PDF Oxu

Köşə

  • 1 455

İsa Qəmbərin "gözlənilməz" səfərləri

İsa Qəmbərin "gözlənilməz" səfərləri

O günləri Müsavat başqanının müavini Gülağa Aslanlı oturduğu yerdə durub deyib ki, İsa Qəmbər yenidən Lənkərana səfər edəcək. Edəcək, edəcək də, bizim tərəflərdə deyirlər ki, belə dədəmin ayağının altına kimi! Yəni burada heç bir qəribə hadisə, sensassion xəbər-filan yoxdur. Sadəcə, bunlar məsələni elə şişirdib ictimailəşdirirlər ki, guya İsa Qəmbər, əğstəfürullah, İsa Məsihdir və onun Lənkərana getməsi Talış dağlarından "zühur" etməsi ilə nəticələnəcək. Çünki həmin səfər haqqında bir az da qabarıq və təkəbbürlü tonda danışan G.Aslanlı (mənim Müsavat partiyasında ən yazığım gələn adamlardan biri və birincisi, nədənsə, məhz Gülağa "bəydir". -R.) deyib ki, İ.Qəmbərin Lənkəran səfəri hakimiyyət üçün gözlənilməz (?!-R.)olacaq. Guya hakimiyyət bütün işini-gücünü buraxıb və pusquda dayanıb ki, adə, bu İsa nə vaxt Lənkərana gözlənilməz səfər edəcək ki, onun yolunu bağlayaq. Guya İsa hakimiyyət üçün o qədər maraqlı və o qədər qorxulu rəqibdir ki, o da anidən, iki saniyənin içində Lənkəranda peyda olacaq. Daha gör nə var!

Onun Talış dağlarının arxasından "günəş" kimi "zühur" etməsi hər kəsi "təəccübləndirəcək"

Yəqin Müsavat başqanı göydəki mələklərlə "doqovor" bağlayıb və özünü müvəqqəti İsa Məsih kimi hiss edib. Düşünür ki, onun Talış dağlarının arxasından "günəş" kimi "zühur" etməsi hər kəsi "təəccübləndirəcək". Hətta "Yeni Müsavat"ın köşə yazarları Zamin Hacı, Famil Cəfərli bu barədə dünya mətbuatına yekə-yekə köşə yazıları da yazıb göndərəcəklər. CNN bir tərəfdə, BBC bir tərəfdə, nə bilim, Ermənistanın "Aravot" qəzeti də digər tərəfdə bar-bar bağıracaqlar ki, İsa Qəmbər zühur etdi, İsa Qəmbərin başının üzərində parlaq bulud göründü, İsa Qəmbər ikicə saniyənin içində, gözlənilməz şəkildə Bakıdan Lənkərana düşdü, hakimiyyət isə bunun qarşısını ala bilmədi. Bax, budur bunların sarsaq-sarsaq təxəyyülləri və sərsəm-sərsəm sözlər danışmaları. Budur bunların adamın ətini tökən gülünc bəyanatları. Artığını da gözləməyə dəyməz.

Dala bağlanmış müəmmalı motor və Mozambikin Tarutaru Momondqombo rayonuna "gözlənilməz" səfər

Hələ bu harasıdır ki? Müsavat partiyasında ən çox yazığım gələn şəxslərdən biri və birincisi olan Gülağa "bəy" öncə dedikləri azmış kimi, üstəlik, iddialı şəkildə bildirir ki, İsa Qəmbər nəinki Lənkərana, hətta ölkənin digər bölgələrinə də "gözlənilməz" sfərlər edəcək. Vallahi də, Billahi də adam qalır məhəttəl ki, görəsən, "mələk" İsanın dalına hansı son model motoru bağlayıb ki, o da mələklər kimi gah Lənkərana, gah da ölkənin başqa-başqa regionlarına "gözlənilməz" səfərlər edəcək? İnkişaf görmüşdüm, ancaq bu qədərini yox! "Malades" Müsavata, ən çox yazığım gələn Gülağaya və onun "zühur" edəcək "lideri" İsaya "malades"! Belə getsə, o, nəinki Azərbaycanın hətta uzaq Mozambikin Tarutaru Momondqombo rayonunda onu dəstəkləyən afrikalı aşnalarının da görüşlərinə Mozambik hökumətinin xəbəri olmadan "gözlənilməz" səfər edərək, hər kəsi təəccübləndirəcək...

P.S. Məncə, Mozambikə "gözlənilməz" səfərə gedərkən, oradakı afrikalı sehrbazlara adama bir ağıl duası da yazdırsalar, pis olmazdı...

Digər xəbərlər