Bir atalar sözündə deyildiyi kimi: "Utanmasan, oynamağa nə var ki?"
Məhz həmin atalar sözünün ucundan tutaraq ucuzluğa getmək fikrində olmadığım üçün birbaşa mətləbə keçməyi lazım bildim. Çünki ən azından, cəmiyyətdə Xədicə İsmayılova kimi görünmək, X.İsmayılova tipajını bağışlamaq istəmərəm əsla. Heç bunu digər jurnalist həmkarlarıma da (eyni zamanda, müxalifət yazarlarına da - R.) arzulamıram. Ona görə ki, yalnız bu adın arxasında elə məqamlar dayanıb ki, Allah göstərməsin!
Söz yox ki, ictimai hadisələrdə, cəmiyyət arasında cərəyan edən müxtəlif olaylarda jurnalist araşdırmaları, qənaətlərdən, nəticələrdən doğan təhlillər müstəsna əhəmiyyət daşıyır. Əbəs deyil ki, mətbuat həm də dördüncü hakimiyyət anlamı kontekstində ictimai hadisələrdə böyük rola malik olan qüvvə timsalının daşıyıcısıdır. Amma təəssüf ki, dördüncü hakimiyyət daxilində elələri də tapılır ki, onlar mətbuatı ancaq öz şəxsi məqsədlərinin reallaşması istiqamətində sui-istifadə edirlər. X.İsmayılova da belə "jurnalistlərdəndir". Müəyyən dövrlərdə iqtidaryönlü mətbuat vasitələrində jurnalistika fəaliyyəti ilə məşğul olan bu "xanım" yazar, sonradan siyasi mövqeyini dəyişərək, nədənsə müxalifət mediasına tərəf üz tutdu. Düzdür, burada heç də təəccüblnədirə biləcək məqam mövcud deyil. Ancaq hər şeyə rəğmən, ortada yuxarıda qeyd edilən fikir - yəni şəxsi məqsədlərin reallaşdırılması məsələsi dayanıb. Görünür, X.İsmayılovanın sözügedən transferi də məhz həmin məqamlara söykənib. Axı müxalifət mətbuatının təmsilçiləri üçün qəhrəmanları "cani", düzü "əyri", qatığı isə "qara" etmək asan işdir. Həm asandır, həm də pullu, gəlirli! Yəni ki, Azərbaycanın milli-dövlətçilik maraqlarına qarşı çıxış edən, bunun üçün müxalifət mediasından kifayət qədər istifadə edərək, siyasi maraqlarını güdən qüvvələrin sifarişlərindən bəhrələnib "araşdırmalar" aparmaq heç də çətin deyil müxalifət mediası üçün. Əksinə, ləyaqət və mənəviyyatı ayaqlar altında əzərək, pul qazanmaq eşqi onlar üçün "müqəddəs məqamdır". X.İsmayılova da məhz həmin müxalifət mediasında milli-dövlətçilik maraqlarını şəxsi maraqlarına qurban verib "müqəddəs mərama" xidmət etməklə məşğuldur. Üstəlik, milli-əxlaqi dəyərlərimiz üzərindən çalın-çarpaz xətlər çəkmək də öz yerində!
"Səs" qəzetinin bu kimi "ideyalara" və "ideallara" xidmət edən məqamları, belə məqamları reallaşdırmağa cəhd edən fərdləri kəskin tənqid etməsinə dözməyənlər isə sonda öz aqressiv münasibətlərini gizlədə bilməyərək, nədənsə, məhkəmələrə üz tututrlar. Çünki "Səs" qəzeti həmin tənqidi məqalələri ilə antidövlətçilik maraqlarının, həmin maraqlardan doğan maddi gəlirlərin, növbəti sifarişlərin qarşısına keçilməz sədd çəkir. Çünki "Səs" qəzeti müxalifətdə olan dövrlərdə də hazırkı ideya xəttindən kənar olmayıb. Çünki "Səs"in səsi gələndə, çoxları özlərini yığışdırmalı olurlar! Amma X.İsmayılova və onun timsalında olanalar düşünürlər ki, tənqid məqalələri onların Qərbdən gələn "çörəklərini kəsir".
Sözüm ondadır ki, X.İsmayılova ötənlərdə olduğu kimi, bu dəfə də onu tənqid edən məqaləyə görə məhkəməyə müraciət edib. Özü də ötən məhkəmələrindəki iddialarından fərqlənməyən dəyişilməz iddiası ilə. Maraqlıdır ki, adıçəkilən fərd ötən iddialarında "Səs" qəzetindən 2 min manat təzminat tələb edirdisə, hazırda bu məbləğ nə az, nə də çox, düz 50 min (?! - R.) manatı təşkil edib. Hələ bu azmış kimi, özü ilə "quyruğuna" bir neçə nəfər özükümülərini də bağlayıb. Oxucularımızın nəzərinə çatdırım və xatırladım ki, bir müddət əvvəl dağıdıcı müxaifət mediasında Azərbaycanın ali qanunvericilik orqanı olan Milli Məclisin deputatları "Azadlıq" və "Yeni Müsavat" qəzetlərində təhqir olunmuş, bu təhqirin xarici dairələr tərəfindən sifarişlə hazırlanması məsələsi kifayət qədər öz təsdiqini tapmışdı. Söz yox ki, xidmət etdiyi ideologiya ilə yanaşı həm də milli-mənəvi dəyərlərin qorunmasında müstəsna rol oynayan qəzet kimi "Səs" də bununla bağlı müxtəlif yazılar dərc edilmişdi. Çünki MM-də hakim partiya ilə yanaşı, müxalifətdən olan millət vəkilləri də fəaliyyət göstərirlər. Əlbəttə ki, onlar da bu xalqın övladı kimi, Azərbaycan dövlətçiliyinin güclənməsində öz əhəmiyyətli rollarını oynamaqdadırlar. Həmin yazılarda müxalifətin bir neçə qələm dağarcıqları ciddi tənqid atəşinə tutulmuş, yanlış mövqedə olmaları onların nəzərlərinə çatdırılmışdı. Ancaq kimə deyirsən ki?
X.İsmayılovanın budəfəki məhkəmə iddiasında müxalifət yazarlarını da özünə "quyruq qoşması", üstəlik, 2 minlik iddiasını 50 minə qaldırması daha bir müəmmadan xəbər verir. Görünür, X.İsmayılova növbəti dəfə məhkəmə iddiası qaldırarkən, işlədildiyi və işlənildiyi dairələrdən "dəstək" alıb, və "qorxma, Xədicə, bu dəfə 50 min cibindədir" təskinliyini almağa müvəffəq olub. Amma hər şeyə rəğmən, X.İsmayılova bir həqiqəti dərk etməlidir ki, "50 minlik" cəfəngiyyatları timsalında məhz "Səs" qəzetinə münnətdar olmalıdır. Ən azından, arada-sırda təbliğ olunmasına görə. Növbəti məhkəmədə görüşənədək!