Ölkənin baş reneqatı, kinodramaturq Rüstəm İbrahimbəyovun vəzifəsindən sui-istifadə edərək, bir sıra dələduzluq əməllərinə və vergidən yayınma hallarına görə ittiham olunması onun planlarını əməlli-başlı alt-üst edib. Binəva indi də "Mili Şura"nın təsis olunması istiqamətində Rusiyanın qaranlıq siyasi dairələri tərəfindən öhdəsinə götürdüyü təlimatları reallaşdıra bilmir. Artıq sözügedən siyasi dairələr İbrahimbəyovu yavaş-yavaş dalana dirəməkdədirlər. Ancaq məsələ yalnız bunda deyil. Maraqlıdır ki, R.İbrahimbəyov bir tərəfdən özünü "mələk" kimi "pak" göstərməyə çalışır, başqa tərəfdən də deyir ki, əgər o, Azərbaycana geri dönsə, axmaq olar. Həmçinin, iddia edir ki, Azərbaycana geri dönəcək. Bir sözlə, hətərəm-pətərəm bəyanatlar verən İbrahimbəyov heç özü də bilmir ki, nə danışır. Görünən budur ki, bu fərd sadəcə laqqırtı vurmaqla öz dar çərçivəsində "siyasətdə olmaq" görüntüsünü yaradır. Amma necə?
Yuxarıda qeyd etdiyim kimi, hazırda baş reneqatın boynunda çox ağır bir yük dayanıb. Cinayət yükü. Köhnə "Kinematoqrafçılar İttifaqı"na qarşı açılmış cinayət işi ilə bağlı Vergilər Nazirliyinin İstintaq İdarəsində araşdırma aparılır. Nazirliyin bu "ittifaqa" qarşı qaldrıdığı cinayət işi barədə rəsmi məlumatında bilidirilib ki, yoxlama nəticəsində vergi orqanına bəyannamə təqdim etməməklə 12373,56 manat məbləğində verginin dövlət büdcəsinə ödənilmədiyi aşkarlanıb və CM-nin 213.1-ci maddəsi ilə cinayət işinə başlanıb. Eyni zamanda, istintaqın gedişində müəyyən olunub ki, nəqliyyat vasitələrinin "ittifaqa" icarəyə verilməsi barədə sənədlər tərtib olunmaqla 22000,00 manat məbləğində vəsait talanıb və artıq faktla bağlı "Kinematoqrafçılar İttifaqı"nın rəhbərliyi tərəfindən kinofestivalın keçirilməsi üzrə səlahiyyətli nümayəndə təyin olunmuş Lalə Əfəndiyevaya qarşı CM-in 179.3.2-ci maddəsi ilə ittiham elan olunub.
Bəri başdan deyə bilərik ki, R.İbrahimbəyov reneqat, xəyanətkar olmaqla yanaşı, həm də el dili ilə desək, "işverəndir". Gəlin haqqına danışaq və İbrahimbəyova sual ünvanlayaq ki, ay qoca quldur, axı binəva xanımın, yəni toruna salaraq cinayətlərinə bulaşdırdığın L.Əfəndiyevanın günahı nə idi ki, indi sənin sayəndə həbsdə yatır? Əgər sən Rüstəm İbrahimbəyov olaraq bu qədər mənəviyyatlı, bu qədər təmiz və bu qədər şərəfli adamsansa, gayıt ölkənə və öz günahsızlığını xalqın, qanunun qarşısında kişi kimi sübuta yetir. Daha həbsə atdırdığın xanımın arxasında gizlənərək, boş-boş bəyanatlar-filanlar səsləndirmə. Onsuz da sənin kim olduğun hər kəsə kifayət qədər bəllidir.
Yox, geri dönmək fikrində deyilsənsə, "Orada mənlik bir iş yoxdur" deyib, yaxanı kənara çəkmə. Yaxud da "Gec-tez bu cinayət işini bağlayacaqlar. Çünki əsası yoxdur" proqnozunu önə sürərək, dəlilsiz, faktsız, sübutsuz laqqırtılar vuraraq, camaatın zəndeyi-zəhləsini aparma. Ən azından, yaşından-başından utan! Hərgah, səndə utanıb-qızaran sifət, mərifət ümumiyyətlə, görünmür.
Qaldı ki, "Milli Şura" məsələsinin necə və nə cür reallaşdırılmasına, onu bil ki, yaxın günlərdə "böyük ümidlər" bəslədiyin Eldar Namazov da sənin başına oyun açacaq. Özü də elə bir oyun ki, bundan cuşa gəlib, ermənilərlə böyük metrajlı bədii film də çəkəcəksən. Yeri gəlmişkən, sənin çox sevdiyin və baş əydiyin Əkrəm Əylisli də həmin filmdə baş rol ifaçısı ola bilər. Axı o da artistlik məharətinə malik olan fərdlərdəndir! Nə isə, mövzudan yayınmayaraq, R.İbrahimbəyova sonuncu məsləhət: əgər günahkar deyilsənsə, gəl. Gəl və yeni-yeni sürprizlərlə qarşılaş. Axı sən müsahibələrinin birində demişdin ki, yaman sürprizsevənsən...