Müxalifət həyatını hər müxalifətçi bir cür başa düşür. Biri düşünür ki, külli-müxalifət yığışıb əyləşməlidi onun ətrafında və o da müxalifət adlı qaragüruhun vahid namizədi, bu da mümkün olmasa, ən azı əsas namizədi seçilsin. O da hay-küy, qaraqışqırıq və dava-qalmaqalla... Bu variant ötən müddət ərzində hər seçki ərəfəsində müşahidə edildiyindən, heç bir elektorat tərəfindən qəbul edilmir. Qəribə də olsa, bu variantın daimi iştirakçıları, əsasən, İsa Qəmbər və Əli Kərimli olur. Ancaq onların bu iddiaları heç vaxt gerçəkləşmir. Bu niyyət bu dəfə "İctimai Palata"da reallaşmadı.
Ancaq elə müaxlifətçi də var ki, yaratdığı qurum zay çıxanda, dərhal başqasını yaradır. Heç canından yel keçməyə də qoymur. Deyəndə ki, a kişi, insafın olsun, bir qoy qurumun üstündən yel-qoz əssin. Düşər-düşməzi olar, bəkə yel onu polad kimi bərkidəcək. Qulaq asmır ki, asmır. Söhbət Eldar Namazovdan gedir. Elə ki, ANİF Ziyalılar Forumunu təsis edib, arxa plana çəkildi. Eldar bəy öz vahid namizədliyini gözə soxmaq üçün öz adının birinci hecasını bərkdən təkrar edib asqırdı. Ziyalılar Forumunun digər yaradıcısı Rüstəm İbrahimbəyov ona "sözünü yarımcümlədən başa düşdüm - dedi. - Sən, özündə elektorat kütləviliyini təmin etmiş EL adlı qurum yaratmaq istəyirsən.
Arzun budur ki, onun əhatə dairəsi adındakı, ikinci hecanın dairəsinə düşməsin, yəni DAR olmasın".
Deyir iki ağıl bir ağıldan üstün olar. İki bəy bir-birinin sözünü təsdiqlədi və bununla da, EL hərəkatı yarandı. EL hərəkatı, yəni Eldar bəyi Rüstəm bəyin xeyir-duası ilə vahid namizəd statusuna çatdıra biləcək bir hərəkət forması. Bunun axırı necə olacaq, Eldar bəy arzusuna çatacaqmı? Bu suallar elektoratın potensiallı və ya potensialsız olmasından asılıdır. Ancaq öz aramızdır, üfüqdə belə bir potensial görüntüsü nəzərə çarpmır. Eldar bəy isə bir el deyiminə arxalanır: el bir olsa dağ oynayar yerindən, sel bir olsa zərbi kərən sındırar. Məsəl yaxşı məsəldir, ancaq vaxtı və məkanı düzgün müəyyən ediləcəyin halda. Eldar bəy isə arzusunu gerçəkliyə çevirməyə qadir olmayan iddiaya düşüb. El arasında deyildiyi kimi, başının girmədiyi yerə bədənini soxmağa çalışır. Hətta qocaman Rüstəm bəy, hətta onu arxadan itələsə də, Eldar bəy EL deşiyinin gözündən keçə bilməyəcək. Bu iddia dəvə nazilib iynənin ildızından keçdikdən sonra gerçəkləşə bilər.
E.Namazovun dağ sanıb arxalandığı, dayaq heç kəs yox, məhz R.İbrahimbəyovdur. Ancaq bu dağ çoxdan siçan və siçovullar tərəfindən deşik-deşik edilibdir. Bu, o, R.İbrahimbəyovdur ki, ona qapı açan hamilərinin ayaqlarının altını qazaraq, dərin uçuruma yuvarlayıbdı. Rüstəm bəy ona çörək verib ağ günə çıxaran Rusiya Kinematoqrafçılar İttifaqının sədri Nikita Mixalkova gözləmədiyi halda arxadan ölümcül zərbə vurubdur. Özü də erməni əsilli Marlen Xutsiyevin fitnə-feli ilə. Axı Rüstəm bəy məhz l Nikitanın rəhbərliyi altında bir yox, iki yox, bir neçə film çəkib, pul qazanıb. Çörəyi dizinin üstündə olan bu adam Eldar bəyə nə gün ağlayacaq?! Rüstəm bəy həm də Daşnaksütyun partiyasının fəal üzvü olan və əli şəhidlərimizin qanına bulaşan Roman Balayanla da nəinki işgüzar, hətta dostluq əlaqələrini də qoruyub-saxlamaqdadır. Bəs şəhidlərin uyuduğu məzarlıqda əyləncə mərkəzi yaratmağı hansı mənəviyyata sığışdırmaq olar?..
E.Namazovun bu cür arxa-dayağa kürək çevirməsi, onun "Böyük dayaq" filmindəki Yastı Salman və Lal Hüseyn kimilərinə bel bağlaması kimi bir şeydir. Bu yolla vahid namizədliyə yox, daha tez kimsəsizlər qəbiristanlığına yollanmaq olar. Bugünkü müxalifətin yönü o yanlıqdır. Axı palata yaradanda, gərək morqu da göz altına alasan.
Valeh Məhərrəmli