Bu günlərdə sosial şəbəkələrin birində maraqlı bir statusla qarşılaşdım. AXCP-dən olan gənclər sədrləri Əli Kərimlinin, eləcə də partiyanın fəaliyyətini müzakirəyə çıxarmış və "cəbhə" rəhbərliyini ittiham atəşinə tutmuşlar. Əslində, AXCP kimi siyasi təşkilat daxilində belə etirazlı müzakirələrin aparılması, gənclərin öz "liderlərini" ittiham etmələri gözlənilən hal idi. Çünki belə gənclər son məqamda hansı yanlış yolda getdiklərinin fərqinə vatmağa başlayıblar. Məsələn, "cəbhəçi" gənc yazır ki, "Əli Kərimlinin oğlu xaricdə kef edir, qızlarla əylənir biz isə ona görə küçələrə tökülüb həbs olunuruq".
Və maraqlısı da odur ki, "cəbhəçi" gəncin etirazlarına səs verən daha bir AXCP-çi cavab statusunda yazıb ki, Ə.Kərimlinin şəxsi ofisinə və biznes mərkəzinə çevrilmiş partiya rəhbərliyi bu ittihamlara cavab verməlidirlər. Çünki sədrin Londonda kef edən oğlu ilə yanaşı, onun müavini Asəf Quliyevin də övladı yaxın günlərdə Parisə köçüb. Satatusu olduğu kimi hörmətli oxucularımızın nəzərinə çatdırırıq: "Sədr müavini Asəf Quliyev də oğlunu Fransaya göndərib. Mən də bir "cəbhəçi" olaraq, onların bizlərə qarşı göstərdikləri laqeyd münasibətdən hiddətlənirəm..."
"BİZƏ NƏ DÜŞÜB Kİ, BAŞIMIZI POLİSİN DƏYƏNƏYİ ALTINA VERİRİK"
Lakin bu ərəfədə partiyanın gənclər təşkilatının sədri Əbülfəz Qurbanlı da facebookda gəclərin etirazlarına haqq qazandırıb: "...Ailəsini Londonda saxlayan, oğul-uşağını yağ-bal içində xaricdə böyüdən sədr və eyni addımı atan müavini də oğlunu Fransaya göndərməklə onları aksiyalardan yayındırırsa, onda bizə nə düşüb ki, başımızı polisin dəyənəyi altına veririk. Əgər siyasi mübarizənin bir yolu da küçə aksiyalarından keçirsə, onda sədr və onun müavinləri niyə öz oğlanlarını bu işdən yayındırıb xaricə yollayırlar? Bu, onların səmimi olmadığını göstərir."
Göründüyü kimi, artıq haqq-ədalət axtarışına çıxan "cəbhəçi" gənclər bütün həqiqətləri Ə.Kərimlinin üzünə deməyə başlayıblar. Belə başlanğıcın axrı isə yaxşı qurtarmır. Əgər nəzərə alsaq ki, "cəbhə" sədri həmin gənclərə dağıdıcılıq və radikallıq aşlılayıb, onda həmin zərbələrin hər biri onun üzünə-gözünə dəyəcək. Yaxşı olardı ki, üzüsulu ikən canını götürüb buralardan qaçsın.
Mən burada daha bir maraqlı məqama toxunmaq istərdim. Məsələn, gənclərlə yanaşı, Ə.Kərimlinin müavini Fuad Qəhrəmanlı da ötən günlərdə öz sədrinə ağıl öyrədib və məsləhətlər verib. Bu barədə dünənki köşə yazımda bəhs etmişdim. Nəticədə belə qənaətə gəlmək olar ki, gec-tez Ə.Kərimlinin kitabı bağlanacaq, ağzına isə qıfıl vurulacaq. Çünki göründüyü kimi onun öz partiyadaşları qarşısında danışmaq limiti və hüququ tükənib. Necə deyərlər, bir daş altda, bir daş da üstdə. AXCP-yə vəssəlam, şüttamam...