PDF Oxu

Köşə

  • 1 100

İSTİRAHƏT HÜQUQU VƏ VƏTƏNDAŞLIQ BORCUMUZ

İSTİRAHƏT HÜQUQU VƏ VƏTƏNDAŞLIQ BORCUMUZ

Yəqin ki, əksər şəhər sakinləri şəhərimizin müxtəlif yerlərində göz oxşayan, hətta gözəllikləri ilə göz qamaşdıran park və xiyabanlarda öz asudə vaxtlarını səmərəli şəkildə keçirirlər. Təbii ki, bu amil, həm də vətəndaşlarımızın istirahət hüquqlarının normal şəkildə həyata keçirilməsidir. Qadınlar, qocalar, uşaqlar və valideynlər xoş saatlarını, ovqatlarını məhz dövlətin onlar üçün yaratdığı belə əsrarəngiz yerlərdə keçirirlər. Ancaq təəssüfedici məqamlar da mövcuddur. Burada bir arzuolunmaz amili hörmətli oxucularımızın diqqətinə çatdırmaq istərdim. Çox yəqin ki, orta yaşlı insanlar hələ sovet dövrlərində park və xiyabanlara qulluğun, abadlığın necə təmin olunmasını unutmayıblar. Bu baxımdan, yaşıl qazonların, ot örtüklərinin tapdanmasına görə müəyyən cəzalar tətbiq olunurdu. Lakin təəssüf ki, həmin cəza növlərinin tətbiqi qanunu olsa da, həyata keçirilmir. Şəxsən mən bir vətəndaş kimi davamlı olaraq bu halın şahidi oluram.

İş yerimin yaxınlığında yerləşən "Sahil" bağında dincəlməyə çıxarkən, nə görürəm? Bu sualın cavabını verdikdə, inanıram ki, bir çox oxucularım mənimlə razılaşar. Oturacaqlarda ətrafdan keçən insanları saymayaraq yayxanıb-uzananlar kim, yaşıl ot örtüklərində öz evlərindəki kimi ayaqlarını aralayıb xorhaxor yatanlar kim, həmçinin, gəzinti yerlərində az qala at boyda köpəklərini gəzdirmək adı ilə döyüşdürənlər kim və s.

Xüsusilə, diqqətçəkən məqamlardan biri yeniyetmə və gənclərin yaşlılara, uşaqları ilə gəzintiyə çıxmış valideynlərə saymazyana davranışlarıdır. Yuxarıda qeyd etdiyim kimi, yeniyetmə, gənc qızlar və oğlanlar hər kəsin gözü qarşısında yaşıl örtüklər üzərində uzanaraq, minbir cür oyundan çıxırlar. Maraqlıdır ki, belə olaylara cavab verəsi olan orqanlar baş verənlərə göz yumurlar. Ancaq bu, nə qədər çəkməlidir? Yəni insanlar parklara və xiyabanlara çıxarkən, belə mənzərələri görməyə borcludurlarmı? Məgər belə hallardan narahat olan insanların istirahət hüquqları pozulmurmu?

Yeri gəlmişkən, bir neçə gün öncə "Sahil" bağında rastlaşdığım bir hadisəni nəql etmək istərdim. Ağacın altında heç kimə fikir vermədən iki gənc bir-birinin ağzına girərək, sözün əsil mənasında, meymunluq edirdilər. Kənar səkidən keçən ağsaqqal bu gənclərə öz iradını bildirdi. Ancaq gənclər ona nə cavab versələr yaxşıdır? "Ay kişi, işin-gücün yoxdur? bəlkə öz yolunla gedəsən?" Ancaq ağsaqqal elə-belələrindən deyilmiş. Əlindəki əsanı onlara tərəf tuşlayan ağsaqqal hər iki gəncin davranışlarına uyğun cavablarını verdi və həmin uşaqlar yavaş-yavaş sivişib aradan çıxdılar. Bu məqamda ətrafdakı ot örtüyündə uzanan və insanların istirahət hüquqlarını pozan digərləri də bundan ibrət götürüb həmin ərazidən uzaqlaşmağa məcbur oldular. Maraqlıdır, görəsən, gündə neçə nəfər belə insan əsəb gərginliyi keçirərək, hirslənir? Yəqin ki, onların sayı çoxdur. Bəziləri həmin bu ağsaqqal kimi dillənir, bəziləri isə başlarını yelləyərək, susqun halda ötüb keçirlər. Ancaq unutmamalıyıq ki, bizim xalqımız bir millət kimi mənəviyyat, ləyaqət, şərəf faktorlarını daim uca tutmuş, ali dəyərlərə aid etmişdir. Məhz belə dəyərlərin pozulmaması naminə, məncə, kiçik hesab edilən belə halları pisləməliyik. Bu, həm də bizim vətəndaşlıq borcumuzdur.

Digər xəbərlər