Ötən gün Müsavat partiyasının qərargahında "İctimai Palata" adlanan qondarma, fəaliyyətsiz və xarici siyasi dairələrə satılmış, eləcə də onların altlarına atılmış, bəlkə də yıxılmış qurumun koordinasiya şurasının üzvü İbrahim İbrahimli mətbuat konfransı keçirib. Belə ki, ölkədə jurnalistlər üçün yaradılmış demokratik mühitdən yararlanan, söz və ifadə azadlığını dəyərləndirən "Səs" qəzetinin müxbiri, həmkarım Seymur Feyruzov da həmin konfransda iştirak etmək üçün Müsavat partiyasının qərargahına gedib. Çünki İ.İbrahimli sözügedən konfransda guya Naxçıvanda fiziki təzyiqlərə məruz qalması iddiası ilə bağlı ətraflı məlumat verəcəkmiş...
Konfransın başlanmasından öncə isə həmkarım maraqlı və düşündürücü situasiyayla qarşı-qarşıya qalmalı olub. Məsələ ondadır ki, mətbuat konfransı məkanına gedən Samir burada yanında tanımadığı iki nəfərlə birlikdə çay süfrəsi arxasında əyləşən İbrahim İbrahimli tərəfindən masaya dəvət olunub. İ.İbrahimli onun "Səs" qəzetini təmsil etdiyini bildikdən sonra jurnalistə qarşı təhqiramiz ifadələr işlətməklə, konfransa qatılmağına etiraz edib. Lakin bu da azmış kimi, İ.İbrahimli həmkarımın simasında "Səs" qəzetini və onun əməkdaşlarını da aşırı kobud ifadələrlə təhqir edib. Əməkdaşlarımızı "casusluq" etməkdə günahlandıran İbrahimli haray-şüvən salaraq boğazını cırıb ki, "Səs" qəzetinə, onun əməkdaşına burada yer yoxdur və s.
Göründüyü kimi, mitinqlərdəki bəlağətli çıxışlarında söz və ifadə azadlığından, insan haqlarından dəm vuran İ.İbrahimli görəsən adi bir mətbuat nümayəndəsinin vəzifə və haqlarını tanımamaqla yanaşı, ahıl çağında hansı "etikaya" sahibi olduğunu da göstərib.
Ancaq məsələ yalnız bunda deyil. Bəri başdan deyim ki, sadə qəzet əməkdaşını "casusluqda" suçlayan bu fərd özünü istiqlalçı deputat adlandırsa da, istiqlalçı deputat adına layiq olmadığını, bu ada hörmət qoymadığını da məhz özü tərəfindən təsdiqlədi. Çünki belə adı daşımaq elə də asan məsələ deyil.
Başqa tərəfdən, həmkarımı və bütövlükdə "Səs" qəzetini ittiham etməyə qalxan İbrahim qanmalıdır ki, bu gün onun özünün təmsil olunduğu düşərgənin yarıdan çoxu Azərbaycanın milli-dövlətçilik maraqlarını müxtəlif xarici dairələrə satmaqla məşğuldurlar. Əgər belə deyilsə, qərargahında mətbuat konfransı düzənlənən Müsavat başqanı İsa Qəmbər bir zamanlar "KQB" agenti olmadığını ortaya çıxaraq sübuta yetirsin. Əgər belə deyilsə, AXCP sədri Əli Kərimli də çıxsın "Azadlıq" meydanına və sübut etsin ki, zaman-zaman ölkənin milli-dövlətçilik maraqlarını İranın casus şəbəkələrinə satmayıb. Və əgər belə deyilsə, dağıdıcı müxalifət düşərgəsinin "liderləri" bütövlükdə ortaya dəlil qoysunlar ki, onlar Azərbaycanda maraqları olan bir çox siyasi dairələrlə iş birliyinə, anlaşmaya getməyiblər. Ancaq bunu buz də bilirik, elə İ.İbrahimli də yaxşı bilir ki, hazırkı tələbləri yerinə yetirməyə onların gücü və iradəsi çatmaz. Çünki bunun sonrası da var. Yəni xalqın qarşısına çıxıb cavab vermək məsələsi!
Məgər İ.İbrahimli bilmirmi ki, o, Müsavat başqanı İ.Qəmbərin qərargahında mətbuat konfransı düzənləyərkən, məhz həmin İ.Qəmbər Potsdamda erməni siyasətçisi Aram Manukyanla imzaladığı separatçı sazişi gecələr yatarkən əzizləyib başının altında saxlayır?! İ.İbrahimli bilmirmi ki, Müsavat qərargahının qabağında həmkarıma olmazın təhqirlər yağdırıb, onun getməsini tələb edərkən, ağuşuna sığındığı İ.Qəmbər "lazım olsa şeytanla da əməkdaşlığa gedəcəyik" (yəni şeytana da "sukalıq" edəcəyik -R.) tipli bəyanatlar səsləndirərək, öz siyasi baxışını ifşa etmişdi?! Əlbəttə ki, bilir. Sadəcə, psixoloji ajiotaja qapılan meydan təfəkkürlü və köhnəlmiş İbrahim "bəy" özündən yenidən "qəhrəman" düzəltməkdən ötrü düşüb ortaya və adi müxbirə qarşı kuklalıq hərəkətləri göstərib.
Ancaq mənim burada təşəkkür etmək istədiyim tərəflər də var. Məsələn, müxalifətçiliyi bu kimi idbarçılıq və aşırı radikallıqda görməyi düzgün hesab etməyən Seyid adlı müsavatçı İ.İbrahimliyə öz qəti etirazını bildirib və nəzərinə çatdırıb ki, belə hərəkətlər özünü "istiqlaçı deputat" adlandıran fərdə yaraşmayan hərəkətlərdir. Hətta o, İ.İbrahimliyə irad tutub ki, o belə davranışlarıylamı gəncləri müxalifətə cəlb etməyə çalışır? Maraqlı iraddır desək, yanılmarıq...
Amma sonda İ.İbrahimliyə sual etmək istərdim ki, əgər onun "liderləri" bir çox siyasi dairələrin casuslarıdırsa, bəs onda onun özü haranın "sukasıdır"?
P.S. Maraqlı nüans: İ.İbrahimli tumanını başına çəkib haray- şüvən salır ki, bəs onu aprelin 6-da Naxçıvanda "vəhşicəsinə" döyüblər. Ancaq onun üz-gözündə bircə dənə də olsun əzilmiş, kəsilmiş, deşilmiş, yaxud da burulmuş yara görmədik. Çünki belə yaralar 4-5 günə də sağalmır. Ona görə də köşə yazısının başındakı və sonundakı sualı vermək məcburiyyətində qaldım...