PDF Oxu

Köşə

  • 1 502

YENİ "MEHRİBAN DÜŞMƏNLƏR"

YENİ "MEHRİBAN DÜŞMƏNLƏR"

Hər kəsə gün kimi aydındır ki, Müsavat başqanı İsa Qəmbərlə AXCP sədri Əli Kərimli 20 ildir ki, "mehriban düşmənlər" sayılırlar. Onların bir-birlərini nüfuzdan salmaq üçün gizli savaş apardıqlarına aid çoxlu faktlar, kifayət qədər dəlillər və sübutlar mövcuddur. Ancaq bu dəfə, sözügedən siyahıya yeni sima(sız - R.) əlavə olunub. Müşahidəçilərin qənaətinə görə, artıq Müsavat başqanı İ.Qəmbər "Milli Şura"nın sədri seçilən Rüstəm İbrahimbəyovu da "mehriban düşmən" gözündə görür və ona qarşı "tarixi Əli Kərimli siyasəti" aparır.

Bunu İ.Qəmbərin "İctimai Palata"dakı son çıxışındakı fikirlərindən də görmək mümkündür: "Vahid namizəd" olacaq şəxs Azərbaycanda olmalıdır. "Vahid namizəd" olacaq şəxs "vahid namizədliyi" ilə bağlı iddiasını ortaya qoymalıdır. Namizəd olmayan şəxs nə cür "vahid namizəd" ola bilər? Bugünkü məsuliyyəti, ağırlığı boynuna götürməyən şəxs nə cür bizim yekdil namizədimiz ola bilər?"

Açıqlamalar və bəyanatlar Müsavatın "Milli Şura"ya qarşı hücumunun təzahürləri deyilmi?

Göründüyü kimi, əslində, Müsavat başqanı bununla geri çəkilməyəcəyini iddia etməklə yanaşı, Allahtərəfi haqlı sual ortaya qoyur. Yəni R.İbrahimbəyovu özünə yeni "mehriban düşmən" seçdiyini bəyan edir. Çünki o da məlumdur ki, "Milli Şura"da "vahid namizədliyə" iddialı olan R.İbrahimbəyov hazırda xaricdə yaşayır və cinayət məsuliyyətinə alınmaqdan qorxduğuna görə ölkəyə dönməkdən müxtəlif üsullarla boyun qaçırır. Hətta Müsavat təmsilçiləri artıq mediada İ.Qəmbərin "Milli Şura"dan "vahid namizəd" olmasında israrlı olduqlarını gizlətmirlər. Məncə, bir neçə gün sonra "Yeni Müsavat" qəzeti də onunla bağlı "zəhmətkeş məktubları" tipli məqalələr dərc edəcək. Artıq bu başlanğıcın ucu görünməkdədir. Məsəlçün, Müsavata yaxın mətbu orqanlarda, saytlarda və sosial şəbəkələrdə R.İbrahimbəyovun Bakıya qayıtmayacağı ilə bağlı məlumatlar sızdırılmaqdadır. Həmin məlumatlarda vurğulanır ki, artıq R.İbrahimbəyovun adı "vahid namizədliyə" iddialıların siyahısından çıxarılıb. Belə olanda müsavatçılar diqqəti İ.Qəmbərə yönəltmək üçün müxtəlif cür biclik vasitələrinə əl atırlar. O günləri isə Müsavat başqanının müavini Gülağa Aslanlı bildirib ki, İ.Qəmbərin "vahid namizəd" olması məsələsi gündəmdədir. Bu, həm də R.İbrahimbəyovun Azərbaycana gəlib - gəlməməsindən asılıdır. Yəni R. İbrahimbəyovun Bakıya dönməyəcəyi təqdirdə, İ.Qəmbər qeyd- şərtsız düşərgənin "vahid namizəd"i seçilməlidir.

Hikmət Hacızadə isə Müsavat başqanının müavini olaraq daha sərt bəyanatla çıxış edib. O bildirib ki, əgər İ.Qəmbər "vahid namizəd" olmasa, onda "Milli Şura" da olmayacaq. Məgər bütün bu kimi açıqlamalar və bəyanatlar Müsavatın "Milli Şura"ya qarşı hücumunun təzahürləri deyilmi?

II Nikolay dirilib qəbirdən xortlasa da ...

Nəticədə, "El" hərəkatı ali məclisinin sədri, "Milli Şura" üzvü Eldəniz Quliyev deyib ki, qurumda İ.Qəmbərin "vahid namizəd" olması müzakirə olunmayıb: "Milli Şuranın növbəti toplantısı bu günlərdə olmalıdır. Ola bilsin ki, kimsə arzusunu reallıq kimi qələmə vermək istəyir".

Necə deyərlər, bu da bu! Yəni vurhavur indi başlayır və bu damba-durumun axrı yaxşı görünmür. Çünki E.Quliyev Müsavatın iddialarına cavab olaraq, İ.Qəmbəri ağılsız adlandırır: "Ancaq istək, arzu, həvəslə bu cür münasibət sonda məğlubiyyətlə nəticələnə bilər. Gəlin ağılla yanaşaq proseslərə"-deyə İ.Qəmbərin "vahid namizədliyi" məsələsi haqqında danışarkən bildirib.

Beləliklə, Fatma cijimiz demişkən, vəziyyət naqolaydır. Hətta Rusiya İmperiyasının sonuncu çarı II Nikolay dirilib qəbirdən xortlasa da "Milli Şura"da "vahid namizəd" problemi həll olunmayacaq. Üstəlik, "mehriban düşmənlər"in də sayı artmaqda davam edəcək.

Digər xəbərlər