Siyasətdə hər şey görmüşdüm, amma adam oğurluğu yox. Nə təhər deyərlər, ölmədik, bunu da gördük! Sən demə, Eldar Namazovun rəhbərlik etdiyi "EL" adlı qondarma qurumda "pripiska" əməliyyatıyla yanaşı, adam oğurluğu da baş verir. Məsələn, o günləri Müsavat icra aparatının rəhbəri Arif Hacılı durub deyib ki, təmsil etdiyi partiyanın yerlərdəki təşkilatlarında fəaliyyət göstərən şəxsləri E.Namazov oğurlayaraq "hərəkatı"nın hesabına işlədir. Görünür, rayonlardakı müsavatçılar da öz başqanlarından o qədər beziblər ki, pənahlarını "EL"-də axtarmağa başlayıblar. Ancaq bunun da səbəbi var və həmin səbəbin əsas qayəsi də maddiyyat məsələsidir. Bunu həmin qurumda olan tərəflər də öz dilləri ilə təsdiq ediblər. Məsələn, Namazovun ətəyindən düşməyən Eldəniz Quliyev deyib ki, təmsil olunduğu "hərəkata" müəyyən dairələr tərəfindən yaxşıca pul paylanılır. Ona görə də orada olanlara ən azından 1000 manat məvacib də ödənilir.
Eldarda fərasətə bax eee!
Ancaq bildiyimiz kimi, Müsavat başqanı İsa Qəmbər öz xəsisliyi ilə digər partiya sədrlərindən seçilənlərdəndir. Hətta partiyasında öz avtoritar idarəçiliyi altında işlətdiyi sıravilərə belə, heç olmasa ayda 100 manat maaş vermir. Ona görə də binəva müsavatçılar Eldarın pullarına şirniklənib qaçırlar onun yanına. Nəticədə, bu məsələ adam oğurluğu kimi qələmə verilir. Düz sözə başqa nə deyəsən ki? Yazıq Arif də elə bunu deyir daaa.
Təsəvvürünüzə gətirin, gündə bir iki dənə müsavatçı oğurlansa seçkilərə qədər İ.Qəmbərə səs verən də tapılmayacaq. Ona görə də bunun qarşısını almağa çalışırlar. Deyirəm Eldarda fərasətə bax eee!
Hətta belə getsə, Eldar yavaş-yavaş bu oğurluğunu AXCP-də, ADP -də, "Ümid"də, KXCP-də ALP-də, AMİP-də də reallaşdıracaq. Ona görə də həmin partiyaların sədrləri işlərini indidən bərk tutsunlar. Yoxsa E.Namazov yaman dadanıb adam oğurluğuna. Hətta ola bilər ki, partiyalarda oğurlanmamış adam qalmayandan sonra "EL" partiya sədrlərinin özlərini də oğurlayıb, yazacaq öz adına.
Nə isə, Allah axrını xeyirə calasın. Çünki belə şeylərin sonu yaxşı qurtarmır.
Müsavat başqanı başda olmaqla, o biri partiya sədrləri də yaxşı olardı ki, gec olmamış hüquq-mühafizə orqanlarına adam oğurluğuyla bağlı müraciət etsinlər. Yoxsa E.Namazov onların başına daha betər oyunlar aça bilər.