasilərinin əlindədir. Üstəlik, Vaşinqton da Ermənistana külli miqdarda maliyyə yardımı edir. Rusiya rəsmiləri Ermənistanın iqtisadiyyatını, siyasətini, mədəniyyətini, mənəviyyatını müsadirə edib, 2045-ci ilə kimi hərbi hissələrini bu plasdarmda saxlayacaqlar. Çünki buradan Türkiyəyə və Azərbaycana tez əl uzuada bilərlər. Vaşinqton işğal olunmuş ərazilərimizin qaytarılmasının Rusiya variantını dəstəkləyir. Rusiya da İraq və Əfqanıstan siyasətində Vaşinqtona yaşıl işıq açıb. Yəni nə həmkarımız ABŞ, nə də düşmənimizin dostu Rusiya problemimizin həllinin tezləşməsini istəmir. Vaşinqton da, Moskva da ikili standartlar ölüsüdür. Minsk Qrupunun üçüncü həmsədr ölkəsi olan Fransa Türkiyə ilə NATO-da bir boyunduruq altında olsa da, istənilən anda güclü Ankaranı miskin Yerevanın ayağına verər. Fransa-Azərbaycan əlaqələri qarşılıqlı dostluq münasibətləri dairəsində inkişaf etdirilməkdədir. Ancaq onlar da erməniləri güzəştə getməyə məcbur etməyəcəklər. Çünki Fransada fəaliyyət göstərən erməni diasporu rəsmi dairələr arasında qarşıdurma yarada bilər. Fransa rəsmiləri də ermənilər qarşısında hətta mil durmağa hazırdırlar. Bu vəziyyətdə də reallıq hissini dərk edib, bizim hayımıza qalmaq Fransanın işi deyil. Çünki onun marağı haylarladır. Ancaq bilmirlər ki, hayla gələn vayla gedər. Həqiqət bir qədər xırıltılı olsa da, son anda uğur ona yar olur. Göründüyü kimi, Azərbaycan tək bir Yerevanla yox, bütün Minsk Qrupu həmsədrləri ilə də hərbə-zorbadadır. Biz "Ermənistanın təpəsinə bir dəyənək" desək də, supergüc həpəndlər hələ də "hənək-hənək" deməkdədirlər. Hənək-hənəklə isə iş aşmır.

VALEH MƏHƏRRƏMLİ

Digər xəbərlər