PDF Oxu

Köşə

  • 1 431

SER RİÇARD, YA "NEMES" OL, YA DA Kİ, "SOVET"

SER RİÇARD, YA "NEMES" OL, YA DA Kİ, "SOVET"

Nənəmgilin kəndində Mamedov Sovet Kommunist oğlu adında bir kişi varıydı. Adı-soyadı qalsın bir tərəfə, onun hər zaman qeyri-müəyyən davranışları kənd sakinlərini bezdirmişdi. Bir də baxırdın ki, kimsə bir-biri ilə dava-dalaş salıb və Kommunustin oğlu Sovet də özünü salıb həmin dava-dalaşın içinə. Guya onun məqsədi dalaşanlar arasında sülh yaratmaq missiyasından ibarət olub. Ancaq görürdün ki, aralaşdırdığı şəxsləri barışdırmaq üçün ya bir tərəfin, ya da digər tərəfin xeyrinə söz deyirdi. Belə hadisələrin birində Müştəba dayı ilə Ağamüseyib əminin uşaqları şirinquş manpası konfeti üstündə dalaşırmış. Hətta iş daşlaşmağa qədər uzanmışdı. Belə məqamda yenidən "barışdırıcılıq missiyasını" həyata keçirməyə cəhd edən Sovet kişi ortaya atılır və bir-birinə daş tolazlayan uşaqlara daş atmağa başlayır. Və bu an Müştəba dayının oğlu ağacın dalımndan başını çıxarıb deyir - Əşşi, ay Sovet əmi, sən də birdəfəlik ya "sovet" ol, ya da "nemes" da bə! Keç ya mənim cinahıma ya da qarşı tərəfə. Yoxsa düşmüsən ortaya və hər ikimizi də daşa basırsan...

Mamedov Sovet Kommunist oğlu və Riçar Morniqstar bənzərliyi

Bu hadisə mənm yadıma elə-belə, havadan düşmədi. Bu hadisə informasiya saytlarının birində ABŞ-ın Azərbaycandakı səfiri Riçar Morniqstarın verdiyi bəyanatından sonra yadıma düşdü. Çünki səfirin bəyanatını oxuyandan sonra onun da Mamedov Sovet Kommunist oğlu kimi qeyri-müəyyən - ya "sovet", ya da "nemes" olması məsələsi məni çox maraqlandırdı. Yəni hər iki fərdin - həm Sovet kişinin, həm də Riçardın bənzərliyi məsələsi məni narahat etməyə başladı...

Belə ki, "Mən Azərbaycanın dostuyam" deyən ser Riçard müxalifət düşərgəsinə yaxınlığı ilə seçilən, bu ad altında gənclər arasında dağıdıcılıq və aşırı radikalizm təbliğatı aparan, Azərbaycan dövlətçiliyinin milli maraqlarını qaranlıq siyasi dairələrə satan "Azad Fikir Universiteti"nin ("AFU"-R.) möhürlənməsinə etiraz etməsi, düzü, məndə bu sualı yaratdı ki, axı bir halda adıçəkilən qurum Azərbeycanın əleyhinə işləyirsə, səfir nəyə görə bundan narahat olmağa başlayıb?

Riçard bir balaca "nemes" tərəfə yıxılır

Morninqstar deyib ki, etirazlarda və vətəndaş cəmiyyəti hərəkatında (?!-R.) fəal iştirak edən gənclərin (məsələn, NİDA-çıların və digər bu kimi radikal təşkilatların -R.) saxlanılması və dindirilməsi daxil olmaqla, builki etirazlara qarşı hökumətin reaksiyası onu narahat edir: "Dünən axşam rəsmilər tərəfindən Azad Fikir Universiteti ofisinin bağlanılması barədə məlumatı eşitmək məni xüsusilə məyus etdi".

İndi cənab Riçarddan soruşmaq lazımdır ki, siz vətəndaş cəmiyyəti və etiraz sözlərini bir-birinə uzlaşdırırsınızsa, onda təəssüf ki, sizin siyasi bilginiz də sual altında qalır. Çünki vətəndaş cəmiyyəti ölkə qanunvericiliyinə görə heç bir siyasi, kommersiya fəaliyyəti göstərə bilməz. Ancaq göründüyü kimi, Azərbaycanda siyasiləşmiş QHT-lər bu gün də ABŞ-ın bəzi qurumları, məsələn, Milli Demokratiya İnstitutunun təlimatlarını yerinə yetirirlər. Özü də dağıdıcı müxalifət partiyaları ilə birgə! Həmçinin, gizli kommersiya şəbəkələri də həmin təşkilatlara kifayət qədər maddi yardımlar edir. Məgər bu halın özünü normal vətəndaş cəmiyyəti fəaliyyəti adlandırmaq olarmı? Əlbəttə ki, yox!

Məhz "AFU"-nun da bağlanması nədənsə ser Riçardı narahat etməyə başlayıb. Ancaq bir fikir məni yaman narahat etməyə başlayıb. Hətta gecələr də gözümə yuxu getmir. Məni də narahat edən məsələ budur ki, görəsən, ABŞ-ın Azərbaycandakı səfiri cənab R.Morniqstar Azərbaycanı özünə dost hesab edirsə, nəyə görə Azərbaycan əleyhinə çıxış edən siyasiləşmiş radikal qrupları vətəndaş cəmiyyəti adı altında ictimaiyyətə sırımağa başlayır? Müştəba dayının oğlu demişkən, əşşi, sən də birdəfəlik ya "nemes" ol, ya da "sovet" ki, biz də öz işimizi bilək və gecələr də gözümüzə yuxu gəlsin da bə! Ancaq öz aramızdır, ser Riçard bir balaca "nemes" tərəfə yıxılır haaa...

RƏFİQƏ

Digər xəbərlər