Müxalifət "liderlərinin" hansı məqsəd və məramlara xidmət etmələri üzə çıxıb. Yəni bu kimi üzəçıxmalar zaman-zaman ictimaiyyətin diqqətindən kənarda qalmasa da, növbətisi də eyni halı yaşayıb. Dağıdıcı müxalifət aksiyalara hazırlaşır. Ancaq hansı aksiyalara və hansı elektoratla, bax, məsələ də bundadır. Lakin gəlin həmin aksiyaların mahiyyətinə nəzər salaq. Məsələ ondadır ki, iğtişaşlar yaratmaq məqsədilə pozuculuq fəaliyyətinə üstünlük verən Müsavat başqanının müavini Tofiq Yaqublu və REAL sədri İlqar Məmmədov məhz həmin əməllərinə görə istintaqa cəlb ediliblər. Onların istintaqa cəlb edilmələri isə "liderlər" üçün, necə deyərlər, göydəndüşmə olub. Axı ortada heç nə olmamış kimi artistlik etmək də bir az düzgün çıxmayacaqdı. Nəticədə, siyasi artistlərin yenidən arenaya çıxıb klounluq etmələrinə şərait yaradılıb.
Qərb ağalarının yanında gözükölgəli qalmaq istəmirlər
Bu gün AXCP və Müsavat partiyalarına yaxın mətbuat səhifələrində cəmiyyəti mitinqlərə səsləyən qaragüruhçular milləti yenidən iğtişaşlara çağıraraq, Qərb ağalarının yanında gözükölgəli qalmaq istəmirlər. Amma maraqlıdır ki, xalq bunların belə çağırışlarına əhəmiyyət verməsə də, onlar ümid edirlər ki, T.Yaqubluya, İ.Məmmədova görə millət küçələrə tökülüb onların azadlığa çıxmalarını tələb edəcək. Çünki fürsət yaranıb. Fürsət yaranıb ki, Ə.Kərilmi, İ.Qəmbər yenidən gündəmi zəbt edərək, xalqın baş-beynini zəhlətökən bəyanatları ilə xarab etsin. Fürsət yaranıb ki, onların da müdafiə etdikləri Ə.Əylisli xəyanəti mövzusu ikinci plana keçsin və xalq bunları ittiham etməsin. İttiham və sual etməsin ki, axı nəyə görə Ə.Əylislinin törətdiyi məsələyə susmağınızla razılığınızı bildirirsiniz?!
"Liderlərin" Əkrəmə oxunan başqa cür "lənətləri"
Məsələnin ikinci tərəfi isə budur ki, ictimaiyyəti aksiyalara, iğtişaşlara səsləyən "liderlər" nədənsə özləri aksiyaların heç birində gözə dəymirlər. Çünki yaxşı bilirlər ki, onların yerinə aldadılaraq torlarına düşürülən bir qrup binəva gənc küçələrə çıxacaq və nəticədə, qanun qarşısında cavab verəcəklər. Cərimələri isə onlar deyil, "liderlərin" Qərb ağaları ödəyəcək. Çünki T.Yaqublu,ya da İ.Məmmədov amili onlar üçün elə də əhəmiyyətli rol oynamır. Bu adlar sadəcə "liderlərin" reklamı üçün bir balaca rol oynamaqdadır. Reklam olunmaq üçün isə, əlbəttə ki, iğtişaşlar yaratmaq və həbslərə rəvac vermək lazımdır. Bu baxmdan, həm T.Yaqublunun, həm də İ.Məmmədovun həbsini buna misal kimi göstərmək olar.İstənilən halda dağıdıcıların məqsədləri kifayət qədər özünü açığa çıxarmış olub. Necə deyərlər, istədiyim yar idi, yetirdi pərvərdigar. T.Yaqublu və İ.Məmmədovun həbsi bunlar üçün göydəndüşmə "fürsət" oldu. Axı uzun müddətdir ki, gündəmdən silinmişdilər. Yəqin onlar Ə.Əylislini müdafiə etməklə yanaşı, həm də ona lənət oxuyurlar. Ancaq xalqın oxuduğu lənəti deyil, tamamilə başqa lənəti - Əşşi, ay Əkrəm, lənətlər olsun, sənin də " Daş yuxular"ın, vaxt tapdı üzə çıxmağa?