PDF Oxu

Köşə

  • 1 181

Rusiya nəfəs aldıqca...

Rusiya nəfəs aldıqca...

Rusiya MDB və KTMT kimi təşkilatlarını, gülməli də görünsə, BMT və NATO-ya alternativ kimi yaradıb. Bu, qarışqa ilə fili müqayisə etmək kimi bir şeydir. Düzdür, BMT-nin də bir çox qərarları yerinə yetirilmir. Bu təşkilatın Azərbaycanın işğal edilməsi ilə əlaqədar 4 qətnaməsi indiyədək yerinə yetirilməmiş qalmaqdadır. Bunun başlıca səbəbi elə özümüzün də 1993-cü ildən üzvü olduğumuz MDB-nin "imperator və diktator dövləti" olan Rusiyadır, daha dəqiq desək, bu ölkənin siyasi dairələridir. BMT və AŞPA-da, ədalətsizliklər müşahidə edilsə də, yerimiz bu beynəlxalq təşkilatlarda daha etibarlı təsir bağışlamaqdadır.

Rus siyasətçiləri çox arzuladılar ki, hərləyib-fırlayıb Azərbaycanı da KTMT-yə salsınlar. Ancaq biz düşmən Ermənistanla MDB-də təmsil olunsaq da, onlarla NATO-dan qat-qat lüzumsuz və kövrək olan hərbi bloka girməkdən imtina etdik. Elə MDB-də də Yerevanla heç bir iqtisadi əlaqə yaratmırıq. KTMT-də Rusiya, Ermənistan və SSRİ-dən qopmuş Orta Asiya ölkələri təmsil olunur. Özbəkistan isə bu hərbi qurumun sıralarını tərk etdi. Ancaq unutmamalıyıq ki, Daşkənd öz etirazı ilə GUÖAM-ı GUAM edən ölkədir.

GUÖAM ona görə yaradılmışdı ki, SSRİ-dən ayrılan bu beş respublika müəyyən sürət götürməklə, Rusiyanın məqsədyönlü cazibəsindən uzaqlaşsın. Ola bilər ki, özbəklər hələ özlərini Rusiyanın təzyiqindən uzaq hesab edirlər. Ancaq bu bəla onların başlarının üstünü aldıqda, təkbaşına ondan can qurtarmaları çətin olacaq. Bu cür təzyiqlərdən ancaq yumruq halında birləşənlər xilas ola bilər. Azərbaycan, Gürcüstan və Moldova Rusiyanın "Səni sevəcəyəm, sən sevməsən də" həqarətindən əzab çəkən və bu əzabın acısını dadmaqda davam edən müstəqil dövlətlərdir. Gürcüstan özünü öz torpağının sahibi olduğunu bir qədər israrla, həm də ABŞ və Qərbin müəyyən dəstəyi də istisna olunmamaqla ifadə etdikdə, Rusiya tərəfindən cəzalandırılaraq, Abxaziya və Cənubi Osetiyadan məhrum edildi. Bununla da bu ölkənin NATO-ya qəbulu gecikdirilir. Öz ordusu olmayan Moldova Dnestryanı problemlə "cəzalandırılmaqdadır". Bunu Moskva edir və qorxur ki, Moldova Rumıniya ilə daha isti münasibətlər qura bilər. Biz moldovanlardan fərqli olaraq, rusdan qorxmayıb Türkiyə ilə açıq əlaqəyə girdik. Rusiya da acıqla Ermənistana ordu yerləşdirdi, bu kölə ölkəni ən ağlasığmaz silahlarla təmin etdi və Suriya tərəfdən Türkiyənin özünə təzyiq göstərməyə başladı. Söhbət buradan Türkiyə ərazisinin atəşə tutulmasından, bombardmana məruz qalmasından və hərbi təyyarəsinin vurulub salınmasından və paraşütlə yerə enən pilotlarının öldürülməsindən gedir. Ermənistan-Azərbaycan probleminə gəldikdə, Rusiya ATƏT MQ-də əyləşən İqor Popovun əli ilə onu Qordi düyünü kimi düyünləyə-düyünləyə getməkdədir. Biz Kremlin çaştuşka sədalarına oynamaq istəmədiyimizə görə, bu düyünü heç vaxt açmayacaqdır. Öz maraqlarını güdən Qərb isə, hələ ki, susmağa üstünlük verir. Üstəlik, Rusiya rəsmiləri bəyanat verirlər ki, "Patriot" raketləri Rusiya və Ermənistan üçün təhlükə mənbəyidir.

Biz çılğın türk kimi danışır, Turan məsələsinə tez-tez eyham vururuq. Ancaq daha geniş ərazidə yaşayan slavyanlar öz birliklərini möhkəmləndirmək haqda çox da danışmırlar. Ukrayna, Belarus, Polşa, Çexiya, Bolqarıstan və slavyan əsilli bir sıra Balkan ölkələri slavyan ölkələri birliyi yaratmaqdan uzaq kimi görünürlər. Çünki ABŞ hansı şövqlə dünyada demokratiyanı yayırsa, slavyanlar bu cür obyektiv mövqe tutan lider dövlət görmürlər. Ən böyük slavyan dövləti Rusiyadır və o, ölkələri özündən asılı vəziyyətdə saxlamaqdan uzağa getmək niyyətində deyil. Odur ki, slavyan əsilli dövlətlər rus adı eşidəndə, elə bil, boğazlarına dolanmış zəhərli ilan görürlər.

Ukrayna atom dövlətidir. Ancaq Moskvanın əlindən o qədər dad döyür ki, gəlib bizimlə GUAM-a qoşulub. Rusiya ona, nisbətən radikal mövqedə dayanan Yuşşenkonu, loyal Yanukoviçlə əvəz etməli oldu. Yoxsa Yuşşenko 2017-ci ildə Rusiyanın Qara dənizdəki hərbi-dəniz donanmasını ərazi sularından çıxaracaqdı. Yanukoviç isə müqavilənin müddətini xeyli üzatdı. Rusiyanın müttəfiqi olan Belarus müstəqil surətdə Avropaya inteqrasiya oluna bilmir. İnad göstərəndə, Moskva dərhal neft və qazı kəsir.

Bu, reallıqdır. Rusiya yaxındadır və zaman onun nəfəsini kəsənədək qorxu variantından yararlanacaq.

Valeh MƏHƏRRƏMLİ

Digər xəbərlər