Hər parlament və prezident seçkilərindən öncə müxalifət zor-xoş öz ətrafına çoxlu dəstəkçi, tərəfdar toplamaq, elektorat potensialından yararlanmaq xəyalına düşür. İndiki kompyuter əsrində onlar internet şəbəkələrində gün keçirən və onlara dəstəkdən çox, rişxənd edənləri də öz ideyalarının işığına cəlb etməkdən çiyrənmirlər. Ancaq hər dəfə bu cür səyləri uğursuzluqla nəticələnir. Çünki öz işlərini mükəmməl tərzdə qura bilmir və vahid bir mərkəzdə toplaşmaqda çətinlik çəkirlər. Bəs bu ideoloqların başlıca məqsədləri nədir?Bu sualın birmənalı cavabı belədir: əlbəttə, hakimiyyət sükanına yiyələnmək!.. Qanun hər bir vətəndaşa istənilən seçkidə iştirak etmək hüququ verir. Ancaq hər adam bu hüquqdan, sözsüz ki, yararlana bilməz. Bu imkana ancaq potensial bacarığı olan şəxslər malik ola bilərlər. Yəni seçkilərdə namizəd kimi iştirak edən şəxs geniş kütlənin nüfuzunu qazanmalı və Seçki Məcəlləsinin tələblərinə uyğun sayda səs toplaya bilməlidir.
Hakimiyyətə gəlmək xalqın istək və arzularını gerçəkləşdirmək imkanı ilə bağlıdır. Yəni hər bir seçilən şəxs müəyyən əqli səviyyə sahib olmalı və seçici ilə iş aparmaq qabiliyyətinə malik olmalıdır. Ümummilli Lider Heydər Əliyev demişdir ki, müstəqilliyi qazanmaq asan, onu qoruyub-saxlamaq çox çətindir. Bu ifadəni hakimiyyət məsələsinə tətbiq etsək, deyə bilərik ki, hakimiyyətə gəlmək haradasa mümkün və əlçatar olsa da, onu idarə etmək çox çətin və mürəkkəb bir prosesdir və hər adam ondan baş çıxara bilməz.
Gəlin, uzağa getməyib, 1992-ci ilin prezident seçkilərinə qısa ekskurs edək. O vaxt AXC namizədi 60% səs çoxluğu ilə hakimiyyət kürsüsünə yiyələndi. Yəqin ki, əhalinin də əksər hissəsi onların küçə və meydanlardakı çıxışlarına aludə olub, AXC-çilərə etimad göstərmişdi. Bəs nəticəsi nə oldu? AXC kadrları həm siyasi, həm iqtisadi, həm də hərbi sahələrdə ciddi uğur qazana bilməyərək, 1993-cü ilin iyununda ölkəni iflas astanasına gətirdilər. Bu, keçilmiş məlum tariximizdir.
Bəs bu gün hakimiyyətə gəlmək istəyən müxalifətçilər kimlərdir? Bu sualın cavabı hamıya məlumdur. Əlbəttə, 1993-cü ildə hakimiyyəti iflas girdabına yuvarladan AXC-Müsavat "kadrlarıdır". O vaxt yalvarıb-yaxarıb hakimiyyət sükanını tərk edənlər yenidən hakimiyyətə gəlmək iştahasına düşüblər. Ötən 20 ilin ağrı-acısını çiyinlərində daşıyan və "köhnə kadrların" dabbaqda gönlərini tanıyan əhali, çətin ki, onların fitnəsinə uysun. Ancaq yüngül qazancın şirin dadını duyub müxalifətin tələsinə düşənlər, haqq-nahaq onları dəstəkləyə bilərlər. Onlar da kifayət qədər azlıq təşkil edənlərdirlər.
Müxalifət "başbilənləri" 20 il əvvəl olduğu kimi, bu gün də öz aralarında ümumi rəyə gələ bilmirlər. Çünki yaxşı bilirlər ki, qrantın yağlı hissəsi seçəcəkləri birinci şəxsin əlinə keçəcək. Odur ki, birinciliyi əldən vermək istəmirlər. Obyektiv mühakimə yürütsək, bugünkü müxalifət heç də seçkilərdə mütləq uğur qazanacağına əmin deyil. Kobud desək, onlar bunu heç istəmirlər də. Onların başlıca məqsədləri xarici qrantlar hesabına villalarda yaşamaq, bahalı xarici avtomobillərdə gəzmək və günlərini eyş-işrət içəriçində keçirməkdir. Artıq beynəlxalq təşkilatlarda bunların iç üzlərinə bələddirlər. AŞPA-da Kristofer Ştrasserin uğursuzluğunun baiskarı onu yalan məlumatları ilə nüfuzdan salan müxalifət dairələri oldu. Bizim müxalifət harada aş verilirsə, orada başda oturmaq istəyir. Heç vaxt da buna nail olmur. Lənkəranda ləvəngi yeməyə gedən Müsavat başqanı İsa Qəmbərin qara qənbərlə qayıtması buna parlaq misal ola bilər. Əhali bunları qovur və arxalarınca da uğur rəmzi olan su yox, uğursuzluq simvolu olan qara daş atırlar. Müxalifət isə daşın iqtidar tərəfindən atıldığını deyir.
Müxalifətin "Ziyalılar Forumu" da mütərəddid vəziyyətdədir. Maqsud İbrahimbəyov ANİF prezidenti Eldar Namazov və "İctimai Palata" namizədi seçimi arasında qalıb. 72 yaşında xərifləməyə başlayan bu qoca rusdilli qələmini atıb, girişib hakimiyyət savaşına. Bu yandan da köhnə kinini müasir şəraitdə kükrədən ermənipərəst yazıçımız Əkrəm Əylisli özünün rus dilində dərc etdirdiyi "Daş yuxular"ı ilə erməni yuxularını çin çıxarmağa girişib. Görəcək günlərimiz varmış! "Sevil" operasında deyildiyi kimi, gör nə günlərə qaldın, Balaş? Düzgün rasçyot götürə bilməyən müxalifət lap Balaşın gününə düşüb.