Müxalifətdən bəzi ünsürlərin müxtəlif ideoloji məsələlərdə milli dövlətçilik ideyalarına, milli məfkurə amillərinə kəc baxmaları adi hala çevrilibdir desək, qətiyyən yanılmarıq. Yəni bu kimi fərdlərin gah bu, gah da digər formalarda bayrağa, millətə, gerbə, eləcə də, himnə qarşı göstərdikləri çoxsaylı sayqısızlıqlar, təəssüf ki, mövcuddur. Məhz bu faktorları nəzərə alaraq qətiyyən yanılmarıq və səhv etmərik ki, sözügedən rəzillər, həqiqətən də, Azərbaycan xalqının, Azərbaycan dövlətinin düşmənləridirlər. Deyilənləri bir neçə misalla sübuta yetirmək olar.
Paytaxt Bakıda inşa olunan, dünyada analoqu olmayan, xalqımızın qürur mənbəyi kimi tanınan Dövlət Bayrağı Meydanı istifadəyə verilən gündən başlayaraq, dağıdıcı müxaifət mətbuatının qələmdarları "liderlərinin" göstərişlərinə əsasən, gah bayraq dirəyinin əyildiyini, gah bayrağın cırılacağı haqqında versiyalarını, gah da bu barədə "ağıllı" ekspertlərin "rəylərini" yazmağa başladılar. Hətta düşmən Ermənistan mətbuatı "Azadlıq", "Yeni Müsavat" kimi xəyanətkar mətbu orqanlarının dərc etdikləri qərəzli yazıları öz səhifələrində, informasiya portallarında yerləşdirirdi. Ancaq nə dirək əyildi, nə də ki, bayrağımız cırıldı. Bəlli olan o oldu ki, bunlar, həqiqətən də, Azərbaycan iqtidarının əldə etdiyi hər bir milli uğuru antimillili davranışları ilə həzm edə bilmirlər. Çünki satqındırlar, çünki onların yürütdükləri "siyasət" bundan ötəyə "inkişaf" etməyib!
Belə ki, bu dəfə "Ümid" partiyası sədrinin müavini Ruslan İzzətli Azərbaycan bayrağını dəyişdirilərək, Azərbaycanda Xalq Cümhuriyyəti zamanındakı üzərində aypara və səkkiz guşəli ulduz olan qırmızı rəngli bayraqla əvəzlənməsini təklif edib. O buna "səbəb" kimi hazırkı bayrağın üzərindəki mavi və yaşıl rənglərin bir-birinə zidd olduğunu iddia edib (?!-R.)
Yuxarıda vurğuladığımız kimi, dövlət atributlarımızın dəyişdirilməsi ilə bağlı fikirlər birinci dəfə deyil. Yəni belə həyasızlıqlar öncələr də olub. Məsələn, bu yaxınlarda Müsavat başqanı İsa Qəmbər "gənclərlə görüşündə" Azərbaycanın dövlət himnini ələ salaraq, onu təhqir etmişdi.
Bundan əvvəl isə "İctimai Palata"nın üzvü Elman Cəlilov Azərbaycan Respublikasının gerbinin dəyişdirilməsini (?!-R.) təklif etmişdi. Hazırkı gerbimizin ADR-in gerbinin olmadığını iddia edən E.Cəlilovun dar düşüncəsinı görə, gerbə odun" Allah" sözünü canlandırması düzgün deyilmiş. Maraqlıdır, gerbimizdə Müsavat, yaxud da Daşnaksütyunmu yazılmalıydı?!
Ümumiyyətlə, bunlar qanmalıdırlar ki, Azərbaycanın atributları xalq tərəfindən qəbul olunub və sevilir. İslamçılıq, türkçülük, müasirlik üçü bir yerdə sintez olursa, xalqımızın milli ruhunu ifadə edirsə, bu, bizim millət olaraq, dövlət olaraq kimliyimizin, milli mədəniyyətimizin göstəricisidir. Azərbaycan xalqının üç mədəniyyətin qovşağında yaşaması və bunları özündə ehtiva etməsi məhz millətimizin və xalqımızın nəhəngliyidir.
İqabal Ağazadənin müavini qanmalıdır ki, bayrağın üzərində əks olunan rənglər millətin ideoloji hədəflərini əks etdirir. Bu hədəflərin heç biri bir-birinə zidd deyil. Bayrağımızdakı mavi və yaşıl rənglər arasında heç bir ziddiyyət yoxdur. Bu millətin kökü türkçülükdür, mənəvi inancı isə islamdır. İnkişaf istiqaməti də demokratiyanın təzahürüdür.
Kimsə savadsızdırsa, kimsə bu rənglərin mənalarının nə olduğuna dərk edə bilmirsə, kimsə ideoloji boşluq içərisində solçuluqdan sağçılığa, sağçılıqdan başqa dəyərlərə sapırsa və bu dəyərlərin nə olduğunu anlamırsa, bayrağın üzərinə getməkdənsə öz şəxsiyyətinin və vicdanının üzərinə getməlidir. Onların nəzərlərinə şəxsi mövqeyimi çatdıraraq, bildirirəm ki, millətimin, dövlətimin, xalqımın bayrağımı təhqir edənin, dövlət bayrağımı, dövlət himnimi, dövlət gerbimi bəyənməyənlərin başlarına minlərlə belə bayraq sancaram!
P.S. Belə rəzil fərdlər bilməlidirlər ki, Azərbaycan dövlət atributunu məqsədyönlü şəkildə təhqir edərlərsə, onlar Cinayət Məcəlləsinin tələblərinə uyğun olaraq cəzalandırılmalıdırlar. Çünki həmin cəzanı haqq ediblər!