Boş qalanda yalnız hakimiyyəti hədəfə almağa cəhd edən müxalifət ünsürlərinin "aparıcı" sima(sız)larından olan Eldar Namazovun başı bu dəfə ofis dərdinə qarışıb. Guya hakimiyyət onun ofisini əlindən almaq istəyir və iqtidar "EL"-in "gücünə" 17 gün dözübmüş (?!-R.). Maraqlıdır ki, bu gün özünü yığıb-yığışdıra bilməyən "EL" və onun "başbiləni" E.Namazov nədənsə kirayələdiyi ofisindən çıxarılmağını hakimiyyətin üzərinə yıxmaqla özü-özünü ifşa edir. Deyir ki, guya hakimiyyət onun kirayələdiyi villanın sahibinə təpki göstərib və villanın da sahibi "qorxusundan" E.Namazova deyib ki, sən Allah, məni xataya salma, çıx mənim villamdan (?!-R.). Qərəz, səviyyəsizlik, yalan və şantaj görmüşdük, ancaq bu qədərini yox! Axı ay E.Namazov, sən özünü nə qədər "vacib" və "əhəmiyyətli" fərd hesab edirsən ki, hakimiyyətin səndən çəkindiyini iddia edirsən? Yəni sən hakimiyyət üçün bu qədərmi kabus və qorxulusan? Əlbəttə ki, əsla yox! Çünki hakimiyyət sənin kimilərinə başını qatsa, dövlət və xalq üçün gördüyü vacib, əhəmiyyətli işlərini reallaşdıra bilməz. Ancaq göründüyü kimi, hakimiyyət həm dövlətin inkişafı, həm də xalq üçün kifayət qədər işlər aparır və xalq bu hakimiyyəti dəstəkləyir.
Ofis davası, yoxsa...
E.Namazov isə sözü qurtaranda naşı bulvar aşıqları kimi dalay-dalay deyib, dad ağlayır. Çünki onun daha səmərəli fəaliyyət göstərməyi mümkün deyil. Eyni zamanda, bu fərd müxalifətçiliyi məhz bu kimi dalay-dalaylarla ölçür. Həqiqi müxalifətçilik etməyi isə bacarmır. Hansı ki, dövlət strukturunda işləyəndə də adicə papkanı belə, daşıya bilmədi. İndi də durub ofis davası döyür.Həmçinin, E.Namazovun həyasızlığı artıq o dərəcəyə çatıb ki, həmin iddialarını səsləndirərərkən, daha bir özünüifşa əməlini ortaya qoyub.
Kişiyə yaraşmayan davranış
Məsələn, "hakimiyyət "EL"-ə 17 gün dözdü" kimi sərsəm ifadə səsləndirərkən unudub ki, o, sözügedən ofisində "YES" blokunu yaratdığı dövrlərdən, yəni uzun illərdir ki, oturub. Və əgər hakimiyyətə lazım olsaydı, elə o vaxtdan onun dalından dəyə bilərdi. Ancaq göründüyü kimi, E.Namazov bir neçə il idi ki, həmin ofisdə oturub Azərbaycanın milli dövlətçilik maraqlarını satmaqla məşğul olub. İndi də durub deyir ki, 17 gün belə gəldi, ofis də belə getdi və s.Lakin daha bir maraqlı məqam da budur ki, E. Namazov həmin səviyyəsiz iddialarını ortaya atarkən, onun mebelləri və ofis ləvazimatları hələ də yerli-yataqlı olaraq toxunulmamış qalmışdı. Yəni heç kim onu ofisindən çıxarmayıbmış. Şəxsən bir qadın kimi, mən belə səs-küyü, belə artistlikləri kişiyə yaraşan davranış kimi qəbul etmirəm. Ona görə də E.Namazova təklif edirəm ki, bir az da azərbaycanlı mərdliyinə sahib olmağı bacarsın. Daha ermənilər kimi özündən "mnoqostradalnıy" oyunu çıxarmasın. Ən azından ayıbdır!