Dağıdıcı düşərgədə vəziyyət gərgindir. Özü də elə gərgindir ki, aranın qarışması, məzhəbin itməsi kimi el kəlamı həmin gərginliyin içində toyagetməli məsələdir. Bir tərəfdən "liderlərarası" böhranın dərinləşməsi, bir tərəfdən "vahid namizəd" utopiyasının elə utopik fikir kimi də qalması, bir tərəfdən də parçalayıcı transfer oyunlarının davamlı xarakter alması, həqiqətən də, vəziyyətin kifayət qədər gərgin olmasını sübuta yetirir.
Gərgin vəziyyət demişkən, bu arada "EL" hərəkatının yaradılması və həmin hərəkatın yaradılmasından dərhal sonra "Ziyalılar Forumu"nda və müxalifət partiyalarında ziddiyyətli fikirlərin yer alması da həmin gərginliyə, necə deyərlər, xüsusi rəng qatıb. Məsələ ondadır ki, Rüstəm İbrahimbəyovun və Eldar Namazovun inhisarları altında elan olunmuş "EL" hərəkatının pul davaları, eyni zamanda, "Milli Şura" adı altında tutulan siyahının ardınca yaranmış ikitirəliklərdən sonra belə nəticəyə gəlmək mümkündür ki, "EL"-in yeli düşərgə daxilində hələ çox fəsadlar törətməli olacaq. Hətta yelin dalınca düşərgəni elə bir sel vuracaq ki, oradan əsər-əlamət belə qalmayacaq. Artıq bunun cücərtiləri də yavaş-yavaş görünməkdədir.
PULU ÇATMAYANLAR "EL"-DƏN DEYİL?
Məsələn, E.Namazov "EL"-i elan etdikdən sonra "Ziyalılar Forumu"nun bir neçə üzvü dərhal bəyan etdilər ki, onlar nə hərəkatda, nə də ki, "Milli Şura"da təmsil olunmayacaqlar. Məsələ gün kimi aydındır. Nəzərə alsaq ki, "forum"dan E.Namazovun yanına köçənlərə müəyyən məbləğdə vəsait ödənilib, bu zaman onun yanında olmaq istəməyən reneqatların imtinalarını başa düşmək elə də çətinlik yaratmır. Yəni onlara - imtina edənlərə pul çatmayıb və onlar da reneqat (üzüdönük -M.) olduqları üçün dərhal E.Namazovdan üz çeviriblər. Bununla da ilkin parçalanmaya start verilib.
Başqa tərəfdən, AXCP və Müsavat partiyalarından "EL" hərəkatına doğru baş tutan transferlər də sözügedən parçalanmanın tərkib hissədidir. O günləri adının açıqlanmamasını istəyən "cəbhə" funksionerlərindən biri bildirib ki, bəs AXCP sədri Əli Kərimli özünə yaxın ətrafını toplayaraq, "EL"-ə üzv olan "cəbhəçiləri" xəyanətkar elan edib. Qəribədir ki, Müsavat partiyasında da eyni hal baş verib.
ARDICIL VƏ TƏBİİ FƏLAKƏTLƏR
Buradan da görünür ki, artıq, "EL" -in yeli "Ziyalılar Forumu", müxalifət partiyaları ilə yanaşı, həm də müxalifətdaxili qurumların - "İctimai Palata"nın, "Məşvərət Şurası"nın da zəif təməllərini yerindən oynadıb.
Lakin nəyin necə və hansı çərçivədə baş verməsindən asılı olmayaraq, "EL" hərəkatının yeli və seli bu qurumun da parçalanması ilə nəticəsini tapacaq. Çünki düşünmək sadəlöhvlük olardı ki, bütün qeyd edilən hallardan sonra AXCP və Müsavat, eyni zamanda, digər müxalifət partiyaları yaranmış hadisələrə susqun münasibət bəsləyəcəklər. Hətta "EL"-in yelinin ardınca düşərgəni yuyub-aparacaq sel sonradan qayıdıb adıçəkilən hərəkatı da fəlakətə düçar edəcək. Bir sözlə, dağıdıcı düşərgə ardıcıl və təbii (yəni müxalifətin parçalanması təbiilikdən doğan hadisədir -M.) fəlakətlərdən yaxa qurtara bilməyəcək. Necə deyərlər, kor-kor, gör-gördür...