PDF Oxu

Köşə

  • 1 234

"GÖZÜN AYDIN", ANTİ-MİLLİ ŞURA!

"GÖZÜN AYDIN", ANTİ-MİLLİ ŞURA!

Bu sövdanın baş tutmayacağı, əslində, daha öncədən bəlli idi. Hətta vəziyyət o qədər açıq-açığına idi ki, "Milli Şura" deyilən anti-milli şuranın ərsəyə gələ bilməyəcəyini müxalifət özü də etiraf edirdi. Təbii ki, haqlı söz hətta düşmən desə belə, yenə də haqlı sözdür. Amma kimə deyirsən?

Rüstəm İbrahimbəyov Moskvada oturub "Milli Şura" ayın 28-də elan olunacaq" iddiasını irəli sürəndə, Eldar Namazov İbrahimbəyovun sözlərini tutuquşu kimi orda-burda təkrarlayanda, AXCP sədri Əli Kərimli təsis olunmayacaq qurumu "xilaskar" adlandıranda da gün kimi aydın görünürdü ki, bu kimi iddialar sadəcə populizm, pafos və yekəxanalıqdan başqa heç nə deyil. Və nəhayət...

HEÇ BİR "EFFEKT" VERMƏYƏN İXTİRA

Nəhayət, o gün gəldi, AXCP, Müsavat, "EL" hərəkatının sədri Eldar Namazov yığışdılar Novxanıya və başladılar həmin sözləri orada təkrarlamağa. Nəticədə, məlum oldu ki, "Milli Şura"nın təsisi qalıb qeyri-müəyyən vaxta. Yəni bu qurum, ümumiyyətlə, əmələ gələn zada oxşamır.

ACP sədri Sülhəddin Əkbər iddia edəndə ki, "Milli Şura" və orada toplaşanlar həqiqətən də Rusiyanın qaranlıq siyasi dairələrinin təlimatlarını almırsa, ACP orada təmsil oluna bilər, onda E.Namazov da qaydıb deyib ki, bu kimi müzakirə siyasi təşkilatlar yalnız şuraya daxil olduqdan sonra aparıla bilər. Demək, belə çıxır ki, cəmiyyətə anti-milli şura təsirini bağışlayan "Milli Şura" ideyası həqiqətən də Kreml dəhlizlərində "ixtira" olunub. R.İbrahimbəyova isə təlimat verilib ki, nəyin bahasına olursa-olsun, oraya çoxlu siyasi təşkilatları cəlb etsin. Lakin bu xülya baş tutmadı. Yalnız iqtidar deyil, eləcə də müxalifət siyasi təşkilatları Kremlin "ixtirasına" arxa çevirərək, milli ideyaya, milli dövlətçiliyə xəyanət etmədilər. Ancaq bu "ixtira" necə deyərlər, heç bir effekt vermədi.

BUNA CÜRƏT VƏ İRADƏ LAZIMDIR

Bu zaman sual yaranır: nəyə görə R.İbrahimbəyov, E.Namazov, Ə.Kərimli, İ.Qəmbər özlərinə bu qədər inanaraq, xalqa, dövlətə qarşı növbəti xəyanətlərini işlətdilər? Cavab sadədir. Onların xəmirləri xəyanətlə yoğrulub. Hətta xəmirlərinə tökülən su da haram sudur ki, indi də qıcqırıb. Mayın 28-i nə "Milli Şura" elan edildi, nə də Rusiyanın qaranlıq siyasi dairələrinin arzuları çin oldu. Olan budur ki, indi ətraflarında olan beş-on nəfər də onlardan uzaqlaşacaq. Çünki ziyanın yarısından qayıtmaq da fəzilətdir.

İndi bunlar başlayacaqlar mətbuata çıxmağa və yekə-yekə danışmağa ki, guya "Milli Şura"nın yaranmasının qarşısını iqtidar kəsib və s. Amma bir dəfə də kişilik edib deməyəcəklər ki, onların "ideyaları" iflasa uğradı və bu əməllərinə görə peşmandırlar. Əsla deməyəcəklər! Əsla etiraf etməyəcəklər! Çünki buna da cürət, iradə lazımdır! Cürət və iradə isə yalnız şərəfli, mənəviyyatlı, mərd və ləyaqətli şəxsiyyətlərdə olur. Daha milli xəyanətkarlarda yox!

Bir sözlə, "gözün aydın", anti-milli şura, arzun həm sənin, həm də Şimal "qospodinlərinin" gözündə qaldı...

Digər xəbərlər