Uşaq vaxtı bəyləri, xanları və şahları ən qəddar vəhşi ünsürlər kimi təsəvvür edirdim. Düşünürdüm ki, bu məxluqlar insanlara qarşı qəddarlıq edib, onları söyüb, təhqir etməklə əmlaklarını əllərindən alıb, zindanlarda çürüdüblər. Hər kəsin maraqla izlədiyi "Sehirli xalat" kinofilmində xanın qoca kişini və onun nəvələrini şirə yem etmək üçün əmr verməsi şahlara olan nifrətimi daha da artırmışdır. Amma məktəbə gedib, tarixi kitabları vərəqləyib, kitabxanalarda orta və qədim tarixlə bağlı ədəbiyyatla tanış olduqdan sonra heç də bütün şahların, xanların "Sehirli xalat"dakı mənfi obrazlı xandan ibarət olmadığı qənaətinə gəldim. Aydın oldu ki, tarixdə kifayət qədər ədalətli, xeyirxah və xalqını sevən şahlar olub. Misal kimi Şirvanşah İbrahimin xalqını zülmdən xilas etmək və dövlətinin dağılmasının qarşısını almaq üçün Qarabağda işğalçılıq səfərində olan Teymurləngin yanına 9 quldan biri kimi getməsini göstərmək olar. Səfəvi hökmdarı şah Abbas demişdir: "İldə iki dəfə rahat və sakit oluram. Bir Qurban bayramında, ikincisi isə Ramazan bayramında".
Qısası uşaq vaxtı eşitdiklərim və televiziya kinofilmlərindən şahlarla bağlı gördüklərim böyüdükcə alt-üst oldu. Bu gün də o fikirdəyəm ki, həqiqətən də, keçmişə obyektiv və ədalətli yanaşılmalıdır. Bu, həm də imkan verir ki, ədalətli nəticə çıxarasan. Belə bir məsəl var "keçmişə hörmət et ki, gələcəyini qura biləsən". Hər bir kəs xalqın adət-ənənəsinə hörmətlə yanaşmağa borcludur. Amma təəssüflər olsun ki, bu gün elələləri var ki, "filan-adət köhnənin qalığıdır" deyərək, rədd edirlər. Xüsusilə də, televiziya kanallarında keçmişə heç də hörmət edilməyən verilişlərə rast gəlinir. Uşaqlıqdan eşitmişik ki, böyük danışan yerdə, kiçik susub, onu dinləyər. Qız-gəlin ağbirçək, ağsaqqal olan yerdə az-az görünər, üz-gözünə ərkan-kirşan çəkməkdə abır-həya edərdilər. Amma bu ənənə demək olar ki, bəzi televiziya kanallarında nəzərə alınmır. Verilişlərdə birbaşa olaraq, qız-gəlinin saçlarını düzəldir, üz-gözlərini boya ilə bəzəyirlər. Hətta aradabir həyata yenicə qədəm qoyan qızı modelyersayağı kameraların nəzərində o baş-bu başa var-gəl etməyə təhrik edirlər.
Bəzən də elə olur ki, işğal altında olan yaşayış məskənlərimizlə bağlı mahnılar oxuyub, əl götürüb oynayırlar da. "Laçınım", "Ağdamım" və bu kimi mahnılar ətrafında oynayan müğənnilərimiz olur. O gün isə, tanınmış aşıqlardan olan Aşıq Əhliman işğal altında olan ərazilərimizlə bağlı oxuduğu mahnı da, "Düşmən tapdağında qalan torpağım" deyərək, meydanda şəstlə oynamağa üstünlük verirdi. Sizi tam əmin edim ki, aşıq hansı mövzuda musiqi ifa etdiyinin fərqində deyildir. Əgər bilsəydi, o cür kobud səhvə yol verməzdi.
Elə də olur ki, xanım müğənnilərimiz düşmən tapdağı altında olan yaşayış məskənlərimizi özlərinə təxəllüs götürüb, müxtəlif pozalarda şəkillərini saytlarda reklam etdirirlər. Xuraman adlı müğənninin özünə Şuşalı təxəllüsünü götürüb, hansı şoular yaratdığını, yəqin ki, hər kəs görür. Eləcə də, Fədayə adlı xanımın özünə Laçınlı təxəllüsünü götürərək, pərdəarxası əməl dəftərində hansı fəaliyyət yoluna üstünlük verdiyini bilənlər də az deyil. Bir sözlə, bu barədə kifayət qədər yazıb, fikirlər qeyd etmək olar. Qısa məlumatla cəmiyyətdə hələ də Azərbaycan xalqının özünəməxsus yaşam modeli və adət-ənənəsi ollduğunu çatdırmağa çalışdıq. Nəticəsinin necə olacağını isə müəyyən qədər qüsurlu yol tutan insanların öhdəsinə buraxırıq.