2012-ci ildə Azərbaycanın beynəlxalq dairələrdə Ermənistanın işğalçılıq siyasətinə qarşı yönəltdiyi təbliğatı əvvəlki illərə nisbətən daha səmərəli oldu. Rəsmi Bakı ATƏT-in Minsk Qrupunun işinin səmərəsiz olduğunu göstərməklə, Dağlıq Qarabağ məsələsində status-kvonun saxlanmamasının yeganə yolu kimi Ermənistan ordusunun Qarabağdan çıxarılması məsələsinin vacibliyini ortaya atdı və danışıqlar prosesində Yerevanın yerində saymaqda davam etdiyini vurğuladı.
İndiki halda Azərbaycan işğal altında olan ərazilərini qaytarmaq iqtidarındadır. Bundan qorxuya düşən Ermənistan Moskvanın quyruğunda sürünərək, KTMT-nin köməyinə arxalandığını bildirir. Hazırda KTMT-nin hava hücumlarından müdafiə qurğuları Ermənistan sərhədindən Qarabağ istiqamətinə tuşlanmışdır. Serj Sarkisyan rejimi Yerevan-Xankəndi marşrutu üzrə yük və sərnişin təyyarələrinin uçuş məsələsini ATƏT-in Minsk Qurupunun gündəliyinə salmağa cəhd edir. Bununla da, Ermənistan rəhbərliyi işğala bəraət qazandırmaq niyyətini ortaya qoyur. Gülüş doğuran cəhət odur ki, Minsk Qrupu üzvləri bu absurd təklifi rəsmi Bakıya çatdırmağı özlərinə ar bilmirlər. Əlbəttə, Azərbaycan rəhbərliyinin mövqeyi qətidir və bu təxribatın gerçəkləşməsinə yol verməyəcəkdir.
Üzdə Azərbaycanın ərazi bütövlüyünü tanıyan, batində isə Ermənistana arxa-dayaq duracağından çəkinməyəcəyini bildirən rəsmi Moskva hətta Qəbələ radiolokasiya stansiyasının istismarından da əl çəkməyə razılıq verdi. Başlıca məqsəd, nəyin bahasına olursa-olsun, Yerevanın mövqeyini dəstəkləməkdir. Ancaq Rusiya Qafqazda Azərbaycan sərhədi boyunca öz hərbi texnikasını cəmləşdirməkdə davam edir. Rusiyada rəsmi qeydiyyatda olmayan azərbaycanlıların ölkə hüdudlarından kənarlaşdırılması əməliyyatına başlanılıb.
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin başa çatdırılması, Rusiyadan yan keçməklə, Azərbaycan və Türkiyə arasında TANAP qaz kəməri layihəsinin imzalanması, Azərbaycanın MDB dövlətləri çərçivəsində hərbi təlimlərdə iştirak etməkdən imtina etməsi, rəsmi Bakının Rusiyanın oyuncaq Gömrük və Avrasiya ittifaqlarında təmsil olunmaq istəməməsi Putin hökumətinin yuxusunu ərşə çəkib. Azərbaycanın beynəlxalq qurumlar qarşısında Dağlıq Qarabağ məsələsinin həlli və işğal olunmuş digər ərazilərin qaytarılması tələbini sərt şəkildə qoyması da Rusiya rəsmilərini qıcıqlandırmaqdadır.
Xatırlatmaq yerinə düşərdi ki, 2012-ci ilin nəticələrinə görə 10 tanınmış siyasətçi siyahısının ikinci yerində Rusiya prezidenti Vladimir Putinin adı çəkilir. ABŞ prezidenti Barak Obama altıncı yerlə kifayətlənməli olub. Siyahının birinci sütunu boş saxlanılıb. Həmin yerə layiq olan siyasətçidən qlobal problemlərin sülh yolu ilə ədalətlə həll edilməsi gözlənilər. Hələ ki, bu cür siyasətçinin olmadığı göstərilir. Putin isə öz qeyri-ədalətli mövqeyi ilə ən sərt siyasət yeridən siyasətçi hesab edilir. Rusiya prezidentinin bu mövqeyi, hələ ki, Ermənistanın xeyrinə işləməkdədir. Çünki Ermənistan Rusiyanın müstəmləkəsi altındadır. Müstəqil siyasət yeridən Azərbaycan isə beynəlxalq qüvvələrin hələ də ədaləti bərpa edəcəyinə ümid edir. Əks-təqdirdə, o, öz torpaqlarını hərbi yolla qaytarmağa məcbur olacaq.
Valeh Məhərrəmli