Son günlər "hüquq müdafiəçisi" Qurban Məmmədovun nəyə görə məhz AXCP sədri Əli Kərimlinin yanında tez-tez görünməsi yəqin ki, ictimaiyyəti də maraqlandırır. İctimaiyyəti maraqlandıran, daha dəqiq desək, insanlarda suallar doğuran nüanslardan biri də odur ki, nəyə görə məhz Qurban Məmmədov? Yəni bu günə qədər düşərgənin müxtəlif qütblərinə min bir cür fırıldaq və spekulyasiyalarla sırınan "hüquq müdafiəçisi" niyə birdən-birə "cəbhə" sədrinə bu qədər "yaxın", bu qədər "əziz" və bu qədər "arxa-dayaq" oldu? Məgər dünənəcən, məhz Ə.Kərimlini elədən-beləyə, belədən-eləyə sürükləyən, xəyanətlərədə suçlayan, təhqir edən məhz həmin bu Q.Məmmədov deyildimi? İndi nə oldu ki, Elçibəyin zəhərlənməsi faktı get-gedə təsdiqini tapdığı zaman, Q.Məmmədov dönüb oldu Ə.Kərimlinin sağ çiyninin üzərində dayanmış "qoruyucu mələk"? Vallah, səmimi görünmür və səmimi görünmədiyi kimi, şəxsən mənim onun açıqlamalarından, müsahibələrindən ətim tökülür, özü də kilo-kilo!
Baxın, "cəbhəyə" məxsus qəzetin səhifələrinə çıxan Q.Məmmədovun dediklərinə. Məsəlçün, deyir ki, "Hakimiyyət nokdaun vəziyyətindədir" (?-R.) Axı, hansı "nokdaun" vəziyyəti ola bilər ki, hazırda dağıdıcı müxalifət "liderləri" "vahid namizəd" problemini həll edə bilməməklə özləri öz təpələrində elə bir yumruq partladıblar ki, nəticədə, Q.Məmmədovun dediyi kimi, nokdaun deyil, məhz nokaut zərbəsinin acısını yaşayırlar. "Milli Şura", "EL" və digər qurumlar da bir tərəfdən zərbələri davamlı edir. Və belə nokaut zərbələri, əslində, 20 ilə yaxındır ki, onların təpələrini yaxşıca "tumarlayıb". Bu "tumarlamalardan" düzgün nəticə çıxarmağı bacarmayan "liderlər" düz 20 ildir ki, Qurban Məmmədov kimilərinin ucuz populizmləri ilə camaatın zəndeyi-zəhləsini aparılar.
"Hüquq müdafiəçisinin" bir az da irəliyə gedərək növbəti - "Əli Kərimliyə hər hansı sui-qəsd Azərbaycan hakimiyyətinin sonu deməkdir" tipli ifadəsini işlətməsi, sözün həqiqi mənasında, AXCP şousunun davamıdır desək, yanılmarıq. Çünki sui-qəsd məsələsi elə-belə, sıradan bir məsələ deyil. Və burada hər şey yalnız sui-qəsdlə bitmir. Yəni millət maraqlandıran sui-qəsdin kim tərəfindən reallaşdırılmasıdır. Əgər sən, Q.Məmmədov olaraq, iddia edirsənsə ki, Ə.Kərimliyə sui-qəsd düzənlənəcək, onda zəhmət buyur, sui-qəsdçi "cinayətkarın" adını da xalqa açıqla. Yox, açıqlaya bilmirsənsə, onda ortada gedib-gəlişliyinə də ehtiyac-filan qalmır. Düşünürsənsə ki, süni ajiotajlar yolu ilə Ə.Kərimlinin Elçibəyə qarşı törətdiyi zəhərlənmə cinayətini ört-basdır edəcəksən, burada ciddi yanılırsan, Qurban bəy! Çünki Elçibəyin həyatına düzənlənmiş sui-qəsdlə bağlı müvafiq orqanlarda kifayət qədər sübutlar, dəlillər toplanıb, araşdırmalar davam edir. Yaxın günlərdə məsələ ilə bağlı rəsmi açıqlama da olacaq. Onu da deyim ki, Q.Məmmədovun belə siyasi və süni ajiotajlara rəvac verərək, bu qədər cılız ittihamlarla çıxış etməsinin arxasında dayanan əsas məsələlərdən biri də Ə.Kərimlinin həmin cinayətdə, bilavasitə iştirak etməsidir.
Söz yox ki, uzun müddətdir siyasi fəallıqdan uzaq olan Q.Məmmədovun anidən ortaya çıxaraq, Ə.Kərimlinin "müdafiəçisinə" çevrilməsi arxasında həm də "cəbhə" sədrinin pul kisəsi dayanıb. Yəni Q.Məmmədovu danışdıran Ə.Kərimlinin pul-parasıdır. Müxalifətdə isə belə şeylər çox olur. Kimi danışdırmaq istəyirsənsə, buyur, haqqını ödə və danışdır. Fəqət, Ə.Kərimli Q.Məmmədovu ortaya atmaqla, əslində, mərhum Elçibəyi zəhərləyərək, həyatına sui-qəsd etdiyini etiraf edib. Q.Məmmədov isə, həmin etirafı daha da yəqinləşdirib. Sübut edib ki, Elçibəyi Ə.Kərimli öldürüb.
"Hüquq müdafiəçisinin" Ə.Kərimlinin həyatına heç bir təhlükə olmadığı halda, məhz "sui-qəsd" ifadəsini işlətməsi, guya "cəbhə" sədrinə qarşı sui-qəsdin olacağını iddia etməsi "cəbhə" sədrinin qabaqlayıcı tədbiri kimi də anlaşılır. Ə.Kərimli yaxşı bilir ki, prokurorluq tərəfindən aparılan araşdırmalar onun qatilliyini kifayət qədər aşkara çıxarır. Çıxardığına görə də, Q.Məmmədovu "Azadlıq" qəzetində "danışdırır". "Danışdırır" və "dedizdirir" ki, "Əli Kərimliyə hər hansı sui-qəsd Azərbaycan hakimiyyətinin sonu deməkdir" (?!-R.). Belə məqamda Q.Məmmədov unudur ki, Ə.Kərimli, nəinki Azərbaycan hakimiyyəti üçün heç bir şey kəsb etmir, üstəlik, belə bir fərdin adı hakimiyyət üçün üfüqdə belə görünmür. Ona görə də, AXCP sədrinin digər ucuz fərd tərəfindən bu qədər "önəmsilənməsi", bu qədər mətaha mindirilməsi onlardan fərqli olan normal düşüncəli insanlarda istehzadan başqa heç nə doğurmur və heç də doğurmayacaq. Çünki vaxt daralır. Vaxtın darlığı isə, Ə.Kərimli kimi siyasi fırıldaqçının nəfəsini təngidir, onu sıxıb-sıxışdırır. Seçkilərə isə, çox az qalıb...