Bu həftə həm də bir futfol yeddigünlüyüdür desək, yanılmarıq. Ölkə çempionatı ilə yanaşı, UEFA Çempionlar Liqasının da bir-birindən maraqlı və nəfəskəsici oyunları azarkeşlərin marağını kifayət qədər təmin edib. Verilən proqnozlar, totalizator mərcləri isə bu yarışlara, necə deyərlər, rəng qatıb. Ancaq hər bir azərbaycanlı azarkeşləri kimi, mənim də "Real" Madrid və "Qalatasaray" qarşılaşmasına daha çox maraq göstərməyim təbii idi. Əlbəttə ki, "Qalatasaray"ın "Real"la heç olmasa bərabərliyə oynayacağını ümid edirdik.
Hər halda, "Qalatasaray"ın rəqibi də adi rəqib deyildi - nəhəng "Real"la baş-başa oynamaq, özü də onun evində oynamaq, əlbəttə ki, optimal variant kimi nəzərə çarpmırdı. Ancaq necə deyərlər, qələbəyə olmasa da, bərabərliyə ümid edirdik. Təəssüf ki, bu, baş vermədi və "Qalatasaray" böyük hesabla - 3:0-la məğlub oldu...
HADİSƏLƏRƏ REAL QİYMƏT VERƏ BİLMƏYƏN "SİYASƏTÇİ"
Ancaq məsələnin daha bir maraqlı məqamı mənim diqqətimi cəlb etdi. Belə ki, informasiya saytlarından birinin verdiyi məlumata görə, azərbaycanlı azarkeşlərin maraqla gözlədiyi bu oyunla bağlı təkcə sıravi vətəndaşlar deyil, eləcə də, bir sıra siyasətçilər proqnozlar veriblər və Müsavat başqanı İsa Qəmbər öz Facebook hesabında oyundan əvvəl bu statusu yazıb: "Real"ı finalda udmaq çox çətin olardı, indi bəlkə də mümkün olacaq".
Belə baxanda, deyə bilərik ki, İ.Qəmbərdir daaa, hər zamankı kimi statusdur, yazıb. Ancaq başqa tərəfdən baxanda, Müsavat başqanının müxtəlif hadisələrə optimal şəkildə, reallıqla yanaşmağı bacarmadığı həmin statusundakı proqnozunda kifayət qədər görünməkdədir. Guya ki, "Real"ı finalda udmağın çətin olduğunu iddia edən İ.Qəmbər sonuncu oyunda "Qalatasaray"ın qalib gələcəyini proqnozlaşdırıb. Beləliklə də, sübut etdi ki, o, heç vaxt hadisələrə real qiymət verən "siyasətçi" təsiri bağışlamayıb. Bu, aksiomadır. Və bu "qələbə" proqnozu mənə daha bir məsələni xatırlatdı. Nə az, nə çox, düz 20 ildir ki, müxalifətin Müsavat partiyasının başçılığı ilə hakimiyyətə gələcəyini proqnoz olaraq iddia edən İ.Qəmbər həmin proqnozunda yanılıb.
GET GÜL BALAN TURQUT QƏMBƏRƏ PROQNOZLAR VER Kİ, "OĞLUM, QORXMA, SƏNİ TUTUB-ELƏMƏYƏCƏKLƏR"
Görünür, baş verəcək istənilən hadisələrə düzgün nəticələr verə bilməyən İ.Qəmbər bundan sonra verəcəyi hələ bir çox proqozlarında ciddi yanlışlıqlara yol verəcək. Məncə, Müsavat başqanının özünü verdiyi uğursuz proqnozları ilə ictimai rəydə biabır, rüsvay etməsə daha yaxşı olardı.
Adama deyərlər, axı səni kim məcbur etmişdi ki, özündənmüştəbeh proqnozlarınla hər zaman yanlış fikirlərdə olduğunu reklam edəsən? Ondansa, get gül balan olan Turqut Qəmbərə proqnozlar ver ki, "oğlum, qorxma, əsmə, titrəmə, səni tutub-eləməyəcəklər". Ancaq İ.Qəmbərin daim yanlış proqnozlar verdiyini nəzərə alarsaq, deyə bilərik ki, oğlu T.Qəmbəri tuta da bilərlər. Ona görə də İsa "bəy" ümumiyyətlə proqnozlar-filanlar verməsə, daha yaxşı olardı...