PDF Oxu

Köşə

  • 1 622

Azərbaycan müxalifətinin işini ABŞ-ın səfiri görəcək

Azərbaycan müxalifətinin işini ABŞ-ın səfiri görəcək

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarla bir sıra müxalifət partiyalarının "liderləri" arasındakı görüş şəxsən məndə belə bir müəyyən fikir və həmin fikirdən doğan sual formalaşdırdı. Yəni düşünüb, belə nəticəyə gəldim ki, bundan sonra Azərbaycan müxalifətinin hər bir işini ABŞ səfiri görəcək. Hətta padşahın piyada getdiyi yerə "pəşoy" etmək üçün onların əvəzinə səfir yollanacaq. Çünki başqa cür düşünmək də olumur axı...

Riçard müəllim "dəyərli" tövsiyələr verib

Demək, belə çıxır ki, Morniqstarla görüşən hər bir müxalifətçi partiya sədri ayrı-ayrılıqda ondan nə isə umublar və həmin ummalar tükənib-bitmir. Daha dəqiq desək, ADP sədri Sərdar Cəlaloğlu fikirləşib ki, prezident seçkiləri ərəfəsində ölkədəki ictimai-siyasi vəziyyət və digər aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılarkən, Riçard müəllim ona dəyərli tövsiyyələr verib, ADP-dəki siyasi kursunu müəyyənləşdirəcək. "REAL" hərəkatının həmtəsisçisi Erkin Qədirli də belə nəticəyə gəlib ki, Morninqstar bəy iğtişaşlar törətməkdə günahlandırılan İlqar Məmmədovu həbsxanadan azad edəcək. Eləcə də, Müsavat başqanı İsa Qəmbər belə bir qənaətə gəlib ki, həbsxanada "Səs" qəzeti oxuyan Tofiq Yaqublu da məhz ABŞ səfirinin sayəsində "aç-burax" olacaq. Mən hələ AXCP sədri Əli Kərimlini demirəm! Bu da sevinməyə başlayıb ki, onun Riçard qağası elə-belə, kefinə düşəndə "cəbhə" sədrini aparıb düz prezident kreslosunda otuzduracaq və başına sığal çəkib deyəcək ki, ay Allah, sən nə qəşəng oğlansan, ala, əmi sənə amerikanski konfet versin, vur bədənə!

Yəqin ki, "Ümid" sədri İqbal Ağazadə (adama deyərlər ki, deputatsan, Allahına şükür et və get deputatlığını elə, sənin nə problemin ola bilər ki?-R.), AMİP sədri Yusif Bağırzadə, ALP-nin sədr əvəzi Əvəz Temirxan, reneqat Eldar Namazov da Riçard qağalarından konfet payı umublar. Buna söz yox.

Həyatlarında bircə dəfə də olsa dürüst olub ABŞ səfirinə irad tutmayıblar ki...

Ancaq yaranan sual budur ki, əgər sizlər özünüzü partiya sədri, "lider" kimi görürsünüzsə, onda ABŞ səfiri ilə görüşməkdə məqsədiniz hansı "meyarlara" söykənib? Çünki görümüşük ki, "lider" olan kəs qabağa düşər və öz işini özü görər, daha başqalarına ağız-filan açmaz. Ya da görmüşük ki, partiya sədri özündə qətiyyət tapar və əyilmədən, başqalarının qarşısında diz çökmədən siyasi təşkilatının uğurlarına sevinər, məğlubiyyətlərinə görə isə buraxdığı səhvlərdən nəticə çıxarar. Daha görməmişik ki, cəmiyyətdə özünü "aparıcı müxalifət" kimi təqdim edən "liderlər" bir balaca çətinliyə düşən kimi qaçalar xarici ölkə səfirliklərinə və başlayalar hönkür-hönkür ağlayıb, məzlumlar tamaşasını göstərməyə. Amma bunlar nəinki tamaşa, üstəlik, siyasiləşmiş, ifrat dərəcədə şişirdilmiş sirk nömrələri də göstərirlər. Düşünürlər ki, bəlkə ABŞ səfiri onların klounluqlarına baxıb yazığı gələ və hər bir problemlərini özü həll edə.

Ancaq nədənsə onlar həyatlarında bircə dəfə də olsa dürüst olub ABŞ səfirinə irad tutmayıblar ki, nəyə görə Ağ Ev 100 mindən artıq azərbaycanlı imzlarını heçə sayaraq, Xocalı soyqırımını hətta faciə belə adlandırmayıb gülünc bəyanat səsləndirdi? Lakin hər hansı cinayət əməlləri törədərək qanunları pozan, ölkədə iğtişaşlar yaratmağa cəhd edən fərdlər tez yada düşdü və R.Morniqstar da onlara söz verdi ki, lazım olarsa, əlindən gələn köməyi əsirgəməyəcək. Ona görə də, yuxarıda yazdığım kimi, ağlıma gələn ilk fikir bu oldu ki, yəqin bundan sonra Azərbaycan müxalifətinin işlərini-güclərini məhz ölkəmizdəki ABŞ səfirliyi və oradakı amerikalı diplomatlar həyata keçirəcək. Əlbəttə ki, səfir R.Morninqstar başda olmaqla...

Digər xəbərlər