PDF Oxu

Köşə

  • 2 778

YAXŞI YOL...

YAXŞI YOL...

Müsavat başqanı İsa Qəmbər "vahid namizədliyə" gedən yolda ACP "lideri" Rəsul Quliyevdən şok zərbə alıb. Yəni R.Quliyev "Milli Şura"da Müsavat başqanının "vahid namizəd" olmasına qarşı çıxıb və bununla da uzun sürən ACP-Müsavat qarşıdurması öz pik nöqtəsinə çatıb. Ancaq görünən budur ki, kimin hansı qurumu, ya da partiya sədrini dəstəkləməsindən asılı olmayaraq, bu seçkilər "liderlərə" ötənkilərdən daha rüsvayçı hadisələr vəd edir. Əslində, R.Quliyevin R.İbrahimbəyovu dəstəkləməsi xəbəri də kifayət qədər müəmmalı görünür. Necə oldu ki, İbrahimbəyov ABŞ-a səfər etməyənə qədər ACP "lideri" özünün namizədliyini irəli sürəcəyini bəyan edirdi. Hətta ənənəvi müxalifəti elədən-eləyə, belədən də beləyə yıxıb sürüyən R.Quliyev bundan sonra heç kimə dəstək verməyəcəyini dəfələrlə vurğulayırdı. Lakin birdən...

Əgər sən R.İbrahimbəyovun "vahid namizədliyini" qəbul etməsən...

Birdən onun İbrahimbəyovun kölgəsinə sığınması belə bir faktı üzə çıxardı. Məlum oldu ki, İbrahimbəyov ABŞ-a gedərkən, ACP "liderinə" Rusiyanın qaranlıq siyasi dairələrinin "tövsiyyələrini" çatdırıb. Daha dəqiq desək, həmin "tövsiyyələr" ona ultimatum şəklində verilib. Deyilib ki, əgər sən R.İbrahimbəyovun "vahid namizədliyini" qəbul etməsən, yer üzünə cənabi Əzrayılın qucağında baxacaqsan. Beləliklə də, o, təhdidlər nəticəsində sözügedən bəyanatını yaymağa məcbur olub. Necə deyərlər, can şirin nemətdir axı...

İndi binəva İsa Qəmbər dad edib dizinə döyür ki, axı nəyə görə ACP ilə münasibətləri gərginləşdirib və belə bir çıxılmaz vəziyyətə düşüb. Hətta AXCP sədri Əli Kərimli də üç hoppanıb, bir dombalaq aşır ki, oooxxx. Nə yaxşı oldu İsaya, indi get "vahid namizəd" ol görüm necə olacaqsan? Daha "cəbhə" sədri bilmir ki, İsanın, hər zamanlarda olduğu kimi, bu seçkilərdə də ona düşmən kəsilənlərlə bağlı müəyyən planları var.

İpli kuklaların çürümüş ipləri

Məsələn, bir də gördün ki, İsa "bəy" anidən durub dedi ki, bəs mən də "vahid namizəd" məsələsində R.İbrahimbəyova güzəşt edirəm. Ancaq son məqamda, yəni təbliğat və təşviqatın şıdırğı vaxtında məlum olacaq ki, Müsavat partiyası daha bir neçə partiya ilə yanaşı seçkiləri boykot edir və heç kimi dəstəkləmir. Bununla da həm "Milli Şura"nın həm də Ə.Kərimlinin ayaqları qalacaq havada. Bax, onda İ.Qəmbər özünü qurban verməklə, ənənəvi müxalifəti də qurban verəcək öz qisasçılıq maraqlarına. Həm də ki, belə şeyləri Müsavat başqanından gözləmək mümkündür, özü də nə qədər desən!

İndi, kim-kimi dəstəklədi, kim-kimə "vahid namizəd" olamaq üçün güzəştə getdi" məsələsi arxasında çox müəmmalar dayanıb. Amma görünən budur ki, 2013-cü il seçkilərini haraya fırladırsan fırlat, bu, müxalifətə, onun "liderlərinə" heç də yaxşı olaylar, nəticələr vəd etmir. Maraqlısı da odur ki, belə oyunbazlıqlar ənənəvi müxalifətdəki ipli kuklaların çürümüş iplərini lap dibindən qıracaq. Bax, onda bu siyasi oyuncaqların yararsızlığı öz təsdiqini tapmaqla yanaşı, onları zibil yeşiyinə qədər müşaiyət edəcək. Elə isə, yaxşı yol...

Digər xəbərlər