PDF Oxu

Köşə

  • 1 579

8 mart münasibətilə müxalifətçi qadınlara arzu edirəm ki...

8 mart münasibətilə müxalifətçi qadınlara arzu edirəm ki...

Bu gün 8 martdır! Fəaliyyətindən, siyasi baxışından, ictimai mövqeyindən asılı olmayan hər bir qadının, hər bir xanımın bayramıdır. Söz yox ki, bu gün müxalifətçi qadınların da bayramıdır. Ancaq digərlərindən fərqli olaraq, onlara bayram münasibəti ilə başqa təbriklərim var. Yəqin ki, AXCP-də, Müsavatda, ALP-də, ADP-də, ACP-də, KXCP-də, "Ümid"-də, AMİP-də, VHP-də, ASDP-də, eləcə də, digər bir çox müxalifət partiyalarında təmsil olunan xanımlar fərqli təbriklərimdən nəticə çıxararaq, onları qəbul edərlər. Hər nə olsa da, axı deyəcəklərim təbrikdir!

Qeyri-sivil hərəkətləri ilə ictimai diqqəti özlərinə tərəf yönəltməsinlər

Arzu edirəm ki, müxalifətçi xanımlar bir daha onları idarə edən kişi "liderlərin" tələlərinə düşərək, küçələrdə keçirilməyə cəhd göstərilən icazəsiz aksiyalarında polis nəzarətinə götürülməsinlər. Çünki bu hal qadına, xanıma, anaya, bacıya yaraşan yaxşı hal deyil.

Arzu edirəm ki, müxalifətçi xanımlar istiqamət götürdükləri siyasi fəaliyyətlərini dağıdıcılıq yolu ilə deyil, normal, kompromis variantlarla və konstruktivlik şəklində qursunlar. Daha qeyri-sivil hərəkətləri ilə ictimai diqqəti özlərinə tərəf yönəltməsinlər.

Arzu edirəm ki, müxalifətçi qadınlar, xüsusilə, dağıdıcı müxalifət mətbuatında yazıları ilə çıxış edən xanımlar Azərbaycan xanımına layiq ifadələrlə özlərinə oxucu kütləsi toplamağı bacarsınlar. Küfr, təhqir dili ilə özlərini camaata güldürməsinlər. Çünki onların yazdıqları məqalələri evlərindəki uşqaları, ərləri də oxuyur.

Diləyirəm ki, müxalifət qadınları apardıqları siyasi rəqabətlərini bəzi Qərb siyasi dairələrinin qaranlıq maraqlarına satmasınlar. Çünki "siyasətini" satan qadın sabah ondan da betər satqınçılıqlara, xəyanətlərə rəvac verə bilər. Bu faktor da qadına, xüsusilə, Azərbaycan qadınına yaraşan hərəkətlərdən deyil.

Qadın böyük qüvvədir!

Arzulayıram ki, müxalifət düşərgəsinin xanımları heç vaxt xarici jurnalistlərin qarşısında öz dövlətlərinə qarşı qondarma teatr səhnəcikləri yaradaraq, uğursuz artistliklər vasitəsilə "ağlayıb-sızlamasınlar". Çünki sabah həmin xarici jurnalistlər öz ölkələrinə gedərək, guya Azərbaycanda qadın hüquqlarının pozulması haqqında şər və böhtan xarakterli məqalələrlə çıxış edəcəklər. Hansı ki, Azərbaycanda qadınlara verilən hüquq və imtiyazların əksəriyyəti Avropa ölkələrində mövcud deyil.

Diləyirəm ki, Azərbaycanın mövcud hakimiyyəti builki seçkilərdə növbəti uğurlu qələbəsini əldə etdikdən sonra, müxalifətdəki xanımlar reallığa düzgün qiymət verib, dövlətçilik xidmətində dayansınlar. Çünki bu dövlətdə onların da övladları böyüyür, təhsil alır, cəmiyyətə qarışır. Bu səbəbdən də həqiqəti dərk etməyə borclu olan xanımlar sonrakı fəaliyyətlərini xalqın dəstəklədiyi hakimiyyətə dəstək verməklə davam etdirsinlər. Çünki onların haqları təmsil olunduqları dağıdıcı müxalifət düşərgəsinin "liderləri" tərəfindən kifayət qədər tapdanır. Onlar orada sadəcə istifadə edilirlər.

Mən bu təbriklərin sayını çox da edə bilərdim. Ancaq buna zaman yetməz. Həm də ona görə ki, qadın aqillərin dediyi kimi böyük qüvvədir. Bu böyük qüvvəyə arzular etmək isə tükənməzdir. Bayramınız mübarək, Azərbaycan müxalifətinin xanımları!

Digər xəbərlər